Xocalının qisasını alan Vətən Müharibəsi Qəhrəmanı - VİDEO+FOTOLAR

Xocalının qisasını alan Vətən Müharibəsi Qəhrəmanı -  VİDEO+FOTOLAR
  06 Yanvar 2021    Oxunub:35079
"Sonuncu dəfə sağollaşıb gedəndə aşağı düşmək üçün liftin düyməsini basdı və sonra əlini çəkib geri qayıtdı. Heç vaxt kövrəlməmişdi. Bu dəfə kövrəldi. Dedi, mənə söz ver ki, necə güclü olmusansa, elə də güclü olacaqsan. Gözü doldu və getdi".
Vətən müharibəsində qəhrəmanlıqları ilə yaddaşlarda qalan igidlərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Mehrab Niftəliyevdir. Ona uğurlu döyüşlərinə görə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Baş gizir Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrunda savaşıb, noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.



Azvision.az-ın əməkdaşı şəhidin evinə baş çəkərək, onun həyat yoldaşı Vüsalə Niftəliyeva ilə həmsöhbət olub.

Vüsalə Niftəliyeva: “Mehrab 1985-ci il mayın 13-də Quba rayonunun Qamqam кəndində anadan olub. 2002-ci ildə Mübariz Abdullayev adına orta məktəbi bitirib və hərbi xidmətə yollanıb. Hərbi xidmət dövründə xüsusi təyinatlılara seçilib və orada qalıb. 17 il idi ki, xidmət edirdi. Aprel döyüşlərində də bir neçə ağır əməliyyatlarda iştirak etmişdi. Uğurlu döyüşçü kimi təltif olunmuşdu. Ötən ilin payızında Ali Baş Komandan tərəfindən qüsursuz xidmətinə görə təltif edildi.



Mehrab həmişə müharibədən, şəhidlikdən danışırdı. Özü də sanki tələsirdi. Deyirdi, müharibə olsun, torpaqlarımızı azad edək. Qarabağın işğalda olmağı ona hərbçi kimi çox pis təsir edirdi. Müharibəyə hazırlaşırdılar, bütün günü təlimlərdə olurdu. Bu ilin avqust ayında söhbət etdik, dedi ki, müharibə başlasa, mənim şəhid xəbərimə hazır ol, möhkəm dayan. Sentyabrın 19-da bir daha bu mövzuda danışdıq, müharibənin artıq qaçılmaz olduğunu bildirdi. Hətta şəkilə kimi çıxarıb qoydu ki, şəhid olacağam və bu şəkilimi böyütdürərsən. Bildirdi ki, sən dünyanın ən xoşbəxt qadını olacaqsan. Bundan sonrakı həyatımı şifahi ssenari kimi yazıb qoydu. Heç vaxt qayıdacağı ilə bağlı ümid vermədi. Dedi, qismətdə varsa, qayıdacağam. Amma sən hazır ol".



Şəhid xanımının sözlərinə görə, müharibə vaxtı cəmi 3-4 dəfə Mehrabla danışa bilib. Sonuncu zəng oktyabrın 31-də olub:

"Dedi ki, Şuşaya giririk, mənim buradan qayıdışım olmayacaq. Səsində qəribə həyəcan, təlaş var idi. Çalışdı ki, biruzə verməsin, amma mən onu hiss etdim. Dedim, artıq yorulmuşam, bitsin, qayıt gəl. Cavab verdi ki, sən güclü insansan, Vüsalə tükənibsə, mən orada ikinci Mehrabı qoyub gəlmişəm. Səndə Mehrabın gücü var.

Bu söhbətimizdən sonra 8 gün idi ki, ona zəng çatmırdı. Əlaqə saxlaya bilmirdik. Noyabrın 9-u səhər saat 8-in yarısı Mehrabın şəhid olma xəbəri gəldi. Noyabrın 8-i Şuşada, şəhərin özündə artilleriyadan atəş açılıb, ayağından açıq qəlpə yarası alıb, daxili qanaxma baş verib və həyatını xilas etmək mümkün olmayıb”.



Mehrab Niftəliyevlə birgə vuruşan XTQ döyüşçüsünün (hazırda xidmətdə olduğundan adının açıqlanmasını istəmədi - red) xatirəsi:

“Biz 15 il birgə xidmət etmişik. Tərəddüd etmədən tapşırıqları yerinə yetirirdi. Əsl döyüş yoldaşı idi. Heç kimi çıxılmaz vəziyyətdə qoyub getməzdi. Yaralılara əlindən gələn köməyi edirdi. İnsanı döyüş meydanında tanımaq olur. Vətən müharibəsində etdiyi qəhrəmanlıqlar sözlə deyiləsi deyil.

Qırmızı bazar deyilən tərəfə hərəkət edirdik. Füzulidən Şuşaya doğru istiqamət almışdıq. Ermənilər səngəri, əşyalarını qoyub qaçmışdılar. Biz həmin səngərə çatdıq. Mehrab da arxadan gəlirdi. Qəfildən başqa bir yerdən erməni minomyotları bizə atəş açmağa başladı. Atış başlayanda yarı hissə səngəri tərk edə bildi, digər hissə oradan çıxmağa imkan tapmadı. Növbəti atışda düşmən səngərin içini vurdu. Onda Mehrab da daxil olmaqla döyüş yoldaşlarımız yaralandı, bir nəfər şəhid oldu. Mehrab özü zədəli olmasına baxmayaraq, diz nahiyəsindən yaralanan yoldaşımıza ilkin tibbi yardım göstərib, ağrıkəsici vurub və qanaxmanın qarşısını alıb. O, digər yaralılarla birgə hospitala aparılmışdı. Orada bir neçə gün qaldıqdan sonra həkimlərin təkidinə baxmayaraq, demişdi ki, mən gedirəm, döyüş yoldaşlarım oradadır. Şuşaya hücum istiqamətində gəlib özünü bizə çatdırmışdı.



Noyabrın 5-i dan yeri ağaran kimi hərəkət etdik. Hərəkət istiqamətimiz sıldırım qaya, ağaclıq, kol-kos, bir sözlə, çox çətin idi. Səhər tezdən Şuşada alacağımız yüksəkliyə çatanda mən yaralandım. Mehrabgil arxadan gəlib dikə çıxmağa, əşyalarımı qaldırmağa kömək etdilər. Daha sonra onlar şəhərə hücum etmək üçün aşağı düşdülər, mən yaralı idim deyə dikdə qaldım. Oradan Şuşanı görürdüm. Mehrab sonuncu dəfə ayın 5-i günorta geri qayıtdı, silahları götürdü. Mənə dedi ki, sən gəlmə, bu ayaqla gedə bilməyəcəksən. Noyabrın 6-sı uşaqlarla maraqlandım, dedilər, hamı salamatdır. Ayın 11-i məni təxliyə etmişdilər, Füzulidə idim. Onda eşitdim ki, Mehrab şəhid olub.

Erməni tankı Şuşaya girməyə cəhd edirdi, gəlib atıb qayıdırdı. Bizim yerimiz sıldırım qayalıq olduğuna görə yaxşı mövqelənə bilmirdik. O ərəfələrdə Mehrabı vurublar, yara dərin olduğuna görə xilas etmək mümkün olmayıb”.



Şəhidin həyat yoldaşı Vüsalə Niftəliyeva ilə söhbətimizi davam etdiririk.

Şəhid xanımı: "Sentyabrın 21-i evimizə bazarlıq edirdik. Yoldaşım Şuşaya aparmaq üçün bayraq aldı. Dedi, Allah mənə bu bayrağı Şuşada sancmağı qismət etsin. Qismət oldu, arzusuna çatdı, amma bizim arzumuz yarımçıq qaldı. Sonuncu dəfə sentyabrın 22-si sağollaşıb gedəndə, aşağı düşmək üçün liftin düyməsini basdı və sonra əlini çəkib geri qayıtdı. Heç vaxt kövrəlməmişdi. Bu dəfə kövrəldi. Dedi, mənə söz ver ki, necə güclü olmusansa, elə də güclü olacaqsan. Gözü doldu və getdi.

Biz şimal zonasındanıq. Ancaq Mehrab sanki qarabağlı idi. İçində Qarabağ həsrətini daşıyırdı. Ona ar gəlirdi ki, bizim rayonumuz var, amma Qarabağ camaatı qaçqın düşüb.

Döyüş yoldaşları onun qəhrəmanlıqlarından ağız dolusu danışırlar. Onlara Mehrab kimi silahdaşı itirmək çox çətindir. Bildirirlər ki, dağa dırmaşanda Mehrab üstündə ərzaq yox, ancaq silah götürürmüş və yorulmadan Xocalının qisasını alırmış. Oktyabrın 22-si səngərdə qəlpə yarası aldıqdan sonra əli sarıqlı vəziyyətdə Şuşa döyüşlərinə qatılıb. Xəstəxanada həkimlər nə qədər cəhd etsələr də, onu saxlaya bilməyiblər”.



Vüsalə Niftəliyeva həyat yoldaşının sağlığında övladlarına bağlı olduğunu sözlərinə əlavə edib.

“Çox ciddi, o qədər də həyatsevər, həyat dolu insan idi. Ailəsinə vaxt ayırırdı, uşaqların dərslərinə kimi maraqlanırdı. Çox gözəl ata idi. 3 övladımız - iki oğlumuz, bir qızımız var. Qızım Ləman onun üçün ayrı bir aləm idi. Bir-birlərinə çox bağlı idilər. Həmişə deyirdi ki, uşaqlarım oxuyub Vətəni idarə edən şəxsiyyətlərdən olsunlar. Ləmanı ingilis dili üzrə tərcüməçi görmək istəyirdi. Mən onun bütün arzularını gerçəkləşdirəcəm”.

Mehrab Niftəliyevin ən böyük arzusu işğal altında olan torpaqlarımızı azad etmək və Xocalı faciəsinin qisasını düşməndən almaq idi. O, bu amal uğrunda qəhrəmancasına vuruşaraq arzusuna çatdı...































































Şahanə Rəhimli
Azvision.az


Teqlər: Şəhid   XTQ   MehrabNiftəliyev  





Xəbər lenti