AzVision: Siçanı yola salırıq. İlin şərhi - VİDEO
Demə Qoq:
- Biz yazıqlar heç il gördük ki?! Siçan ili başlar-başlamaz hamımızı elə siçan kimi soxdular deşiyə, bir də gördük ki, ilin axırıdır.
1. Fəlakətlərlə başlayan il
2020-ci il elə ilk günlərindən qan-qada, fəlakətlərlə başladı. Və elə ilin ilk günlərində çoxları deyirdi ki, əvvəli bu cür başlayıbsa, dalı yaman gələcək. Maraqlıdır ki, ilin ilk və ən bəd hadisələri bizim qonşuluqda, necə deyərlər, lap qulağımızın dibində baş verdi: Yanvarın 3-də Amerika Birləşmiş Ştatlarının Bağdada endirdiyi aviasiya zərbələri nəticəsində İran hərbiyyəsinin ən nüfuzlu simalarından biri, ölkənin əsas hərbi strateqlərindən sayılan general Qasım Süleymani həlak oldu.
Demə Qoq:
- Yadımdadır, yadımdadır... Bizdə də o hadisə böyük hay-küyə səbəb olmuşdu. İranmeyilli dindarlar başladılar Qasım Süleymani üçün yas saxlamağa. Onun şəklini profillərinə qoydular. Buna görə çoxları onları qınadı. Bir sözlə, aləm qarışdı.
Maraqlıdır ki, bununla bağlı çox ciddi məqsədlə çəkilən təbliğat şəkilləri tezliklə memə çevrildilər. Məsələn, o şəkillərin birində Cənnətə gedən Qasım Süleymanini üzü görünməyə hansısa övliya qucaqlayırdı. Sonradan kim ölürdüsə, sosial şəbəkə dəcəlləri onu bu şəklə kollaj edərək, mem düzəldirdilər. Bu hadisə bir də ilin sonunda yada düşəcəkdi: Ərdoğanın Bakıda “Arazı ayırdılar...” şeirini deməsinə İranın kəskin reaksiya verməsindən sonra sosial şəbəkə xatırlayacaqdı ki, Tehran heç ən önəmli generalının qətlə yetirilməsinə bu cür kəskin yanaşmamışdı.
Siçan:
- Əslində onlar düz demirdilər. Cavabında İran da ABŞ-ın iraqdakı bazalarına raket zərbələri endirmişdi. Yadınıza salın, sonra Tramp hədələyici tvitlər silsiləsi yazdı. Çoxları qorxurdu ki, dünya yeni qlobal müharibə ilə üzləşə bilər. Amma hər şey Amerikanın İrana qarşı sanksiyaları sərtləşdirməsilə qurtardı.
İlin ilk günlərinin tək faciəsi bu deyil. Cəmi 5 gün sonra, yanvarın 8-də İranın hava hücumundan müdafiə qüvvələri yanlışlıqla Tehranın üzərində Ukraynaya məxsus Boeing-737 təyyarəsini vurdular. 176 nəfərin həlak olması ilə nəticələnən bu dəhşətli faciə Azərbaycanın sosial şəbəkəsində də böyük reaksiya doğurmuşdu. Xüsusilə də istifadəçilər qəzadə həlak olan gənc ukraynalı stüardessa xanımın şəklini paylaşaraq, soruşurdular ki, axı buna necə qıymaq olar?!
Və yenə də cəmisi 3 gün sonra bütün ilə möhürünü vuracaq hadisə baş verdi: Çinin Uhan şəhərində koronovirusdan ilk ölüm qeydə alındı. O vaxt biz hələ bilmirdik ki, ilin sonuna qədər həmin rəhmətlik daha milyon yarım insanı özü ilə aparacaq, yoluxanların sayı isə 70 milyona yaxınlaşacaq.
2. Dünyada ilin sözü
Dünyada belə bir ənənə var: Bəzi məşhur ensiklopediyalar, lüğətlər, institutlar ilin sonunda həmin ilin sözünü seçirlər. Bu il seçilən sözlər belədir: Kollinz lüğətinə görə “Lokdaun”, Uebster lüğətinə görə “pandemiya”, Puşkin adına Rus Dili İnstitutunun versiyasına görə “самоизоляция», yəni özünütəcrid...
Demə Qoq:
- Maraqlıdır, bəs Nəsimi adına Dilçilik İnstitutuna görə ilin sözü hansıdır? Yəqin ki, “ipəzor” olar. Ya da Süranə...
- Yox, onlar keçən il olmuşdu. Azərbaycanda ilin sözü payızda bilindi. Məlum oldu ki, doğrudan da, cücəni payızda sayarlar. Amma dünyada bu, sözsüz ki, koronovirus və onunla bağlı kəlmələr idi. Mart ayından başlayaraq, Dünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında ölkələr bir-birinin ardınca özünütəcrid və qapanma rejiminə keçdilər. Planet indiyə qədər belə bir şey görməmişdi. İqtisadi aktivlik kəskin azaldı, neftin qiyməti sürətlə düşərək, 30 dolların altına endi. Koronavirusun bu bir ildə dünya iqtisadiyyatına nə qədər zərər vurduğu dəqiq bəlli deyil, amma ayrı-ayrı ekspertlər 7 trilyon dollar ətrafında rəqəmlər səsləndirirlər.
Demə Qoq:
- O günlər getsin gəlməsin. O, nə idi elə, aman-aman... “Evdə qal” kampaniyaları, balkon konsertləri, polisə zibil atanlar, onların cəzalandırılması... Cerri, səni heç vaxt bağışlamayacağam! Səni pişiyimə yedizdirəcəyəm!
Siçan:
- Gücün elə mənə çatır? Mən Allahın fağır heyvanıyam. Gələn il öküz ilidir. Bacarsan, gücünü ona göstərərsən!
- Təəssüf ki, Cerri ən azı pandemiya kontekstində haqlıdır. Onun fəsadları yeni başlayacağımız ildə özünü qlobal böhran kimi də göstərə bilər. Və Bloomberg agentliyinin bir ehtimalına görə, 2025-ci ilə qədər Koronavirisun dünya iqtisadiyyatına vurduğu ümumi zərər 35 trilyon dollara yaxınlaşacaq.
3. Səs 2020
Fevralda Azərbaycandakı başqa bir hadisə sivişərək, yanvardakı faciələrlə martdakı pandemiyanın arasına girə bildi – Parlament seçkiləri. Bu, maraqlı və qəribə seçki idi. 2019-cu ilin geniş islahatlar dalğasının ardınca gəlməsi ona böyük diqqət və müxtəlif ictimai-sosial zümrələrdə iştirak həvəsi yaratmışdı. Nəticədə bir tərəfdən, əvvəlkilərlə müqayisədə iştirakçıların sayı xeyli çox idi. 125 mandatın uğrunda 1314 iddiaçı mübarizə aparırdı. İkincisi, bu, sosial şəbəkənin daha sıx nəzarəti və sosial şəbəkədə fəal olan, o məkanda tanınan şəxslərin kütləvi iştirakı ilə keçən ilk seçki idi.
Demə Qoq:
- Yaxşı yadımdadır, mən də namizədliyimi vermişdim.
Bir yenilik də o idi ki, bu dəfə bəzi şəxslər məhz seçkini trollamaq məqsədilə namizədliklərini vermişdilər. Maraqlı və qeyri-adi seçki plakatları da bu dəfə daha çox idi.
Demə Qoq:
- Sumqayıtda bir namizəd var idi e, yazmışdı ki, “Səs verin, dadınıza YETİM”. Bax, o, əla ideya idi.
Geniş götürəndə isə iştirakçıların çoxu reallıq hissini itirmiş və sosial şəbəkədə layk almaq ilə qutunun başında səs almağın arasında birbaşa korrelyasiyanın olduğunu zənn etməyə başlamışdılar. Sonda hər şey onunla qurtardı ki, növbədənkənar olmasına baxmayaraq, bu seçki parlamentin köhnə tərkibində elə bir ciddi dəyişiklik etmədi, hərçənd, biz yeni millət vəkillərinin arasında bir neçə gənc və maraqlı simalar da gördük. Gənc və maraqsız simalar da həmçinin.
4. Evdə keçən ikinci rüb
İlin ikinci rübünü demək olar ki, bütün planet evdə və özünütəcrid şəraitində keçiridiyindən, dünyada ehtiraslar o qədər də gərgin deyildi.
Mayın 4-də Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmamaq Hərəkatının COVİD-19 pandemiyası ilə bağlı sammiti keçirildi. Həm burada, həm də sonradan BMT-nin Baş Məclisinin iclasında cənab prezident çox vacib bir məsələni – gələcəkdə vaksinin bütün ölkələrdə yaşayan insanlar üçün əlçatan olmasını qabartmışdı. Bu, göstərirdi ki, o, artıq dünya miqyaslı problemləri, xüsusilə də insan haqlarını qabartmağa çalışan qlobal təfəkkürlü bir liderə çevrilib.
Qlobal insan haqları ilə bağlı problem isə mayın sonlarında aşkar göründü. ABŞ-da polisin Con Floyd adlı zəncini dizi ilə boğazından sıxaraq, onun “I cant breath” – “Mən nəfəs ala bilmirəm” deməsinə fikir vermədən, boğub öldürməsinin ardından bu ölkəni “Black lives matter” adlı hərakat bürüdü. Onlarda 26 milyona qədər insan iştirak edirdi. Pandemiyanın cırhacır vaxtında!
Siçan:
- Bundan sonra Amerika Birləşmiş Ştatları sürətlə koronavirusa yoluxmaq və ölüm göstəricisinə görə antirekordları təzələdi. İndiyə qədər də siyahıda ən üst sətirlərdə qalmaqda davam edir. Mən siçanı qınayırsınız, amma özünüz insan ola-ola, elə ağılsız hərəkətlər eləyirsiniz ki hərdən...
Qısa vaxtda 60 ölkəyə yayılan “Black Lives Matter” hərəkatı o hadisələrdəndir ki, özündən sonra bəzi şeylər daha əvvəlki kimi olmur. Məsələn, o, qaradərililərə münasibətdə politkorrekt davranmağın yeni meyarlarını müəyyən etdi. Bu hadisədən sonra tutaq ki, hansısa filmdə baş qəhrəmanlardan biri zənci olmasa, cəmiyyət onu fitə basa bilər. Və yaxud əgər qara dərili Şaxta babalar görsəniz, təəccüblənməyin. Hamısı “Black Lives Matter”in təsirləridir.
Demə Qoq:
- Dayan görüm, dayan... Dostum, sən deyəsən, rasistsən a... Gözümün içinə yaxşı-yaxşı bax! Bayaq qulağıma “zənci” sözü gəldi. Zənci yox, qara dərili.
Mən əsla rasist deyiləm, amma bütün bu tip ideologiyalarda şitini çıxarmağın və ifrata varmağın qəti əleyhinəyəm. Vaxtilə feminizm də bu yolu tutmuşdu, bu il isə antirasist hərəkatı həmin istiqamətə yönəldi. Heç kimin dərisinin rənginə görə onun heç bir hüququ məhdudlaşdırıla bilməz, amma bu, o demək deyil ki, birdən zəncilərin xətrinə dəyər deyə, Tolstoyun “Hərb və Sülh”ündə Nataşa Rostova qaradərili olmalıdır. Bu, artıq hüquq müdafiəsi deyil, politkorrektlik ilə marazmatikliyin arasındakı incə sərhədin keçildiyi nöqtədir.
5. Fərqli və oxşar iki seçki
Bu il dünyanın iki tamam ayrı, bir-birindən hər mənada xeyli uzaq ölkəsində iki qalmaqallı seçki baş verdi. Və bu, onu göstərdi ki, seçkinin şəffaflığı, ədalətliyi nə qədər qəribə də olsa, nə onun baş tutduğu ölkənin nə coğrafi mövqeyindən asılıdır, nə siyasi sistemindən, nə də oradakı insan hüquqlarından və söz azadlığından. Bu, çox maraqlı nəticə idi.
Demə Qoq:
- Dostum, əgər Amerikadakı və Belorusdakı seçkiləri müqayisə etməyə çalışırsansa, özünü yorma, onlar tamam ayrı-ayrı şeylərdirlər!..
Həm hə, həm də yox. İkisində də saxtakarlıq iddiası var, ikisində də tərəflərdən biri digərini ittiham edir, ikisindən sonra da etiraz aksiyaları keçirildi... Texniki olaraq bəli, ayrı şeydirlər, amma mahiyyət baxımından saxtakarlıq elə saxtakarlıqdır. Və məhz bu il – 2020-ci ildə keçirilən seçkilər Amerikanın seçki sisteminə, geniş mənada demokratiyası olan inamı kəskin şəkildə sarsıtdı. Prezident Trampın özü bu seçkini ölkə üçün “biabırçılıq” adlandırdı.
Siçan:
- Belorusdakı seçkidən başqa maraqlı nəticə də çıxdı. Məlum oldu ki, kütləvi aksiyalar nə qədər miqyaslı olursa-olsun, nə qədər uzun müddət – lap aylarla,- davam edirsə-etsin, hakimiyyəti dəyişmək üçün kifayət deyillər. Bu, narıncı inqilabların uğur mexanizmi haqqında yenidən düşünməyə vadar etdi.
Belorusdakı mitinqlərdə biz xaricdən informasiya müdaxiləsinin yeni platformasını gördük – telegram-kanallar. Bu, son aylarda populyarlaşan “telegram”dan ilk dəfə bu səviyyədə siyasi məqsədlərlə istifadə edilməsi idi. Cəmi iki aydan sonra isə biz özümüz başqa bir meydanda onlarla üzləşəcəkdik. Amma avqustda bunu hələ bilmirdik...
6. Azərbaycanda ilin sözü
Dünyada ilin ilin sözü “Koronavirus”, “pandemiya”, “lokdaun”, “spayk protein” ola bilər, amma Azərbaycanda ilin sözü birdir: Qarabağ!
İlin ikinci yarısının başdan-başa Qarabağla bağlı olmasının triggeri iyul hadisələri idi. İyulun 12-də Ermənistan Tovuz rayonunda Azərbaycana təcavüz cəhdi edir və cavabını alsa da, iki ali rütbəli zabitimiz, o cümlədən, sonradan məsum təbəssümlə işıqlanmış siması Qarabağ savaşının simvollarından birinə çevrilən Polad Həşimov həlak olur. Bu hadisə Bakıda gecə vaxtı baş tutan Qarabağ yürüşünə, dünyada isə Azərbaycan diasporunun genişmiqyaslı qlobal Qarabağ aksiyalarına gətirib çıxarır. Tarixdə ilk dəfə Azərbaycan diasporu özünü bir siyasi qüvvə kimi dünyaya təqdim edir.
Sentyabrın 27-də isə yeni tariximizin şərəf səhifəsinin yazılmasına başlanır: səhər obaşdan ermənilərin növbəti təxribat cəhdindən sonra Azərbaycan Ordusu əvvəlcə əks-hücum, sonra hücum əməliyyatı keçirərək, bunu Vətən Müharibəsinə çevirir və cəmi 44 günə Ermənistanı darmadağın edərək, tarixə düşən ifadə ilə desək, iti qovan kimi qovur. Bu proses Azərbaycan xalqının heç vaxt görünməmiş birliyi, ruh yüksəkliyi, mətinliyi ilə müşayiət olunur. Xalq göstərir ki, o, torpaqlarını azad etmək uğrunda hər şeyə hazırdır – dinc insanlara açılan raket atəşlərinə də, şəhidlər verməyə də... Həm cəmiyyət, həm də hakimiyyət bütün dünyaya nümayiş etdirir ki, torpaq bütünlüyü bizim üçün ən ali dəyərdir.
Azərbaycan tərəfindən müharibənin son dərəcə yüksək peşəkarlıq və müasir metodlarla aparılması nəticəsində döyüş meydanında faktiki iki əsr, iki fərqli dövrün hərbiyyəsi üz-üzə gəlmişdi. Noyabrın 10-da Azərbaycan-Rusiya-Ermənistan razılaşmasının imzalanması ilə İrəvan kapitulyasiya edir, düz bir ay sonra – dekabrın 10-da isə Bakıda keçirilən hərbi paradda ermənilərdən qənimət götürülmüş hərbi texnikalar nümayiş olunur.
Savaşda uduzan və Azərbaycandan qovulan Ermənistanda siyasi böhran başlasa da, hələ ki onun nə sonu, nə də çıxış yolları görünür.
Bu savaşın bir önəmli cəhəti də Azərbaycan-Türkiyə qardaşlığını və strateji müttəfiqliyini tamamilə yüksək bir səviyyəyə qaldırması idi. Biz bunu dildə hər zaman deyirdik, amma ilk dəfə real olaraq gərgin günlərdə siyasət və diplomatiya meydanında gördük ki, qardaş dəstəyi nə deməkdir.
Hər şeydən əlavə, Qarabağ münaqişəsinin həlli bizə iki qonşu dövlətin liderinin maraqlı münasibətlərini də növbəti dəfə ortaq məxrəcə gətirdi. Putin-Ərdoğan münasibətləri bu ilin ən maraqlı münasibətləri sayıla bilər.
7. Putin-Ərdoğan: İlin ikibaşlı münasibəti
Yanvarın 8-də “Türk axını” qaz kəmərinin işə düşməsi həm Rusiya, həm də Türkiyə üçün böyük hadisə idi. Həmin kəmərlə 31,5 milyard kubmetr qaz Qara Dənizin dibindən keçərək, Türkiyəyə, oradan isə Şərqi Avropaya çatdırılacaq. ABŞ-ın mane olmağa çalışdığı bu layihənin həyata keçməsi ancaq Ərdoğanın ortaya qəti iradə qoyması sayəsində mümkün olmuşdu.
Amma heç iki ay keçməmiş Türkiyə təxribatlara son qoymaq üçün İdlib əməliyyatını keçirməyə məcbur olanda faktiki Suriyada Rusiya ilə qarşıdurma vəziyyətinə gəlir. Martın əvvəlində Moskvaya uçan Ərdoğan Putinlə görüşür, tərəflər Suriya ilə bağlı anlaşa bilirlər. Bu, çox vacib məqam idi: Yəqin ki, 6 ay sonra başlayacaq Qarabağ savaşının ətrafında gedən diplomatik oyunların çözülməsində ilin əvvəlində baş vermiş bu iki önəmli hadisənin rolu az deyil. Bu zəmin imkan yaratdı ki, Rusiya ilə Türkiyə Qarabağ kontekstində üz-üzə gəlməsinlər, əksinə, bir-birilə dil tapa bilsinlər. Və bir daha gördük ki, siyasətdə lider faktoru nə qədər önəmlidir.
Siçan:
- İlin ikinci yarısında həm Türkiyə, həm də Rusiya Qərb istiqamətindən gələn sanksiyaların ikinci dalğası ilə üzləşdilər. Bu, onları daha da yaxınlaşdırdı.
Bəli, ona görə də, ilin sonunda Putinlə Ərdoğanın bir-birlərinə qarşılıqlı iltifatlar göstərərək, sözübütöv, kişi adam adlandırmaları heç də elə-belə deyildi. Onlar bu il ərzində bir-birlərini dəfələrlə sınamağa imkan tapmışdılar.
8. Yeni İl arzuları
Geridə qoyduğumuz ilin qısa xülasəsi bu idi. Acılı-şirinli, bizim üçün iki sözlə - “Pandemiya” və “Qarabağ” kəlmələrilə yuvarlaqlaşdıra biləcəyimiz bu ili birlikdə yaşadıq. Qəribə il idi – mən hələ bu qədər proqnoza yatmayan bir il görməmişdim. O mənada ki, 2019 bitəndə heç birimizin ağılına da gəlməmişdi ki, 2020-ci ildə bizi nələr gözləyir. Heç bir astroloq, ekstrasens – mən zatən onlara inanmıram,- 2020-ci ildə evlərimizə qapanacağımızı və Qarabağı qaytaracağımızı deməmişdi. Heç bir politoloq, yaxud, başqa profilli ekspert bunları proqnozlaşdırmamışdı.
Əlbəttə, gələcəyin proqnozlaşdırıla bilinən olması yaxşı haldır, amma görünür, həyatın elə mənası, marağı ondadır ki, biz gələcəkdə nələrlə üzləşəcəyimizi əksər hallarda proqnozlaşdıra bilmirik. Bu, həyatı sanki bir kvestə çevirir.
Amma eyni zamanda, gələcəklə bağlı bir-birimizə nələrsə arzulamaq hüququmuzu da heç kim əlimizdən ala bilməz. Mən çox şablon və qulağa xoş gəlsə də, real olmayan, yaxud növbətçi diləklərdən qaçaraq, sizə - şəxsən özünüzə, bu, övladlarınızla, ailənizlə yox, hansı yaşda olmağınızdan aılı olmayaraq, şəxsən sizinlə bağlıdır,- ürəkdən arzulayılram ki:
- Ya həqiqətən sevdiyiniz bir iş taparaq, ya da məşğul olduğunuz işi həqiqətən sevərək, özünüzü, potensialınızı reallaşdırasınız və bacarığınızı, enerjinizi qazanca çevirəsiniz;
- İl ərzində heç olmasa 1 maraqlı və yaxşı insanla tanış olaraq, onunla ömürlük səmim dostluq münasibətləri qurasınız;
- İndiyə qədər sizdə olmayan heç olmasa bir bacarığa yiyələnəsiniz: Məsələn, yeni xarici dil öyrənmək, yaxud, skripka çalmaq və ya fokus göstərmək – fərqi yoxdur. İnsan yeni nəsə öyrənəndə yaşadığı dünya öyrəndiyi qədər böyüyür; Sizə daha böyük dünyada yaşamağı arzulayıram.
- Heç olmasa 5 dənə yaxşı, sizə həyatda bələdçi və həmsöhbət olacaq kitab oxuyub, heç olmasa 10 dənə elə filmə baxasınız.
Və əlbəttə, il ərzində AzVisionu izləyin, gələn ilin sonlarında sağlıq olsun görüşüb, bunların nə qədər reallaşdığından danışarıq.
Siçan:
- Məni də gətirdiyim problemlərə görə bağışlayın.
Demə Qoq:
- Möhkəm olun!