“Euronews” Ağdamdan reportaj hazırladı - VİDEO+FOTOLAR

   “Euronews” Ağdamdan reportaj hazırladı -    VİDEO+FOTOLAR
  27 Noyabr 2020    Oxunub:5480
“Euronews” telekanalı Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonu ilə bağlı reportaj yayımlayıb.
Azvision.az xəbər verir ki, reportajda 1990-cı illərdə, münaqişənin qızğın vaxtında Ağdamdan qovulmuş azərbaycanlıların indi öz doğma yurdlarına qayıtmaq arzuları barədə məlumat verilir.



Bildirilir ki, “Ağdam” sözü Azərbaycan dilindən tərcümədə “ağ ev” deməkdir. Bu şəhərdə qanlı döyüşlərin izləri qalıb. Ona görə Ağdamı indi bəzən “Qafqazın Xirosiması” adlandırırlar.



Reportajda Ağdam sakinlərindən birinin fikirlərinə də yer verilib. O, vaxtilə təhsil aldığı məktəbin yerləşdiyi ərazini göstərir. Qeyd edir ki, həmin ərazidə digər qurumlar da fəaliyyət göstərirdi. İndi burada heç nəyi tanımaq mümkün deyil. Ermənilər nə var idisə, hamısını darmadağın ediblər. Heç kim öz küçəsini tapa bilmir.



Reportajda qeyd edilir ki, uzaqdan Ağdam məscidinin minarələri görünür. Ermənilər şəhəri tutandan sonra bu kompleksin çox hissəsini dağıdıb, binanın özündən isə mal tövləsi kimi istifadə ediblər. Bu gün son 28 ildə ilk dəfə buradan azan səsi eşidilir.

Bildirilir ki, Azərbaycan Ağdama nəzarəti bərpa edəndən sonra ərazinin minalardan təmizlənməsinə başlanılıb. Təxminən 30 il bundan əvvəl minlərlə azərbaycanlı buradakı doğma yurdlarını tərk edib məcburi köçkün vəziyyətinə düşüb. Onlar indi buraya qayıtmağı arzu edirlər. Azərbaycan hökuməti Qarabağda və ona bitişik rayonlarda bərpa işlərinə başlamağı planlaşdırır.









Azvision.az


Teqlər: Euronews   Ağdam   Reportaj  





Xəbər lenti