Vətən Müharibəsi dərsliyə salınacaq? - AÇIQLAMA

 Vətən Müharibəsi dərsliyə salınacaq? -  AÇIQLAMA
  18 Noyabr 2020    Oxunub:2833
Azərbaycanın ikinci Qarabağ müharibəsindəki qələbəsi ilə dəyişdiyi yeni tarixin dərsliyə salınması Təhsil Nazirliyi yanında İctimai Şurada müzakirə olunacaq.
Bunu Azvision.az -a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, təhsil eksperti Şahlar Əsgərov bildirib. Onun sözlərinə görə, yeni tarixin yazılması üçün komissiya yaradılmalıdır.

“Bizim tarix kitablarımız var. Amma müəlliflər bir-birini qəbul etmir. Bu müəllifin yazdığını o biri müəllif qəbul etmir və ya əksinə. Hamının qəbul etdiyi tarix kitabının yazılması üçün komissiya yaradılmalıdır. Onda fərdi, subyektiv fikirlər aradan çıxacaq, bütün tarixçilər eyni faktları deyəcək. Bu qələbəni Ali Baş Komandan və əsgərlərimiz qazandı. Onların qəhrəmanlıqları barədə kitab yazılmalıdır. Qəhrəmanlıq səhnələri tarix kitablarında əks olunmalıdır. Tarix kitabı yazılanda filosoflar da ona baxmalıdır”.

Ş.Əsgərov, həmçinin vurğulayıb ki, tarix kitablarının strukturu dəyişdirilməlidir: “Tarix kitabları hər sinif üzrə uşaqların yaşına, qavrama qabiliyyətinə uyğun olmalıdır. Məsələn, 5-ci sinifdə oxuyan uşağa bu dövlətin adının nə vaxtsa Atropatena, Manna, Midiya olduğunu deyirik. Uşaq bunu başa düşməyəcək, çünki bu adların heç birini televizorda, məktəbdə eşitməyib.

5, 6, 7-ci sinif tarix kitablarında bu gündən yazılmalıdır və tədricən keçmişə doğru gedilməlidir. Uşağa tanımadığı ərazilərdən, dövlətlərdən danışanda onu mənimsəyə bilməyəcək, əzbərləyəcək və yadından da çıxacaq. Sonda gənc öz tarixini bilməyəcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Tarix   Dərslik  





Xəbər lenti