Donuz başı: Ermənilər yeni təxribat metodu tapdı

  Donuz başı:  Ermənilər yeni təxribat metodu tapdı
  07 Noyabr 2020    Oxunub:3483
Ermənilərin vandallığı, terror qoxuyan təxribatları dünyanın dörd bir tərəfinə yayılıb.
Tarixə nəzər salsaq, görərik ki, müxtəlif vaxtlarda ASALA, “Krunk” təşkilatı və digər erməni birləşmələri ayrı-ayrı ölkələrdə türk diplomatlara və ümumilikdə yollarında "maneə" olan şəxslərə qarşı ağır cinayətlər törədiblər. 90-cı illərin əvvəllərində erməni terrorizminin yeni metodları peyda olmuşdu ki, bu da “azadlıq savaşı” altında dünyanın bəzi yerlərindən etnik ermənilərin təşkilatlanıb Azərbaycan torpaqlarına gəlmələri və burada dinc əhaliyə divan tutmaları idi. Bütün bunların nəticəsində əsrin dəhşətli faciəsi - Xocalı soyqırımı yaşandı.



Zaman fərqli zaman olsa da, ideologiya, təfəkkür, milli düşüncə dəyişməyib. Yenə müharibə və yenə Gəncə, Bərdə, Tərtər, eləcə də digər şəhərlərdə dinc əhalinin kütləvi şəkildə qətlinə hesablanan hərbi cinayətlər... Əlbəttə, 90-larda olduğu kimi indi də dünyanın dörd bir yanından gələn erməni muzdlularının müharibədə iştirakını müşahidə edirik. Ermənilər 90-cı illərdən əvvələ qayıdıb ASALA-nı “oyatmağa” çalışır, xaricdə müəyyən cinayət əməlləri törətməklə sanki dünyaya əsl kimliklərini göstərməyə can atırlar. Və təbii ki, hədəf bu dəfə də diplomatlardır...



Ötən gün Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğu ermənilərin silahlı hücumuna məruz qaldı. Bu fakt əsl erməni xislətini yenidən üzə çıxarmış oldu. Ermənilərin konsulluğun binasını atəşə tutmaları və atılan güllələrin konsulluğun giriş qapısına, pəncərələrinə tuş gəlməsi onların binada olan istənilən şəxsi hədəf seçmələrindən xəbər verir. Binada konsulluqda çalışan ukraynalı da ola bilərdi, azərbaycanlı diplomat da!
Döyüş meydanında uduzan qorxaqların silahı xaricdə diplomatlara tuşlaması təbii ki, dünyaya erməni terror xəbərdarlığı hesab olunmalıdır.



Qarşısında təzyiq, maneə görməyən terror təfəkkürlü dağıdıcı kütlə başqa bir iyrənc addımı da atmağa müvəffəq oldu. Belə ki, Estoniya KİV-lərinin verdiyi məlumata görə, ermənilər Azərbaycanın Tallindəki səfirliyinə qarşı təxribat törədiblər. Maskalı naməlum kişi Tallindəki islam mərkəzinin, habelə, bu ölkədəki Azərbaycan və Türkiyə səfirliklərinin qarşısına donuz başları qoyub. Hər üç hadisə barədə polisə məlumat verilib və həmin şəxs islam mərkəzindəki müşahidə kameralarına düşüb.

“Bu, Məhəmmədə hədiyyədir”, - kimliyi bilinməyən şəxs deyib.

Müsəlmanlar üçün təhqiramiz hərəkətin törədildiyi vaxtı nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, bu, ayrıca bir dini radikalın xuliqanlıq hərəkəti deyil, dini və milli ayrı-seçkiliyi qızışdırmaq məqsədilə əvvəlcədən planlaşdırılmış provokasiyadır.

Qeyri-rəsmi məlumata əsasən, estoniyalı olduğu iddia edilən şəxs bu biabırçı hərəkəti “müsəlmanların xristianlara pis münasibət bəsləməsinə” və “Dağlıq Qarabağda Azərbaycanın Ermənistana qarşı hərəkətlərinə” cavab olaraq törədib.

Azərbaycanın Baltikyanı ölkələrlə yaxşı münasibətlərinə zərər vurmağa çalışan Ermənistanın ölkəmizə qarşı açıq-aşkar provokasiya cəhdləri göz qabağındadır. Ermənistanın Litva, Latviya və Estoniyadakı səfiri Tiqran Mkrtçyanın bu istiqamətdə “coşğun” fəaliyyəti danılmazdır və bu mənada təxribatçı addımda erməni xüsusi xidmətlərinin dəst-xətti aşkar hiss olunur.

Əminliklə demək olar ki, müsəlmanlara qarşı təxribat törətmiş estoniyalı erməni xüsusi xidmətləri tərəfindən cəlb edilib və onların agentidir. Yaxşı olardı ki, Estoniyanın səlahiyyətli orqanları səfir Mkrtçyanın pozucu fəaliyyətini araşdırıb, müvafiq cəza tədbirləri görsünlər. Əks halda onun agentinə çevrilən erməni xislətli şəxslər daha da azğınlaşa bilər.

Tural Tağıyev
Azvision.az


Teqlər: ASALA   Terror   erməni  





Xəbər lenti