Ermənistana olan “yardım”lar işğalı maliyyələşdirir

 Ermənistana olan “yardım”lar işğalı maliyyələşdirir
  29 Oktyabr 2020    Oxunub:2330
Biraylıq müharibə nəticəsində Ermənistan iqtisadiyyatına ən azı 3,5 milyard ABŞ dolları dəyərində ziyan vurulduğu məlumdur. Əlavə olaraq, alternativ xərcləri və itirilmiş imkanları nəzərə aldıqda isə bu zərərin məbləği bir neçə dəfə artıq olur. Ümumi daxili məhsulu (ÜDM) 13,7 milyard dollar, rəsmi rezerv aktivləri 2,6 milyard dolları olan bir ölkə üçün bunlar kifayət qədər yüksək göstəricilərdir.
Azvision.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibovun Ermənistana olan “yardım”ların işğalın maliyyələşməsinə xidməti ilə bağlı şərhini təqdim edir.

Ermənistan Asiya regionunda rəsmi yoxsulluq səviyyəsi (23,5 faiz) ən pis vəziyyətdə olan ölkələrdən biri kimi, müharibə xərclərini artırmaq üçün heç də əlverişli imkanlara malik deyil. ÜDM-in 2,3 faizini pandemiya ilə mübarizədə itirmiş Ermənistan beynəlxalq təşkilatların hesablamalarına görə, qarşıdakı illərdə daha yüksək fiskal defisit (Asiya İnkişaf Bankının proqnozu 5,6 faiz, Beynəlxalq Valyuta Fondunun proqnozu 7,4 faiz) və aşağı gəlirlərlə üz-üzə qalacaq. Göründüyü kimi, büdcə gəlirlərinin azaldığı, iqtisadi aktivliyin 2009-cu ildən bəri ən kəskin azalmasının müşahidə olunduğu (13,7 faizlik azalma) iqtisadiyyat COVID-19 böhranı ilə mübarizədən hələ də özünə gələ bilməyib.

Həmçinin minimum qiymətləndirmə ssenariləri əsasında ən azı 2,7 milyard dollar həcmində ciddi hərbi-sursat və texnika itkilərinə məruz qalan Ermənistan öz hərbi xərclərini 82 milyon dollar artırmaq məcburiyyətində qaldı. Əlavə olaraq, erməni diasporunun dünyanın müxtəlif ölkələrində apardıqları kompaniyalarla Ermənistana maliyyə nəfəsliyini təmin etmək istiqamətindəki addımları da diqqətçəkəndir. Belə ki, Hayastan Ümumerməni Fonduna dünyanın müxtəlif ölkələrində aparılmış kompaniyalar çərçivəsində 150 milyon dollardan bir qədər çox ianə toplanıb. Ancaq bunların Ermənistanı gözləyən potensial iqtisadi tükənmədən və sosial-psixoloji partlayışlardan qoruya bilməyəcək qədər az olduğunu hər kəs anlayır.

Ermənistana “humanitar yardım” adı ilə silah qaçaqmalçılığı həyata keçirilir

İndiki halda, müxtəlif cinayətkar qruplarla əlaqəyə girərək ölkəsinə silah daşınmasına çalışan Ermənistanın bu baxımdan da imkanları yüksək görünmür. Artıq Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Ermənistana bu ölkənin qeydiyyatında olan təyyarələrdən silah qaçaqmalçılığında istifadə olunması barədə məlumatlandırılıb. Ermənistana silah və hərbi texnika daşınması bir sıra hallarda “humanitar yardım” adı ilə həyata keçirilir. Burada, dəyəri bir neçə milyon dollarlarla ölçülən zenit-raket sistemlərinin və digər ağır texnikanın daşınması həyata keçirilir. Aydındır ki, indiki halda ayrı-ayrı cinayətkar qruplaşmalar vasitəsilə həyata keçirilən bu siyasətin Ermənistanın gələcək iqtisadi müstəqilliyi üçün nə ilə nəticələnəcəyi bəllidir. Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) məlumatlarından da məlum olduğu kimi, vaxtı ilə aparılmış bu cür qarşılıqlı anlaşmaların nəticəsidir ki, hazırda Ermənistanın strateji əhəmiyyət daşıyan enerji, kritik infrastruktur və digər sahələri tamamilə üçüncü ölkələrdən asılı vəziyyətdədir. Ona görə də, erməni cəmiyyəti və vətəndaş cəmiyyəti institutları Ermənistana cinayətkar qruplaşmalar vasitəsilə bu formada silah yardımların edilməsinə qarşı çıxmalıdır ki, ölkə geridə qalan cüzi müstəqilliyini də itirməsin.

Ermənistana verilən maliyyə vəsaitləri terrorizmin maliyyələşməsinə xidmət edir

Ermənistanı borc vəsaitləri və infrastruktur investisiyaları ilə maliyyələşdirən bir sıra beynəlxalq təşkilatların addımları əslində Ermənistan tərəfindən dolayısı ilə terrorizmin və işğalın maliyyələşdirilməsinə sərf olunur. Belə ki, bu xüsusda son dövrlər infrastruktur layihələrinin maliyyələşdirilməsi ilə bağlı Ermənistanın xarici təşkilatlardan cəlb etdiyi vəsaitlərin bir hissəsi sonradan çirkli pulların yuyulması sxemləri üzrə nəqliyyat dəhlizlərinin inkişafına sərf edilir. Həmin dəhlizlər isə beynəlxalq təşkilatlar tərəfindən də narkotik qaçaqmalçılığı və silah daşımaçılığı üzrə təhlükəli marşrutlar kimi qeyd olunur. Artıq beynəlxalq ictimaiyyətə bəllidir ki, Dağlıq Qarabağda mövcud olan separatçı rejimin narkotik plantasiyaları və onun trafiki üçün nəqliyyat dəhlizləri mövcuddur. Azərbaycan ordusunun apardığı anti-terror əməliyyatları çərçivəsində də işğal olunmuş ərazilərdə erməni terrorçu qüvvələrinin narkotik vasitələrin yüksək istifadəsi və təchizatını təşkil etdiyi aşkara çıxarıldı. Bu ərazilərdə ASALA, PKK kimi ABŞ və Avropa İttifaqı səviyyəsində terrorçu kimi tanınmış təşkilatların akkumulyasiyası da bu trafiki təşkil etməkdən ibarət olub. Çirkli pulların yuyulması və narkotik qaçaqmalçılığının Ermənistanda dövlət siyasəti kimi həyata keçirilməsi ABŞ Dövlət Departamenti tərəfindən hazırlanan hesabatlarda da əks edilib.

Amerika Mərkəzi Kəşfiyyat İdarəsindən xüsusi sitat: erməni terrorizmi

Oktyabr ayında Gəncə şəhərinə heç bir hərbi hədəfin olmadığı halda ard-arda edilən terror hücumları ilə Ermənistan dövləti özünün terrorçu mahiyyətini beynəlxalq ictimaiyyətə xatırlatmış oldu. Təsadüfi deyil ki, Ermənistan Amerika Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən adına xüsusi terrorizm ifadəsi (“erməni terrorizmi”) formalaşdırdığı çox nadir ölkələrdən biri, Cənubi Qafqazın isə yeganə ölkəsidir. Buna görə də erməni lobbilərinin dünyanın müxtəlif ölkələrində Ermənistana “humanitar yardım” adı ilə təşkil etdikləri dəstək kompaniyalarının bu cür kriminal niyyətlərin realizasiyasına sərf olunması unudulmamalıdır. Ermənistan uzun müddətdir Avropa və Asiyanın müxtəlif maliyyə və investisiya qurumları ilə də investisiyaların cəlbi istiqamətində davamlı iş aparır. Gözləniləndir və ümid olunur ki, artıq bu cür açıq-açığına terrorçu hücumlardan sonra beynəlxalq investorlar Ermənistanın maliyyələşdirilməsi və ona yatırılmış hər hansı sərmayənin, verilmiş borc vəsaitinin birbaşa terrorizmə xidmət etdiyini qəbul edəcək və bu ölkənin maliyyələşdirilməsini dayandıracaq.

Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti