Cəbhəyanı bölgələrin sahibkarlarına dəstək

  19 Oktyabr 2020    Oxunub : 1812
Cəbhəyanı bölgələrin sahibkarlarına dəstək
Məlum olduğu kimi, bu il sentyabrın 27-dən etibarən Ermənistan silahlı birləşmələri növbəti dəfə hərbi təxribatlara başlayaraq beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla, Azərbaycan Respublikasının hərbi obyektləri və yaşayış məntəqələrini intensiv atəşə tutur.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, ötən müddət ərzində cəbhəyanı bölgələrdə yerləşən mülki obyektlərlə yanaşı, çoxsaylı sahibkarlıq obyektləri də düşmən zərbələrinə məruz qalıb. Həmin ərazilərdə qeydiyyatda olan bir sıra vergiödəyicilərinin təsərrüfat subyektlərinə, əmlaklarına külli miqdarda zərər dəyib, onların sahibkarlıq fəaliyyəti tamamilə dayanıb və ya əhəmiyyətli dərəcədə maliyyə itkiləri ilə üzləşiblər. İşğal altında olan rayonlarda və cəbhəyanı ərazilərdə qeydiyyatda olan mikro və kiçik sahibkarlıq subyektlərinə baş vermiş hadisələr nəticəsində dəymiş maddi zərərin təsirinin azaldılması, sahibkarlıq fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədilə həmin subyektlərə münasibətdə Dövlət Vergi Xidməti tərəfindən oktyabrın 15-də “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun olaraq, müvafiq qərar qəbul edilib. Belə ki, bu vergiödəyiciləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan qərarlar tam şəkildə, səyyar vergi yoxlamalarının nəticəsi üzrə qəbul olunmuş qərarların isə maliyyə sanksiyasının tətbiq edilməsi hissəsi ləğv edilib. Qəbul edilmiş qərarla 2013 vergiödəyicisinin 6 milyon 544,3 min manat məbləğində, o cümlədən tam və qismən işğal altında olan rayonlar üzrə 191 vergiödəyicisinin 103 min manat, cəbhəyanı rayonlar üzrə isə 1822 vergiödəyicisinin 6 milyon 441,4 min manat məbləğində maliyyə sanksiyası ləğv olunub. Bütün bunlar isə bir daha göstərir ki, Azərbaycan dövləti həmişə olduğu kimi, bu gün də sahibkarların yanındadır.

Azvision.az

Teqlər: Nazirlik   Cəbhə