Beynəlxalq Güləş Federasiyası yeni çəki dərəcələrin elan etdi

Beynəlxalq Güləş Federasiyası yeni çəki dərəcələrin elan etdi
  19 Yanvar 2014    Oxunub:4832
Beynəlxalq Güləş Federasiyası tərəfindən yeni çəki dərəcələri müəyyənləşdirildi.
Beynəlxalq Güləş Federasiyası (FİLA) tərəfindən yeni çəki dərəcələri müəyyənləşdirilib.

AzVision.az xəbər verir ki, bu barədə AzərTAc-a müsahibəsində Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəvərov deyib.

Bildirmişdir ki, 2014-cü ilin yanvarından etibarən FİLA-nın təqvim planı üzrə bütün yarışlar dəyişilmiş çəki dərəcələri üzrə təşkil olunacaqdır. Sərbəst güləş üzrə yarışlar 57, 61, 65, 70, 74, 86, 97, 125 kiloqram, yunan-Roma güləşi üzrə 59, 66, 71, 75, 80, 85, 98, 130 kiloqram, qadın güləşi üzrə isə 48, 53, 55, 58, 60, 63, 69 və 75 kiloqram çəki dərəcələri üzrə keçiriləcək.

Baş katib qeyd edib ki, 2016-cı ildə Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında isə güləşçilər 6 çəki dərəcəsində mübarizə aparacaqlar. Sərbəst güləşçilər 57, 65, 74, 86, 97, 125 kiloqram, yunan-Roma güləşi üzrə 59, 66, 75, 85, 98, 130 kiloqram, qadın güləşi üzrə isə 48, 53, 58, 63, 69, 75 kiloqram çəki dərəcələri üzrə yarışacaqlar.

Vurğulandı ki, güləş qaydalarında da bəzi dəyişikliklər olub. Texniki qələbə üçün sərbəst güləşdə 10 xal, yunan-Roma güləşində isə 8 xal fərqinə nail olmaq lazımdır. Sərbəst güləşçilər hər aşırma fəndinə görə 4 xal qazanacaqlar. Yunan-Roma güləşində rəqibi aşırma və nəzarətdə saxlama fəndinə görə 4 xal, rəqibə effektli fənd tətbiq etməyə görə 5 xal veriləcəkdir. Ardıcıl iki 3 xallıq və bir 5 xallıq fənd görüşün başa çatması ilə nəticələnəcəkdir. Yunan-Roma güləşində hesab 0:0 olarsa, sonuncu xəbərdarlıq alana məğlubiyyət veriləcək.

Bildirildi ki, ölkəmizdəki klub və cəmiyyətlərdə fəaliyyət göstərən güləş üzrə məşqçi müəllimlər üçün respublika seminarları keçirilmişdir. Məqsəd FİLA tərəfindən güləş qaydalarında və çəki dərəcələrində edilən dəyişikliklər barədə yerli məşqçi və mütəxəssisləri məlumatlandırmaq, son yarışlardan videogörüntülər izlənilməklə qaydaları izah etmək, güləşçilərin hazırlığı üçün müasir məşq metodları barədə nəzəri və praktiki bilikləri paylaşmaqdan ibarət olub.


Teqlər:





Xəbər lenti