“Qarabağ” Azərbaycan çempionu elan edildi

 “Qarabağ” Azərbaycan çempionu elan edildi
  18 İyun 2020    Oxunub:5197
Azərbaycan futbolunda 2019/20 mövsümü başa çatdırılıb.
Azvision.az xəbər verir ki, AFFA-nın İcraiyyə Komitəsi bununla əlaqədar qərar qəbul edib.

Bildirilib ki, belə bir addım qurumun videokonfrans formatında təşkil olunan iclasında aparılan müzakirələrdən sonra atılıb. Koronavirus pandemiyası üzündən yaranan vəziyyəti, ölkədəki karantin rejimini və avqustun 3-dək avrokubokdakı təmsilçilərin müəyyənləşməli olduğunu nəzərə alan AFFA Premyer Liqa və Azərbaycan kubokunda mövsümü yarımçıq başa çatdırmağa qərar verib.

Çempionatda 20 turdan sonra yaranan turnir cədvəli yekun kimi qəbul olunub. Son 8 turu oynanılmayan Premyer Liqada “Qarabağ” çempion elan edilib. “Neftçi” gümüş, “Keşlə” bürünc medalçı hesab olunub. Sonuncu iki komanda Avropa Liqasında, ağdamlılar isə Çempionlar Liqasında oynamaq hüququ qazanıb.

Azərbaycan kuboku isə yarımçıq qalıb. Yarımfinal və final oyunları qalan turnir qalibsiz başa çatıb. Bu səbəbdən də Premyer Liqada 4-cü yerin sahibi də Avropa Liqasına vəsiqə əldə edib. “Sumqayıt” qitənin ikinci dərəcəli klub turnirində oynayacaq.

Sonuncu yeri tutan “Qəbələ”nin Premyer Liqada qalıb-qalmamasına isə yeni mövsüm ərəfəsində - lisenziyalaşmanın nəticələrindən sonra dəqiqləşəcək.

Azvision.az


Teqlər: AFFA   Futbol   Çempionat  





Xəbər lenti