Bankları sağlamlaşdırmaq üçün nələr lazımdır – TƏHLİL

  05 May 2020    Oxunub : 14568
 Bankları sağlamlaşdırmaq üçün nələr lazımdır – TƏHLİL
Mərkəzi Bankın (AMB) “AGBank” və “NBCBank” ASC-ləri müvəqqəti olaraq idarəetmədə saxlayaraq, “AtaBank” və “Amrah Bank”ın lisenziyalarını ləğv etdiyi bəllidir. Əslində, burda qeyri-adi heç nə yoxdur. Bank sektorunu sağlamlaşdırmaq məqsədilə qeyri-likvid, depozitlər üzrə öhdəlikləri yerinə yetirə bilməyən, kapital çatışmazlığı ilə üzləşən bankları ləğv etmək tələb olunan şərtlərdəndir. Ölkəmizin bank sistemində isə belə vəziyyətdə və buna yaxın olan bankların sayı kifayət qədərdir. Çünki sektor uzun müddətdir, böhran içindədir.
Amma bütün qeyd olunanlara rəğmən AMB İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərar ilə birdən-birə sayca 4 banka müvəqqəti inzibatçıların təyin edilməsi başa düşülən olmadı. O səbəbdən ki, AMB sədri Elman Rüstəmov cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına dair videokonfrans şəklində keçirilən müşavirədə Dövlət başçısına məruzə etmişdi ki, Mərkəzi Bank tərəfindən banklara lazımi dəstək verilir və ilin əvvəlindən bəri bank sektoruna 627 milyon manat səviyyəsində yardım həyata keçirilib. Sual olunur: görəsən, bunun nəticəsidirmi ki, birdən-birə 4 banka müvəqqəti inzibatçılar təyin olundu?!

Düzdür, AMB sədri E. Rüstəmov əlavə etmişdi ki, bunun başlıca istiqamətləri ipoteka sisteminin dəstəklənməsi, qiymətli kağızlar bazarına, Beynəlxalq Bank, sistem xarakterli banka dəstəkdir. Yeri gəmişkən, ölkədə 30 bank fəailiyyət göstərirdi. Və 20015-20016-cı ildəki böhrandan sonra 11-dən çoxu bağlanmışdı. Bu proses davam edəcəkdi, sadəcə olaraq, bağlanılan banklarla əlaqədar hökumətin və dövlətin üzləşdiyi problemlər və çətinliklər digər bankların ləğvi prosesini dayandırdı. Çünki başqa əlac yox idi. Təkcə, Beynəlxalq Bank (ABB) dövləti "beli üstə" qoydu. Hökumət adı çəkilən bankın xarici öhdəlikləri qarşısında bütün cavabdehliyi üzərinə götürməklə bir növ bank və o cümlədən ölkəmizin maliyyə sektorunu nüfuzdan düşməkdən qorudu. Belə ki, ABB sistem əhəmiyyətli bank olduğundan başqa çarə də yox idi. Və odur ki, hökumət lazım olanı etdi.

Məsələ bundadır ki, 2005-2006-cı ildəki böhrandan sonra ölkə iqtisadiyyatı 2017-ci ildən etibarən bərpa olunmağa başlasa da, bank sektoru keçən ilə qədər yenə, iflic vəziyyətində qalırdı. Və yalnız, Dövlət başçımızın təşəbbüsü və birbaşa müdaxiləsi yolu ilə problemli kreditlər məsələsi həllini tapdıqdan sonra banklar özlərinə gəlməyə başladı ki, bu da bir növ koma vəziyyətindən çıxmağa bənzədi. Odur ki, keçən ilin sonuna yaxın yazdım ki, ölkənin bank sektorunda vəziyyətin normallaşdığını desəm, səhv edərəm. Yox əgər, “2015-2016-ci illərdə dünya bazarlarında neftin ucuzlaşması səbəbindən ölkə iqtisadiyyatına dəyən zərbə nəticəsində düşdüyü vəziyyətdədir” desəm, yenə yanılaram. “Vəziyyət sağlam deyil” desəm, daha düzgün olar.

Bəli, bank sistemində real vəziyyət 2015-2016-ci illərdə dünya bazarlarında neftin qiymətinin düşməsi nəticəsində ölkə iqtisadiyyatına dəyən zərbədən sonra yaranmış durumda deyil və həmin vəziyyətdə sayıla da bilməz. Lakin, ölkədə hökumətin qarşıya qoyduğu qeyri-neft sektorunu inkişaf etdirmək və bu sahədən ixracı artırmaq tələblərinə, məqsədinə də uyğun deyil. Çünki sözügedən tələbə və məqsədə cavab vermək üçün gərək, bank sektoru qeyri-neft sektorunu maliyyələşdirsin. Sektorun real vəziyyəti isə buna imkan vermir. Problem bax, məhz bundadır.

Bu baxımdan da aydın deyil ki, AMB bankları sağlamlaşdırmaq üçün nədən komleks tədbirlər həyata keçirmir? Sual olunur, sistem banka dəstək nəyə lazımdır? İpoteka sisteminə və qiymətli kağızlar bazarına dəstək hansı nəticələrə gətirib çıxarıb?! Vəziyyəti pis olan banklara niyə vaxtında bilavasitə dəstək göstərilmir? Birdən-birə eyni vaxtda nədən bir neçə bankla bağlı anoloji addım atılır? Və bu yolla sektoru sağlamlaşdırmaq mümkündürmü?!

Yeri gəlmişkən, Prezident İlham Əliyevin 2019-cu ilin yekunlarına dair keçirdiyi müşavirədə AMB sədri E. Rüstəmov bildirmişdi ki, ölkədə ümumi pul siyasətinin 2018-ci ilin əvvəlindən başlanılan yumşaldılması, yəni uçot dərəcəsinin tədricən endirilməsi keçən il ərzində də davam etdirilib və ümumən, 8 dəfə bu məsələyə baxılaraq, bunun 7-də faiz dərəcələri aşağı salınıb. Xatırladım ki, 2015-2016-cı illərdə ortaya çıxan böhran zamanı uçot dərəcəsi 15 faizə qaldırılmışdı. Hazırda 7,25 faizdir. Bəs, banklar real sektoru niyə maliyyələşdirmir?

Ona görə ki, bankların likvidlik, maliyyə resurslarına dair vəziyyətləri yaxşı deyil. AMB-in uçot dərəcəsini aşağı salmaq siyasəti buna təsir etmir. Bankların maliyyə resursları sarıdan vəziyyətləri əhalinin əmanətləri ilə xarici maliyyə qurumlarından əldə edilən vəsatlərdən asılı olduğundan, sektor qeyri-neft sferasını maliyyələşdirə bilmir. Bunun üçün AMB-in təklif etdiyi kredit resursları bankların maliyyə vəsaitlərinin gərək azı 50-60 faizdən çox hissəsini təşkil etsin. Bu, belədirmi? Xeyr.

Bəli, qeyri-neft sektorunda risk səviyyəsi də yüksəkdir. Bankların qeyri-neft sektoruna tərəddüd etmədən kredit vermələri üçün müvafiq şərait olmalıdır ki, risk təkcə pul vəsatləri az olduğu üçün mövcud deyil və iqtisadiyyatın bir sıra sahələrində də var. Odur ki, bankları biznes kreditlərinə meyl etmədiklərinə görə qınamaq olmur.

Real sektorda, yəni istehsalda və sairədə risk səviyyəsi ev təsərrüfatları ilə müqayisədə daha yüksəkdir. Əvvəla, sözügedən sferada cəlbedicilik aşağıdır, ikincisi isə biznes sektoruna verilən kreditlər əhaliyə veriləndən uzunmüddətli xarakter daşıyır. Uzunmüddətli dövr üçünsə iqtisadi şəraiti proqnozlaşdırmaq çətindir. Buna görə də banklar istehlak kreditlərinə meyil edirlər. İlk növbədə bax, məhz bu problemi həllini tapmalıdır.

İkincisi... Bəli, 30 bankdan 2-nin lisenziyası alındı. Bir gün öncə 4 banka inzibatçı təyin olunsa da, səhəri gün 2-si bağlandı.Vəziyyətləri hələ illər öncədən gün kimi bəlli olan bu 2 bank üzrə cəmi bir sutka ərzində yeni daha hansı mətləblərin aşkar edildiyi isə aydın olmadı. Yəni, sual yarandı ki, sözügedən banklar bağlanmalı idisə, inzibatçı niyə təyin olunurdu və əgər təyin olunmuşdusa, dərhal nədən bağlandılar?

Təkrar edirəm, bank sektorunu sağlamlaşdırmaq üçün qeyri-likvid, depozitlər üzrə öhdəlikləri yerinə yetirə bilməyən, kapital çatışmazlığı ilə üzləşən bankları ləğv etmək lazımdır. Lakin indiki şəraitdə dövlətin vətəndaşlara, iqtisadi subyektlərə ciddi maliyyə dəstəyi göstərdiyi mütləq şəkildə nəzərə alınmalıdır. Yəni, iqtisadi aktivlik sıfır dərəcəsindədir.

Digər tərəfdən, bank sektorunu sağlamlaşdırmağın yolu təkcə bankları ləğv etmək və onların lisenziyasını əlindən almaq, sıradan çıxartmaqdan da ibarət deyil. Banklara dövlət və Mərkəzi Bank tərəfindən real dəstək lazımdır... Bir daha xatırladıram, keçən il Prezident müdaxilə etməklə problemli kreditlər məsələsini yoluna qoydu və bu da bankları "süni nəfəs aparatından" ayırdı. İndi doğrudanmı çıxış yolu "qılıncı ələ alaraq, hamısını edam etmək" və məhz bu üsulla sektoru böhrandan çıxartmaqdır? Bəlkə bunu real sektorun və bazarın öhdəsinə buraxaq?! Yəni, sistemin iqtisadiyyatın real sektoru maliyyələşdirməsinə tədricən, nail olmaqla...


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: