AzVision.az xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) verilən məlumata görə, anımla bağlı əvvəlcə keçirilən mərasimə qatılan Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları, ARDNŞ (SOCAR) Ukrayna nümayəndəliyinin əməkdaşları, Ukraynanın dövlət xadimləri, ziyalılar, gənclər və diaspora fəalları Heydər Əliyevin Kiyev şəhərindəki abidəsini ziyarət edib, gül dəstələri qoyublar.
Anım mərasimində Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Nazim Əliyev çıxış edərək ümummili lider Heydər Əliyevin zəngin və şərəfli həyat yolundan danışıb.
Mərasimdə Müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərdən söz açan Azərbaycan Ağsaqqallar Şurasının Ukraynadakı nümayəndəsi Firudin Məmmədov, Ukraynanın tanınmış dövlət xadimi Anatoli Raxanski, Ukrayna Millətlər Assambleyasının prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, iqtisadi elmlər doktoru Möhlət Hüseynov, ARDNŞ-nin Ukrayna üzrə nümayəndəliyinin rəhbəri Elçin Məmmədov və digər şəxslər Heydər Əliyevin ərməğan qoyub getdiyi milli dövlətçilik ideologiyasının prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən qürur duyduqlarını bildiriblər.
Dünya Azərbaycanlılarının milli dövlətçilik ideologiyası ətrafında birləşməsində Ulu Öndərin tarixi xidmətlərindən bəhs edən natiqlər ömrünü xalqımızın və dövlətimizin xoş və parlaq gələcəyinə həsr etmiş Heydər Əliyev dühasının heç zaman unudulmayacağını vurğulayıblar.