800-dən çox kəndin fermerinə gübrələr güzəştli satılacaq
Bununla da mövsümün sonuna kimi 800-dən çox kənd və qəsəbədə fermerlər mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışından yararlanacaq: “Ölkədə mineral gübrənin satışı dövlət dəstəyi hesabına baş tutur. Bu gübrələr vətəndaşlara 70% güzəştlə satılır və satış həm “Aqrolizinq” ASC, həm də lisenziya əsasında fəaliyyət göstərən özəl şirkətlər tərəfindən aparılır. Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70%-lik güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər. Təbii ki, səyyar satışın təşkili gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınmasına kömək edəcək və vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmağımıza səbəb olacaq".
Elmin Rəhmanov pambıq sahələrində yığıma başlamaq üçün son hazırlıq işlərinə də toxunub. Bildirilib ki, hazırda Cəmiyyətin rayon bölmələrinin istifadəsində olan pambıqyığan kombaynlar yığıma hazırlanır. Belə ki, növbəti həftədən etibarən “Aqrolizinq” ASC-nin rayon bölmələrinin istifadəsində olan müasir tipli 123 kombayn vasitəsi ilə yığım həyata keçiriləcək. Eyni zamanda, pambıqçılıq sahəsində fəaliyyət göstərən iri şirkətlər tərəfindən də 288 pambıqyığan kombayn yığıma cəlb olunacaq: “Hesab edirik ki, hazırda istifadədə olan 411 kombayn vasitəsi ilə 100 000 hektardan çox olan pambıq sahəsində yığımın təşkil olunmasında heç bir çətinlik yaşanmayacaq. Qeyd edim ki, cari ildə Azərbaycanda 21 rayonda 100 112 hektar sahədə pambıq əkini həyata keçirilib ki, bunun 96 241 hektarı hüquqi şəxslərə, 3 871 hektarı fiziki şəxslərə məxsusdur”.
Cəmiyyətin sədri əlavə edib ki, yığım prosesi ilə yanaşı, məhsulun daşınması da vacib amillərdəndir. Bunun üçün “Aqrolizinq” ASC tərəfindən 125 ədəd “Belorus-80X” tipli traktor, 220 ədəd qoşqu vasitəsi ilə yığılmış pambığın operativ şəkildə itkisiz daşınması həyata keçiriləcək: “Pambıqçılıqla məşğul olan fermerlər Cəmiyyətimizin xidmətlərindən yüksək səviyyədə yararlanmaları üçün məlumatlandırılıblar. Onlar bizə müraciət etməklə xidmətlərimizdən faydalana bilərlər”.
Azvision.az