73 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb

73 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb
  26 Avqust 2019    Oxunub:1716
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac sentyabrın 24-də keçiriləcək.
Komitədən Azvision.az -a bildirilib ki, budəfəki hərraca ümumilikdə 73 dövlət əmlakı çıxarılıb. Onlardan 40-ı kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi, 19-u səhmdar cəmiyyəti, 14-ü nəqliyyat vasitəsidir.

Ölkənin müxtəlif regionlarında yerləşən kiçik dövlət müəssisələrinin faydalı sahəsi 12 kvadratmetr ilə 3101 kvadratmetr arasındadır. Uğurlu biznes imkanları olan dövlət müəssisələrindən biri paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsi, A.Abdullayev küçəsindədir. Faydalı sahəsi 312 kvadratmetr olan ticarət obyektinin ilkin hərrac qiyməti 25 min manatdır. Daşkəsən rayonu, Alunitdağ qəsəbəsindəki yardımçı təsərrüfat kifayət qədər geniş torpaq sahəsi ilə birgə hərraca çıxarılıb. Belə ki, investor ümumi faydalı sahəsi 1941 kvadratmetr olan dövlət əmlakını 41 min kvadratmetrlik torpaq sahəsi də daxil olmaqla özəlləşdirə bilər.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri kəndkimya, nəqliyyat, tikinti, xidmət və digər sahələrə aiddir. Buraxılmış səhmlərinin 30-45 faizlik səhm paketləri hərraca çıxarılmış dövlət əmlaklarına paytaxtda yerləşən “Azinterservis”, Beyləqanda “Çatal broyler”, Ağdaşda “Ləki Sinklənmiş qablar” kimi səhmdar cəmiyyətləri aiddir.

İstehsal tarixləri 1986-2007-ci illər arasında olan nəqliyyat vasitələri “Nissan”, “Chevrolet”, “Hyundai”, “Kia” və digər markalardır. Dövlət əmlakları üzrə hərraca qoşulmaq istəyən şəxslər Komitənin rəsmi saytı (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilərlər. Seçdiyi dövlət əmlakı üzrə sifarişi elektron formada verməklə yanaşı, investorlar özəlləşdirmədə onlayn iştirak edərək əmlak sahibi olmaq imkanı qazanır. Eləcə də, hərraca marağı olan hər kəs üçün prosesi qeydiyyatsız, elektron formada izləmək imkanı da yaradılıb.

Azvision.az


Teqlər: Hərrac  





Xəbər lenti