Qobustanda 13 km yol təmir olunur

  21 Avqust 2019    Oxunub : 1138
Qobustanda 13 km yol təmir olunur
Qobustan rayonunun Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri yüksək keyfiyyətlə və sürətlə davam etdirilir.
Qurumun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, başlanğıcını BakıŞamaxıYevlax avtomobil yolunun 88-ci km-dən götürən Ərəbqədim–Göydərə yolu 4-cü texniki dərəcəlidir.

Torpaq əsaslı və çınqıl örtüklü yolun eni və uzunu tikinti norma və standartlara uyğun deyildi. Bu üzdən torpaq işlərinin yerinə yetirilməsi tələb olunurdu. Bundan başqa texnoloji ardıcıllıqla bütün yolda yeni yol geyiminin tikilməsi zərurəti yaranmışdır. Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolun yenidən qurulması işlərinə start verib.

Yolun ümumi uzunluğu 13 km-dir. Yenidənqurma işləri çərçivəsində sözügedən yol boyu torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib. Layihə çərçivəsində yolun normativ eninin alınması üçün çınqıl materialı ilə yolun eninin 6-7 metrdən 10 metrə genişləndirilməsi və profilə salınması işləri aparılıb. Tikintinin aparıldığı ərazi 130 min kv.m-dən çoxdur.

Texnoloji ardıcıllığa uyğun olaraq bu işlərin ardınca hazırda yol əsasın alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılır. Daha sonra əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət və 12 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 78 min kv.m sahəni əhatə edəcək.

Layihə çərçivəsində çiyinlərin optimal çınqıl-qum qarışığından 12 sm qalınlığında bərkidilməsi, həmçinin giriş-çıxış yollarının təmiri işləri aparılacaq. Yol boyu yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac olduğu üçün, müxtəlif diametrlərə malik 6 ədəd yeni dairəvi suötürücü borunun quraşdırılması, həmçinin 1 dördbucaqlı su keçidinin inşası da nəzərdə tutulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında və yüksək keyfiyyətlə aparılan tikinti işlərindən sonra layihəyə uyğun olaraq, zəruri yerlərdə avtonəqliyyat vasitələrinin hərəkətin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədi ilə yol nişanları, məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Ərəbqədim–Göydərə sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan verəcək. Avtomobil yolu 2 mindən artıq əhainin yaşadığı 2 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

Regionların inkişafı Dövlət proqramlarına uyğun olaraq, son illərdə yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər kənd yollarının yenidən qurulmasını da geniş əhatə edir. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə uyğun olaraq kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmiri və yenidən qurulması işləri həyata keçirilir. Başlanğıcını BakıŞamaxıYevlax avtomobil yolunun 88-ci km-dən götürən Ərəbqədim–Göydərə yolunun yenidən qurulması da yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin tərkib hissəsidir.

Azvision.az


Teqlər: Yol   Təmir