57 dövlət əmlakı hərraca çıxarılıb
https://azvision.az/redirect.php?url=http://privatization.az/index.php/az/component/content/article?id=6387
Özəlləşdirməyə çıxarılan kiçik dövlət əmlaklarından ümumi faydalı sahəsi ən yüksək olan dövlət əmlakı Şəmkir rayonu, Keçili kəndindəki Şəmkir yun tədarükü məntəqəsidir. Adıçəkilən dövlət müəssisəsi ümumi faydalı sahəsi 3312 kvadratmetr olmaqla 62 min kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən “Lalə” şadlıq evi, “Mərdəkan” restoranı, “4 saylı” kafe xidmət sahəsi kimi istifadəyə uyğun olan kiçik dövlət müəssisələridir. Belə ki, bu kiçik dövlət əmlaklarının ümumi faydalı sahəsi 324,8 kvadratmetr ilə 1772,7 kvadratmetr arasındadır.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında nəqliyyat, kəndkimya, inşaat, təmir, istehsal, xidmət və digər sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Kürdəmir Aqrotexservis”, “Xəzər Avtonəqliyyat”, “Zaqatala Fındıq”, “Bərdə Kəndkimya” və digər bu kimi dövlət müəssisələri aiddir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Onların özəlləşdirməyə çıxarılan səhm paketləri ümumi səhmlərin 30-45 faizini təşkil edir.
Dövlət əmlakları barədə ətraflı məlumatları Komitənin rəsmi saytı (emdk.gov.az) və ya özəlləşdirmə portalı (privatization.az) vasitəsilə əldə etmək mümkündür. Hərraclara qoşulmaq istəyən şəxslər operativ sifariş imkanları ilə seçdiyi əmlak üzrə hərracda iştirak statusu qazana bilər. Bunun üçün qeydiyyatdan keçmək və müvafiq dövlət əmlakının ilkin qiymətinin 10 faizi miqdarında beh ödəmək kifayətdir. Hərraclar hər həftənin çərşənbə axşamı saat 10:00-da Əmlak Xidmətləri Məkanında keçirilir.
Azvision.az