Xarici ticarət dövriyyəsi 17 milyard dollar olub

Xarici ticarət dövriyyəsi 17 milyard dollar olub
  15 Avqust 2019    Oxunub:1486
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 16 milyard 866,2 milyon ABŞ dolları olub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, ixracın dəyəri 9 milyard 850,6 milyon dollar, idxalın dəyəri 7 milyard 15,6 milyon dollar təşkil edib, nəticədə 2 milyard 835 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 15,2 faiz, o cümlədən idxal 50,5 faiz artıb, ixrac 1,4 faiz azalıb. Real ifadədə isə dövriyyə 6,5 faiz, o cümlədən idxal 19,6 faiz, ixrac 0,4 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 28,1 faizini İtaliyaya, 12,4 faizini Türkiyəyə, 6,9 faizini Çinə, 6,3 faizini Hindistana, 5,7 faizini Almaniyaya, 5,5 faizini İsrailə, 4,3 faizini İspaniyaya, 3,8 faizini Rusiyaya, 3,3 faizini Çexiyaya, 3,2 faizini Gürcüstana, 2,6 faizini Fransaya, 2,3 faizini Birləşmiş Krallığa, 15,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,4 faizi İsveçrə, 14,3 faizi Rusiya, 9,7 faizi Türkiyə, 8,4 faizi Çin, 5,9 faizi ABŞ, 5,6 faizi Kanada, 4,7 faizi Almaniya, 4,1 faizi İran, 3,1 faizi Ukrayna, 2,9 faizi Avstraliya, 2,5 faizi İtaliya, 1,9 faizi Fransa, 1,8 faizi Qazaxıstan, 20,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Azvision.az


Teqlər: DSK   Ticarət  





Xəbər lenti