Daşkəsənin su və kanalizasiya sistemi dəyişdirilib
Daşkəsən şəhərində 17 kilometr paylayıcı su şəbəkəsi tikilib, 2030 ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb. Yeni yaradılmış su təchizatı sistemi ilə Daşkəsən şəhərinə fasiləsiz suyun verilməsi təmin olunub. Şəhərin kanalizasiya infrastrukturu da yenidən qurulur. Bu məqsədlə 11,5 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi inşa edilib. Tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə hazırda məhsuldarlığı sutkada 3500 kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası yekunlaşmaq üzrədir.
Layihə çərçivəsində Alunitdağ və Mədənçilər qəsəbələrinə də içməli suyun verilməsi nəzərdə tutulub. Ötən müddətdə Alunitdağ qəsəbəsinə suyun verilməsi təmin olunub.
İşçilərin əmək şəraitinin yaxşılaşdırılması, həmçinin istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə layihə çərçivəsində Daşkəsən Sukanal Sahəsi üçün müasir tipli inzibati bina inşa edilir.
Qeyd edək ki, Daşkəsən şəhərində 1950-60-cı illərdə yaradılmış ilk su təchizatı və kanalizasiya sistemləri şəhəri tam əhatə etmirdi və istismara yararsız vəziyyətə düşmüşdü.
Azvision.az
Teqlər: Azərsu