Manatın dövriyyəyə buraxılmasından 27 il keçir

  15 Avqust 2019    Oxunub : 2283
 Manatın dövriyyəyə buraxılmasından 27 il keçir
Bu gün Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 27 il ötür.

Azvision.az xəbər verir ki, milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də tədavülə buraxılıb. Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib.
Ölkədə pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası prezidentin 1992-ci il 11 fevral tarixli "Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulub.

Bununla əlaqədar olaraq, 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginaslar, noyabrda 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrda 5 manatlıq əsginas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əsginaslar dövriyyəyə buraxılıb.

Milli Bank tərəfindən ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə 1992-2005-ci illər ərzində 5 trilyon 238 milyard manat həcmində 692,5 milyon ədəd əsginas istehsal olunaraq dövriyyəyə buraxılıb. Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olub və denominasiya çərçivəsində dövriyyədən geri yığılıb.

2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat (AZN) 5000 köhnə AZM-ə bərabər tutulub. AZM və AZN-in birgə 1 il ərzində – 2006-cı ildə dövriyyədə olub və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edilib. Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əsginazlar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət olub.

2018-ci ilin mayın 23-də yeni 200 manatlıq pul nişanı təqdim olunub. Kağız pul nişanının üzərində ölkəmizin, paytaxtımızın ən müasir simvollarından biri olan Heydər Əliyev Mərkəzinin əzəmətli təsviri, mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elementləri, digər milli ornamentlər əks edilib.

Uzun illər Cənubi Qafqazın ən güclü və sabit valyutası olan Azərbaycan manatı 2015-ci il fevralın 21-də, 20 illik fasilədən sonra məzənnə dəyişikliyinə məruz qalıb. İkinci devalvasiya isə həmin ilin dekabrında yaşanıb.

Azvision.az

Teqlər: Manat