AQTA qarayaraya yoluxmanın səbəbini araşdırır

AQTA qarayaraya yoluxmanın səbəbini araşdırır
  31 İyul 2019    Oxunub:1524
İyulun 25-də Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Səhiyyə Nazirliyinin Sabirabad rayon Gigiyena və Epidemiologiya Mərkəzindən 1961-ci il təvəllüdlü Heydərov Malik Alış oğlu və 1950-ci il təvəllüdlü Qəfərov Tofiq Heybət oğlunun rayon Mərkəzi Xəstəxanasının infeksiya şöbəsində hospitalizasiya olunması və qarayara xəstəliyinə yoluxma şübhəsi əsasında hər iki şəxsdən müayinə materialları götürülərək İmişli Rayon Taun Əleyhinə Stansiyasına göndərilməsi və nəticələri ilə bağlı əlavə məlumat verilməsi haqqında məktub daxil olub.
AQTA-dan Azvision.az -a bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra Agentliyin mütəxəssislərindən ibarət araşdırma qrupu yaradılmış və hadisənin baş verdiyi əraziyə ezam olunub.

Araşdırma qrupu tərəfindən xəstəlik törədicisinin mənbəyinin müəyyən olunması məqsədilə epidemioloji və epizootoloji araşdırmalara başlanılıb. Bu məqsədlə daxil olan informasiyalar təhlil olunaraq, anamnez məlumatlar toplanmış, xəstəliyə yoluxması ehtimal olunan şəxslərin şəxsi təsərrüfat sahələrində, heyvanların saxlanıldığı ərazidə kliniki müayinələr həyata keçirilib, şəxsi təsərrüfatlarda olan heyvanların peyvəndləmə işləri təhlil olunub və heyvanların xəstəliyə yoluxma ehtimalı öz təsdiqini tapmayıb.

Agentlik əməkdaşları tərəfindən hadisənin baş verməsi ehtimal olunan mümkün səbəblər üzrə araşdırmaların əhatə dairəsi genişləndirilmiş və yoluxma ehtimalı olunan şəxsin qardaşına məxsus heyvan kəsimi məntəqəsinə baxış keçirilib.

Kəsim məntəqəsindən müvafiq nümunələr götürülərək aidiyyəti üzrə laboratoriyalara təqdim edilib. Aparılan araşdırmaların hazırkı mərhələsinə qədər həmin şəxslərin təmasda olduğu heyvanlarda və heyvandarlıq təsərrüfatında xəstəlik faktı aşkar olunmayıb.

Hazırda Agentliyin mütəxəssisləri tərəfindən laborator müayinələr və epidemioloji araşdırmalar, ehtimal olunan xəstəliyin törədicisinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Araşdırmaların nəticələri məlum olduqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək.

Azvision.az


Teqlər: AQTA   Qarayara  





Xəbər lenti