Gəncə hadisələri ilə bağlı 11 nəfər beynəlxalq axtarışdadır

 Gəncə hadisələri ilə bağlı 11 nəfər beynəlxalq axtarışdadır
  31 İyul 2019    Oxunub:1931
3 iyul 2018-ci il tarixdə radikal dini baxışlara malik Yunis Səfərov və digərləri tərəfindən Gəncə şəhərində törədilmiş terror aktı, qəsdən adam öldürməyə cəhd, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər və sair faktlarla bağlı başlanmış cinayət işinin istintaqı peşəkarlıqla davam etdirilərək, ümumilikdə mütəşəkkil dəstənin 29 üzvünün Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilib, həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunub.
Azvision.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində məlumat verilib.

Bildirilib ki, 10 iyul 2018-ci il tarixdə Gəncə şəhərində radikal dini yönümlü bir qrup şəxs tərəfindən zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi, 2 polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilərək, iş üzrə 61 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilib. Onlardan 1 nəfər axtarışda olduğu dövrdə polis əməkdaşları tərəfindən zərərsizləşdirilib, 1 nəfər barəsində isə axtarış tədbirləri davam etdirilir.

Ümumilikdə, 2018-ci ilin noyabr ayından etibarən iş üzrə cinayəti törətdikdən sonra ölmüş təqsirləndirilən şəxs də daxil olmaqla 60 nəfər barəsində 8 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib. 6 cinayət işi üzrə 44 şəxs barəsində ittiham hökmləri çıxarılaraq təqsirləndirilən şəxslər müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilib, 16 nəfər barəsində 2 cinayət işi üzrə isə məhkəmə baxışı davam edir.

Azvision.az



Teqlər: Baş-Prokurorluq   Gəncə  





Xəbər lenti