“Yüksəliş” müsabiqəsi: Sərəncamın əsas məqsədi açıqlandı
İclasda müsabiqənin keçirilməsinin əsas məqsədləri, qaydalar, mexanizmlər, işçi qrupunun tərkibi və fəaliyyət istiqamətləri, mükafatlar, qaliblərlə iş və digər məsələlər müzakirə edilib. Bu müsabiqəyə intellektual potensialına güvənən, liderlik və idarəetmə bacarıqları olan, dövlət və özəl sektorda istənilən vəzifədə çalışanlar qoşula bilər. Müsabiqənin bir neçə mərhələdən ibarət olması planlaşdırılır. Hər mərhələdə iştirakçılar öz bilik və bacarıqlarını nümayiş etdirməlidirlər. Ən yüksək nəticə göstərən iştirakçılar qalib elan olunacaq və adları kadr ehtiyatı bazasına daxil ediləcəkdir. Qaliblərin kadr hazırlığı üzrə müxtəlif təhsil və digər proqramlarla təltif edilməsi də nəzərdə tutulur. Eyni zamanda, Təşkilat Komitəsinin müəyyən etdiyi İdarəçi Rəhbərlər qaliblərlə birbaşa işləyəcəklər. Bununla da qaliblər praktiki biliklərini artırmaq imkanı əldə edəcəklər.
Müsabiqə ilə bağlı geniş məlumatlandırma kampaniyasının keçirilməsi qərara alınıb. Müsabiqə müəyyən yaş kateqoriyasına aid və müvafiq təcrübəyə malik hər bir vətəndaş üçün açıq olacaq. Müsabiqənin internet səhifəsinin tez bir zamanda hazırlanmasına dair tapşırıqlar verilib,
Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev işçi qrupunun rəhbəri təyin edilib.
Azvision.az