Xaçmazda yeni toxum emalı zavodu fəaliyyətə başlayıb
Emal prosesi dörd mərhələdən ibarətdir. İlk mərhələdə əsas daş qalıqları və iri saman çöpləri, ikinci mərhələdə xırda saman çöpləri və vələmir, üçüncü mərhələdə xırda buğdalar, dördüncü mərhələdə buğda köynəyi və boş buğdalar təmizlənərək kalibrləmə edilir. Təmizlənmiş buğdalar sürmə xəstəliyinə qarşı maddə ilə dərmanlanaraq 50 kiloqramlıq kisələrə yığılır.
Zavodunun əsas üstünlüyü toxum emalını az itki ilə həyata keçirməsidir. Xaçmaz toxum emalı zavodu regionun toxum istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayacaq. Burada yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumlar emal ediləcək, fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, qablaşdırılması, sertifikatlanması həyata keçiriləcək.
Zavodda fermerlərin emal prosesini onlayn rejimdə müşahidə edə bilməsi üçün bütün zəruri tədbirlər görülüb. Bu məqsədlə zavodun emal, dərmanlama, qablaşdırma, laboratoriya və tərəzinin yerləşdiyi hissəsində yüksək rezolusiyalı kameralar quraşdırılıb. Bu kameralar vasitəsi ilə fermerlərin təqdim etdikləri toxumların emalı prosesini onlayn qaydada, real zaman rejimində izləmək mümkün olacaq. Toxum emalı prosesini müşahidə etmək üçün fermerlərə ilk növbədə İP təqdim ediləcək. Bununla da onlar toxumların təmizlənməsi prosesini məsafədən müşahidə etmək imkanını əldə edəcəklər.
Azvision.az