Akademiyada "Açıq qapı" günü təşkil olunub

Akademiyada "Açıq qapı" günü təşkil olunub
  19 İyul 2019    Oxunub:1814
Dövlət Gömrük Komitəsinin Akademiyasında keçirilən "Açıq qapı" günündə abituriyentlər və onların valideynləri ilə görüş keçirilib.
Azvision.az -ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi Qulu Novruzov bu ali təhsil ocağının Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 yanvar tarixli müvafiq Sərəncamına əsasən yaradıldığını, ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi olduğunu bildirib. Akademiyanın əsas fəaliyyət istiqamətlərindən söz açan Qulu Novruzov gömrük xidmətinin ölkə iqtisadiyyatına və dövlətin milli təhlükəsizliyinə xidmət edən bir sahə olduğunu bildirib. O, abituriyent qəbulu ilə yanaşı, gömrük orqanlarında çalışan əməkdaşların peşəkarlığının artırılması üçün Akademiyada təlimlərin təşkil olunduğunu deyib.

2014/2015-ci tədris ilində Akademiyaya II ixtisas qrupu üzrə "İqtisadiyyat" və III ixtisas qrupu üzrə "Hüquqşünaslıq" ixtisasına ilk dəfə tələbə qəbulunun həyata keçirildiyini bildirən Qulu Novruzov 2019/2020-ci tədris ilindən başlayaraq I ixtisas qrupunda "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə, eləcə də magistraturaya Dünya iqtisadiyyatı - Gömrük işi və Hüquqşünaslıq - Beynəlxalq hüquq ixtisasları qəbulun gerçəkləşdiyini də vurğulayıb.

"Bizim əsas missiyamız yetkin şəxsiyyətlər yetişdirməkdir" – deyə sözünə davam edən Akademiya rəisi qeyd edib ki, hər bir gənc, ilk növbədə, Azərbaycan dəyərlərinə sadiq vətəndaş olmalıdır. Qulu Novruzov gömrük orqanlarında çalışan Dövlət Gömrük Komitəsinin "Könüllü gömrükçü" dəstəsinin üzvlərinin yarıdan çoxunun Akademiya tələbələri olduğunu bildirib.

Azərbaycan gömrük xidmətinin beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi uğurlardan da bəhs edən Qulu Novruzov bu il iyunun 29-da ÜGT-nin Brüssel şəhərində keçirilən Gömrük Əməkdaşlıq Şurasının 133/134-cü sessiyaları çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin ÜGT Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, eləcə də bu təşkilatın 52 ölkəni özündə birləşdirən Avropa Regionu üzrə rəhbəri vəzifəsinə seçilməsini xatırladıb. O, bu uğurun ölkə başçısının apardığı daxili və xarici siyasətin məntiqi nəticəsi olduğunu deyib.

12-14-iyun tarixində ÜGT-nin İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisindən də söz açan Qulu Novruzov bu beynəlxalq tədbirin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Akademiyanın beynəlxalq əlaqələrinin ildən-ilə genişləndiyini və bu aspektdə tələbələrin beynəlxalq tədbirlərdə iştirakına da toxunan Akademiyanın rəisi tələbələrin bu il Vaşinqtonda Beynəlxalq Hüquq Tələbələri Assosiasiyası (ILSA) tərəfindən təşkil olunan dünyanın ən böyük məhkəmə müsabiqəsi "Philip C. Jessup" beynəlxalq məhkəmə müsabiqəsində Azərbaycanı təmsil etdiklərini diqqətə çatdırıb.

Qulu Novruzov dərslərin təşkili, imtahanların keçirilməsi ilə bağlı məsələlərə də toxunaraq imtahanların "klaviatura-monitor" prinsipi ilə aparıldığını bildirib, tam elektron sistemin qurulduğunu, innovativ texnologiyaların tətbiq olunduğunu vurğulayıb.

Görüş çərçivəsində abituriyentləri və onların valideynlərini maraqlandıran suallar ətraflı cavablandırılıb.

Sonra görüş iştirakçıları texniki nəzarət vasitələri otağı, müxtəlif laboratoriya və innovativ metodlarla qurulmuş auditoriyalarla, İNCU mərkəzi ilə, tibbi xidmət otağı, yeməkxana ilə tanış olublar.

Sonda abituriyentlər və valideynlər keçirilən səmərəli və səmimi görüşə görə Akademiya rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Azvision.az


Teqlər: Göç  





Xəbər lenti