"Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirmək üçün çox işlər görürük"
"Nəqliyyat sektoruna gəlincə, Azərbaycanda logistika və nəqliyyat sahəsinə yatırılan investisiyalar bizə mühüm nəqliyyat habına çevrilmək imkanı verib. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ölkəmizin ərazisindən keçir. Sözsüz ki, coğrafi mövqeyimiz üstünlük yaradır, lakin nəqliyyat sektoruna investisiyalar yatırılmasaydı, coğrafi mövqeyimiz o qədər də böyük məna kəsb etməzdi. Bu səbəbdən də son illərdə bizim bu istiqamətdəki səylərimiz artıq yaxşı nəticələr verir, Azərbaycan mühüm tranzit ölkəyə çevrilir. Gələcəkdə bizim tranzit ölkə kimi rolumuz sözsüz ki, artacaq.
Biz digər sektorlarda da yaxşı əməkdaşlıq edirik. Ümidvarıq ki, bütün planlarımız həyata keçiriləcək. Çünki Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır. Mən bu əlaqələrin inkişafına verdiyi şəxsi töhfəyə görə xüsusilə Prezident Tuska minnətdarlığımı bildirmək istərdim. O, Azərbaycandakı vəziyyətə yaxşı bələddir. Onun bizim yaxınlaşmağımızda rolu çox mühümdür. Biz də öz tərəfimizdən Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı gücləndirmək üçün çox işlər görürük. Mən, həmçinin qeyd etmək istərdim ki, Azərbaycan Avropa İttifaqının bir neçə üzv ölkəsi ilə strateji tərəfdaşlığa dair sənədləri qəbul edib və ya imzalayıb. Bu da bizim əməkdaşlığımıza yaxşı töhfədir.
Cənab Prezident, bir daha xoş gəlmisiniz. Bu gün bizimlə olduğunuza görə təşəkkür edirəm", deyə dövlət başçısı qeyd edib.
Azvision.az
Teqlər: Prezident Avropaİttifaqı Bəyanat