Növbədənkənar sessiya ilə bağlı yanlış xəbər yayılıb

Növbədənkənar sessiya ilə bağlı yanlış xəbər yayılıb
  03 İyul 2019    Oxunub:2329
“Son günlər bəzi Kütləvi İnformasiya Vasitələrində Milli Məclisin iyul ayında təcili növbədənkənar sessiyasının çağırılması ilə bağlı yanlış xəbər yayılıb”.
Bu barədə Azvision.az -a Milli Məclisin Mətbuat xidmətindən daxil olan məlumatda deyilib.

Bildirilib ki, hər il yaz sessiyası bitdikdən sonra Milli Məclisin qanunverici işlər planında olan və qanunverici təşəbbüsü subyektləri tərəfindən təqdim edilən qanun layihələrinin müzakirəsi üçün yay aylarında növbədənkənar sessiya çağırılır:

"Həmin növbədənkənar sessiya maksimum iyul ayının 15-dək - Milli Məclisin tətilə çıxdığı müddətədək davam oluna bilər. Bu il də hər il olduğu kimi Milli Məclisin növbədənkənar sessiyası çağırılmışdır. Həmin sessiyanın iclaslarının gündəliyinə daxil olan qanun layihələri üç oxunuşdan keçməlidir. Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi iqtisadi, sosial və digər sahələrdəki islahatların qanunvericilik baxımından təmin edilməsi üçün Milli Məclisin növbədənkənar sessiyasında artıq üç iclas keçirilib. Həmin məsələləri tamamlamaq üçün iyul ayındakı iclaslarda qanun layihələri ikinci və üçüncü oxunuşdan keçiriləcək. Növbədənkənar sessiyanın növbəti iclaslarının iyulun 9-da və 12-də keçirilməsi nəzərdə tutulur. Xüsusi ilə qeyd etmək lazımdır ki, nə Azərbaycan Respublikasının Konstitusiyasında, nə də ki, Milli Məclisin Daxili Nizamnaməsində “təcili” və yaxud “fövqəladə” sessiyaların keçirilməsi nəzərdə tutulmayıb. Milli Məclis həmişə olduğu kimi normal iş qaydasında fəaliyyət göstərir. Milli Məclisin iyul ayının 15-dək keçiriləcək iclaslarında qeyri-adi bir şey axtarmağın heç bir əsası yoxdur. Milli Məclisin Mətbuat xidməti bir daha bəzi Kütləvi İnformasiya Vasitələrinə müraciət edir ki, əsası olmayan, yoxlanılmamış məlumatlarla ictimaiyyəti yayındırmasınlar”,- qeyd olunub.

Azvision.az


Teqlər: Milli-Məclis   İclas  





Xəbər lenti