Azərbaycan-İsveçrə Birgə Komissiyası toplandı

Azərbaycan-İsveçrə Birgə Komissiyası toplandı
  29 İyun 2019    Oxunub:1753
Berndə Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayevin və İsveçrə Konfederasiyasının Federal Şurasının ticarət sazişləri üzrə nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Ervin Bolingerin həmsədrlik etdiyi Birgə komissiyanın iclasında hər iki ölkənin komissiyada təmsil olunan qurumlarının rəsmiləri və özəl sektorun təmsilçiləri iştirak edib.

İclasda nazir Şahin Mustafayev dünyada iqtisadi artım tempinin, ticarət və emal sektorunun zəifləməsinə, qlobal iqtisadiyyatdakı risklərə baxmayaraq, Azərbaycanda həyata keçirilən məqsədyönlü, qlobal çağırışlara cavab verən siyasət nəticəsində yaradılmış siyasi-iqtisadi və maliyyə sabitliyini, ölkəmizin böyük tranzit potensialını, həyata keçirilən iri regional layihələri, əlverişli biznes və investisiya mühitini diqqətə çatdırıb, dəyişkən qlobal iqtisadi proseslər fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlılıq göstərdiyini, ölkəmizdə kompleks sosial islahatların həyata keçirildiyini vurğulayıb. Makroiqtisadi və maliyyə sabitliyinin qorunması istiqamətində görülmüş işlər nəticəsində 2019-cu ilin 1-ci rübündə Azərbaycanda ÜDM 3 faiz, qeyri-neft ÜDM-i 1,7 faiz, qeyri-neft sənayesi 16,1 faiz artıb. Hesablamalara görə, 2019-cu ildə ÜDM 3,2 faiz, qeyri-neft ÜDM-i isə 3,4 faiz artacaq.

Ötən il ölkə iqtisadiyyatına 8,2 milyard dolları xarici investisiyalar olmaqla, 15,3 milyard dollar investisiya yatırılıb. Ümumilikdə isə, müstəqillik illərində investisiyaların həcmi 263 milyard dollar olub ki, bunun da 50 faizdən çoxu xarici sərmayələrdir. Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8,9 milyard dollar olmaqla, ÜDM-in 19 faizini təşkil edib. Təsadüfi deyildir ki, Avropa İttifaqı Biznes Mühiti Hesabatı üçün bu il keçirilmiş sorğuda Aİ şirkətlərinin 74 faizi Azərbaycandakı makroiqtisadi vəziyyəti güclü və qənaətbəxş, 9 faizi isə makroiqtisadi vəziyyətin perspektivlərini yaxşı və sabit kimi qiymətləndirib.

Qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafının Azərbaycanın iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu vurğulayan nazir Ş.Mustafayev ölkəmizdə yaradılan sənaye və texnologiyalar parkları, sənaye məhəllələri və aqroparklar barədə məlumat verib, İsveçrə iş adamlarını Azərbaycandakı əlverişli işgüzar mühitdən yararlanmağa dəvət edib. Nazir ölkəmizdə sahibkarlığın inkişafı, qeyri-neft ixracının artırılması və ixracın şaxələndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Qeyd edib ki, həyata keçirilən islahatlar və tədbirlərin məntiqi nəticəsində Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, MDB ölkələri arasında lider olmaqla, dünyanın ən islahatçı 10 ölkəsindən biri və ən çox islahat aparan ölkə hesab edilir.

Azərbaycanın İsveçrə ilə əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini bildirən İqtisadiyyat naziri ölkəmizin İsveçrənin Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşı olduğunu qeyd edib. 2018-ci ildə İsveçrənin Cənubi Qafqaz üzrə ümumi dövriyyəsinin 52 faizini məhz Azərbaycanla ticarət təşkil edib. Belə ki, ötən il Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi 648 milyon dollar olub ki, bu da 2017-ci il ilə müqayisədə 2,7 dəfə çoxdur. 2019-cu ilin yanvar-may aylarında ikitərəfli ticarət dövriyyəsi 881 milyon dollar və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 dəfə çox olub. Azərbaycanın qeyri-neft məhsullarının ixracında İsveçrə qabaqcıl yerlərdən birini tutur.

Nazir qeyd edib ki, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi üçün ardıcıl tədbirlər görülür, ixrac missiyaları və biznes forumlar təşkil olunur. Azərbaycanın ixrac missiyalarından ikisi İsveçrəyə təşkil edilib. 2017-ci ildən etibarən Azərbaycanın Polşadakı səfirliyində İsveçrə də daxil olmaqla, Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi fəaliyyət göstərir.

İqtisadi əlaqələrin genişləndirilməsi istiqamətlərindən danışan Ş.Mustafayev sənaye, kənd təsərrüfatı, əczaçılıq, tranzit daşımaları, turizm və sair sahələrdə geniş potensialın olduğunu diqqətə çatdırıb, Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyinə yeni və mühüm töhfə olduğunu, bu sahədə əlaqələrin daha da genişlənəcəyini bildirib.

Komissiyanın iclasında Azərbaycanın nəqliyyat-tranzit imkanları barədə məlumat verilib, ölkəmizin ərazisindən keçən “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin yükdaşımalar üçün məsafə və müddət baxımından olduqca əlverişli olduğu diqqətə çatdırılıb.

İclasda müxtəlif sahələrdə əməkdaşlığın inkişafı perspektivləri barədə müzakirələr aparılıb, iqtisadi-ticarət əlaqələrinin, investisiya, turizm, təhsil, İKT, kiçik və orta biznes üzrə əməkdaşlığın genişləndirilməsi imkanları, bir sıra məhsulların, o cümlədən fındıq ixracının artırılması üçün böyük potensialın olduğu qeyd edilib.

İsveçrə Konfederasiyasının Federal Şurasının ticarət sazişləri üzrə nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Ervin Bolinger ölkəsinin Azərbaycanla əlaqələrinin yüksək səviyyədə olduğunu, İsveçrə şirkətlərinin Azərbaycanda aparılan islahatları müsbət qiymətləndirdiklərini və İsveçrə iş adamlarının Azərbaycanda uğurlu fəaliyyətini qeyd edib, Azərbaycanda əlverişli biznes mühitinin yaradıldığını vurğulayıb. Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib, əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. E.Bolinger İsveçrə iqtisadiyyatı barədə məlumat verib, Azərbaycan-İsveçrə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində və yeni əməkdaşlıq imkanlarının təşviq olunmasında komissiyanın rolunu vurğulayıb.

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev və İsveçrə Federal Şurasının ticarət sazişləri üzrə nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Ervin Bolinger imzalayıb. Sənəddə iqtisadi-ticarət, enerji, sənaye, İKT, təhsil, kənd təsərrüfatı, turizm və sair sahələrdə əməkdaşlığın, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi nəzərdə tutulur.

Hökumətlərarası Komissiyanın iclası çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İsveçrənin Kiçik və Orta Sahibkarlar Assosiasiyası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov və İsveçrənin Kiçik və Orta Sahibkarlar Assosiasiyasının prezidenti Jozef Rosenflu imzalayıblar.

Memorandum Azərbaycan və İsveçrənin kiçik və orta biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə ticarət, investisiya, iqtisadi əməkdaşlıq, kiçik və orta biznes sahələrində qarşılıqlı məlumat, həmçinin KOB sektorunda təcrübə mübadiləsini, bu sahədə əlaqələrin inkişafı üçün birgə təşviq tədbirlərinin təşkilini və digər istiqamətlərdə əməkdaşlığı ehtiva edir.

Azvision.az



Teqlər: İsveçrə   Komissiya   İclas  





Xəbər lenti