Kümçülər 617,3 ton yaş barama təhvil verib

Kümçülər 617,3 ton yaş barama təhvil verib
  22 İyun 2019    Oxunub:2790
Respublika üzrə yaş barama tədarükü davam edir. İyunun 21-nə kümçülər tərəfindən “Azəripək” MMC-yə 617,32 ton yaş barama təhvil verilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a verilən məlumata görə, ötən gün kümçülər 7,68 ton yaş barama təhvil veriblər. Ən çox yaş barama təhvili iyunun 13-də qeydə alınıb. Qeyd olunan tarixdə kümçülər ümumilikdə 121,69 ton yaş barama təhvil veriblər.

Barama tədarükünə görə Zərdab, Ağcabədi, Zaqatala, Füzuli, Şəki, Balakən, Bərdə, Qax, Kürdəmir, Ağdaş, Tərtər və Ağdam rayonları öndədir. Bu günədək Zərdabda 65,31 ton, Ağcabədidə 53,46 ton, Zaqatalada 52,69 ton, Füzulidə 49,56 ton, Şəkidə 44,34 ton, Balakəndə 44,14 ton, Bərdədə 36,44 ton, Qaxda 27,06 ton, Kürdəmirdə 22,61 ton, Ağdaşda 17,36 ton, Tərtərdə 16,97 ton, Ağdamda 16,34 ton, Göyçayda 15,71 ton, Sabirabadda 14,01 ton, Qəbələdə 14,36 ton, Şəmkirdə 13,39 ton, Ucarda 11,91 ton, Tovuzda 10,49 ton yaş barama tədarük olunub. Hazırda ölkə üzrə 38 rayonda yaş barama tədarükü aparılır.

“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azəripək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.

Baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə keçən il dekabrın 4-də Çindən gətirilən 1 milyon tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.

Azvision.az


Teqlər: Barama  





Xəbər lenti