Kümçülər 451 ton yaş barama təhvil veriblər
Qeyd edək ki, 2019-cu ildə 800 ton barama istehsalı proqnozlaşdırılır. 2018-ci ildə kümçülər tərəfindən ümumilikdə 513,9 ton yaş barama təhvil verilib ki, bu da bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur.
Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.
Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.
Baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 milyon ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.
Azvision.az
Teqlər: Kümçü