Əcnəbilər üçün 9, bizə isə 2 manata - “Yanardağ”dan REPORTAJ (FOTOLAR)

Əcnəbilər üçün 9, bizə isə 2 manata -  “Yanardağ”dan REPORTAJ (FOTOLAR)
  13 İyun 2019    Oxunub:6879
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna press-tur təşkil olunub.

Azvision.az bildirir ki, "Yanardağ" Bakıdan 27 kilometr uzaqlıqda Məhəmmədi-Digah yolunda yerləşir. Əvvəllər qoruq ərazisi baxımsızlıqdan pis vəziyyətdə idi.
Prezident İlham Əliyevin 2018-ci il 17 iyul tarixində imzaladığı sərəncamla qoruq əsaslı şəkildə təmir olunaraq istifadəyə verilib.

“Yanardağ” yerli turistlərlə yanaşı əcnəbilərin də daha çox ziyarət etdiyi tarixi məkanlar sırasındadır. Qoruq ərazisində həm muzey, həm də uşaqlar üçün əyləncə məkanları, kafe, 500 nəfərlik amfiteatr yaradılıb.



Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, “Yanardağ” qoruğunu gün ərzində 500-700 əcnəbi turist ziyarət edir: “Hər gün bura çoxlu turist gəlir. Hazırda bu dinamika müşahidə edilir. Turistlərin oda baxmaqla yanaşı, rahat dincəlməsi üçün qoruq ərazisində hər cür şərait yaradılıb. Burada muzey, istirahət üçün kafe, uşaqlar üçün əyləncə yerləri də var”.



Agentliyinin rəsmisi Elşən Mustafayev qeyd edib ki, yenidənqurma və bərpa işlərindən sonra qoruqda digər tarix mədəniyyət nümunələri aşkar edilib.

“Əvvəl turistlər yalnız “Yanardağ” abidəsini ziyarət edirdilər, lakin biz turizm maşrutunu genişləndirmək və diqqəti digər mədəni irs nümunələrinə yönləndirmək istəyirik. Qoruq ərazisində qədim dövrə aid insan düşərgəsi, qədim mağaralar, palçıq vulkanı, kükürdlü su bulağı kimi abidələr var. Osmanlı əsgərlərinin qazıb istifadə etdikləri səngərlər də qoruğumuzun ərazisində yerləşir. Həmçinin kurqanlar mövcuddur. Bunlar göstərir ki, Azərbaycanı xarici turistlərə tanıdacaq mədəni irs nümunələri mövcuddur”.



Qeyd edək ki, “Yanardağ” qoruğuna giriş əcnəbilər üçün avqustun 1-dən etibarən 9 manat olacaq. Yerli vətəndaşlar üçün qiymət dəyişilməz olaraq qalır - 2 manat. 10 yaşadək şəxslər isə “Yanardağ”ı pulsuz ziyarət edə bilərlər.





























Aytən Zəhra
Azvision.az


Teqlər: Yanardağ   Tur  





Xəbər lenti