Bu il 33 nəfər direktor vəzifəsinə qəbul edilib

 Bu il 33 nəfər direktor vəzifəsinə qəbul edilib
  12 İyun 2019    Oxunub:1771
Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2018-2019-cu dərs ili üçün 1350 vakansiya təqdim olunub. Müəllimlərin işə qəbulu müsabiqəsi və müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlər üçün Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş müsahibələrin nəticəsində 790 nəfər daimi əsaslarla işə qəbul olunub.
Azvision.az xəbər verir ki, bunu Bakı Şəhər Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev 2018-2019-cu tədris ili üçün hesabatla çıxış edərkən deyib. O bildirib ki, 2018-2019-cu tədris ilində ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi prosesi nəticəsində 265 müəllim iş yerini dəyişib.

“Müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1210 namizəd müddətli müqavilə ilə işə qəbul üçün göndərilib. 2019-cu ilin aprel ayında Təhsil Nazirliyi tərəfindən təşkil edilən daimiləşmə prosesində müddətli müqavilə ilə çalışan 269 müəllimin 2019-2020-ci dərs ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə işə qəbuluna razılıq verilib”.

R.Tağıyev qeyd edib ki, BŞTİ-nin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1572 işçidən 995 nəfər ilə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib. “Bunlardan 492 nəfəri əvvəlki illərdə, 503 nəfəri isə cari tədris ili ərzində çalışmanın yaş həddinə çatmış şəxslər olub.

2018-2019-cu tədris ilində təşkil edilən müsabiqələr vasitəsilə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 61 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə, 25 nəfər tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə, 30 nəfər psixoloq vəzifəsinə, 29 nəfər kitabxanaçı vəzifəsinə, 16 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı üzrə rəhbər vəzifəsinə, 44 nəfər uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə, 190 nəfər laborant vəzifəsinə, 5 nəfər BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə işə qəbul olunub. Ümumilikdə, 400 nəfərin işə qəbulu həyata keçirilib.

Qeyd edilən vəzifələrə növbəti işə qəbul müsabiqəsi 2019-cu ilin yanvar ayında elan edilib. Hazırda sonuncu (müsahibə) mərhələsinin təşkilinə hazırlıq işləri görülən yeni müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, imtahanda iştirak edən 1 655 namizəddən 555 nəfəri keçid balından yüksək nəticə göstərib”.

İdarə rəisi qeyd edib ki, imtahanların nəticələrinə və mövcud olan vakansiyalara uyğun olaraq keçid balları müəyyənləşdirilib. Müəyyən edilmiş keçid ballarına əsasən, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə 106, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə işə qəbul üzrə 54, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə 21, psixoloq vəzifəsinə işə qəbul üzrə 40, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə işə qəbul üzrə 54, laborant vəzifəsinə işə qəbul üzrə 248, kitabxanaçı vəzifəsinə işə qəbul üzrə 32 namizəd növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

“Məktəb direktorlarının işə qəbulu üzrə keçirilən müsabiqə nəticəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 2018-2019-cu tədris ili ərzində 33 nəfər direktor vəzifəsinə işə qəbul edilib.
İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 580 manat təşkil edir”.

Azvision.az



Teqlər: BŞTİ   Müəllim   İşəqəbul  





Xəbər lenti