"Dini siyasətə alət etmək olmaz" - Gündüz İsmayılov
Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov dini radikalizmin yaranma səbəbləri və onunla mübarizə metodlarından danışıb. Sədr müavini, eyni zamanda deyib ki, dini inanc sistemi əxlaqi və mənəvi dəyərlər çərçivəsindən çıxıb, siyasi bir ideologiyaya çevriləndə, eləcə də geniş bir kütlə tərəfindən dəstəklənən siyasi bir təşkilatlanma şəklində təzahur edəndə dini radikalizm meydana gəlir.
Onun sözlərinə görə, din və siyasətin birləşməsi birinci növbədə dinin siyasi məqsədlər üçün vasitəyə çevrilməsinə gətirib çıxarır. “Dinin ilkin hədəf və məqsədi insanların ruhi saflığı və mənəvi tərbiyə vasitəsi olduğuna görə, onu siyasətə alət etməyə yol vermək olmaz. Buna görə də, liberal demokratik siyasi quruluşlar inanc və etiqad azadlıqlarını qanunlarla təminat altına alır, digər tərəfdən isə dini siyasətdən və dövlətdən ayırmaqdadır”,- deyə komitə sədrinin müavini əlavə edib.
Azərbaycanın unitar, hüquqi, demokratik və dünyəvi dövlət olduğunu bildirən G.İsmayılovun sözlərinə görə, respublikamızda dünyəvilik konstitusiyada öz əksini tapıb. Sədr müavini onu deyib ki, dövlət dindən ayrı olsa da, dindar dövlətdən ayrı deyil. Hər bir diondar dövlətimizin qayğısı ilə əhatə olunub. Bildirilib ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir. Seminar-treninq iyunun 13-də öz işini müzakirələrlə davam etdirəcəkdir.
Azvision.az