Spikerin iradına nazir müavini cavab verdi: “Pul xərcləyə bilmirlər”

Spikerin iradına nazir müavini cavab verdi:  “Pul xərcləyə bilmirlər”
  04 İyun 2019    Oxunub:2953
Yaxın gələcəkdə ölkədə onlayn kassa tətbiq olunacaq.

Azvision.az xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” adlı konfransda çıxışı zamanı bildirib. Nazir müavini qeyd edib ki, hazırda onlayn kassa test rejimində tətbiq olunur:
“Nazirlər Kabinetinin hazırladığı qrafikə əsasən aparatlar təsdiq olunacaq. Məqsəd sahibkarların üzərinə əlavə yükün düşməməsidir. Amma bu sahədə problemlər çoxdur. Problemlər əsasən vərdişlərlə bağlıdır. Bu vərdişlər çoxdan formalaşıb və birdən-birə dəyişmək də çətindir. Amma biz uzun müddət oturub gözləyə də bilmərik”.

S.Ələkbərov, həmçinin POS-terminalların işləməməsi barədə iradlara münasibət bildirib: "Azərbaycanda fəaliyyət göstərən POS-terminalların sayı azalaraq, 80 mindən 67 minə düşüb. Milli Məclisdə POS-terminalların işləməməsi ilə bağlı məsələ qaldırıldı. POS-terminallar ölkədə 10 ildən artıqdır ki, tətbiq olunur. POS-terminalların və kartların sayı kifayət qədərdir, amma bunlar işləmir. Ölkəmizə gələn turistlərin sayı artır. Onlar POS-terminalları görməyəndə pul xərcləyə bilmirlər. Biz artıq beynəlxalq tədbirlər keçirən ölkəyik. Nə üçün bu problemlər olmalıdır? Bu çatışmazlığı qısa müddətdə həll etməliyik”.

Qeyd edək ki, Milli Məclisin sədri Oqtay Əsədov Bakıda POS-terminalların işləməməsindən şikayət edib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Sahib-Ələkbərov   Vergilər-Nazirliyi   Spiker   Oqtay-Əsədov  





Xəbər lenti