85 dövlət əmlakı hərraca çıxarıldı

85 dövlət əmlakı hərraca çıxarıldı
  03 İyun 2019    Oxunub:1988
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən iyulun 2-də keçiriləcək hərraca investorları cəlb edə biləcək çoxçeşidli əmlaklar çıxarılıb.
Komitədən Azvision.az -a verilən məlumata görə, özəlləşməyə çıxarılan 85 əmlakdan 19-u səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisəsi, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 16-sı nəqliyyat vasitəsi, biri isə yarımçıq tikilidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, təmir, sənaye, nəqliyyat və digər sahələrə, eyni zamanda, özəlləşməyə çıxarılan əmlaklardan 15-i xidmət, 5-i sənaye, biri səhiyyə qalanları isə müvafiq olaraq kənd təsərrüfatı və təmir sahələrinə aiddir.

Özəlləşməyə çıxarılan əksər əmlaklar sərmayəçilər üçün yaxşı gəlir mənbəyidir. Belə obyektə Abşeron rayonunda yerləşən 30 saylı mağazanı nümunə kimi göstərmək olar. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 184,6 kvadratmetr, torpaq sahəsi isə 231 kvadratmetrdir. Həmin obyekt investorlar üçün xidmət sahəsində əlverişlidir. Obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilir.

Bundan başqa, sənaye sahəsində də fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. "Çinar" soyuducular zavodunun "Şəmkir" filialı belə əmlaklardandır. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 2 min 100 kvadratmetrədək, torpaq sahəsi isə 27 min kvadratmetrdən çoxdur. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin əmlakın fəaliyyətinin genişləndirilməsi bu məhsulla bağlı tələbatın ödənilməsinə öz töhfəsini verə bilər.

Özəlləşməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 5-i paytaxtda, qalanları respublikanın digər rayon və şəhərlərində yerləşir. Belə əmlakların sahəsi 24 kvadratmetr ilə 200 kvadratmetr arasında dəyişir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə "Azinterservis", "Bərdə Kərpic", "Çatal Broyler", "Ləki Sinklənmiş qablar" və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumatı Özəlləşmə portalının "Hərraclar" bölməsindən (https://azvision.az/redirect.php?url=http://www.privatization.az) əldə etmək olar. Əhalinin istənilən təbəqəsindən olan şəxslər hərraclarda iştirakçı qismində qatıla bilirlər. Eyni zamanda, proseduru ziyarətçi kimi canlı izləmək də mümkündür.

Azvision.az


Teqlər: Komitə   Hərrac  





Xəbər lenti