İlan ili sakit başlayır, amma… - MÜSAHİBƏ

İlan ili sakit başlayır, amma… - MÜSAHİBƏ
  20 Yanvar 2013    Oxunub:6424
Əjdaha ili son gününü yaşayır. Qarşıdan İlan ili gəlir. Qara Əjdaha hamının yaddaşında müxtəlif hadisələri ilə qaldı. Ən çox da ilin sonuna təsadüf edən dünyanın sonu nağılına görə.

İlan ilinin astroloji proqnozu, numerologiyası və ümumi xüsusiyyəti haqqında “Qoroskop” qəzetinin baş redaktoru, astroloq [B]Səbuhi Rəhimli[/B] danışır.

[B]- İlan ilinin hansı özəllikləri var? İl nə zaman başlayacaq?[/B]
- Rəngi Qara, ünsürü isə Su olan İlan ili 2013-cü il fevralın 10-da, Bakı vaxtı ilə saat 12:23-dən başlayacaq. Qədim inanclara görə, göstərilən dəqiqədə Göy sferasının şimal yarımkürəsinə kim baxsa, Göy qübbəsində bərqərar olan heyvanın təsvirini görər.
Adətən İlan ili sakit başlayır. Lakin bu sabitlik ötəri xarakter daşıyır. Çünki mövcud olan aldadıcı manevrlər az sonra böyük çaxnaşmalara səbəb olur. Astroloji bilgilərə görə, Zodiak illəri arasında ən qanlı-qadalı dövr Pələnglə İlanın bəxtinə düşür. Odur ki, 2013-cü ildə maksimum tədbirli olmaq lazım gələcək. Xronologiya üzrə Əjdahanın qaladığı ocaqların alovu həmişə İlanın himayəsində ərşə qalxır. Belə dövrlərdə ictimai-siyasi proseslərdə qütbləşmə özünü mütləq büruzə verir. Ümumiyyətlə, İlan ilində çaxnaşma yaratmaq istəyənlərin sayı durmadan artır. Müxtəlif təxribatlar, sui-qəsdlər, terror aktları geniş vüsət alır.
Amma bununla yanaşı, 2013-cü ilə himayədarlıq edən Günəş Tanrının tanınmasına, fırıldaqçı və yalançıların ifşasına, məhkəmələrin ədalətli keçməsinə zəmin yaradır.
Müşahidələrə görə, İlan ilinin ən ağır dövrü yaz-yay aylarına, xüsusən də iyun-avqust ərəfəsinə təsadüf edir. Belə mürəkkəblikdən, gərgin situasiyalardan yayınmaq sadəcə olaraq, mümkün deyil. Bu illər diktatorlar üçün olduqca uğursuz dövr olur. Demək olar ki, zaman onların əleyhinə işləyir. Haqlılar, vəhdət yaradanlar, tərəfdarı çox olanlar qalib gəlirlər. Göstərdiyimiz aylar sabitliyin pozulması ilə yanaşı, yaşlı və xəstə adamlar üçün də amansız olur. Onların böyük əksəriyyəti həyatla vidalaşırlar.

[B]- İlandan qorxaqmı?[/B]
- Astroloqlar deyirlər ki, gələn ildən qorxmaq lazım deyil, nə qədər sürprizli və gözlənilməz hadisələr baş versə də, 2013 ümumilikdə və 2012-yə nisbətən sabit keçəcək. İlan planlı hərəkət edərək hər addımını düşünüb, məsuliyyət daşıyan insanlara hamilik edəcək.
İlan sakitliyi və sabitliyi sevdiyi üçün aqressiya yeni il üçün xarakterik deyil. Lakin gözlənilməz dönüşlər baş versə, onunla heç kim bacara bilməyəcək, yolunda olan hər şeyi dağıdacaq. Odur ki, hər bir işi görərkən yüz ölçüb-bir biçmək lazımdır, diqqətli və məsuliyyətli olmaq sizi ilanın təlatümlərindən qurtara bilər.

[B]- Bu il uğur qazanmaq üçün nə etmək lazımdır?[/B]
- Əgər həm şəxsi həyatınızda, həm də işlərinizdə irəli getmək istəyirsinizsə, hər şeyə məsuliyyətli yanaşmaq lazımdır. Heç nəyə laqeyd yanaşmayın. İntizamlı və səbrli olmaq mütləqdir. Laqeydlik və tənbəllik edən insanlar bu il geriləyə, pul və prestijlərini itirə bilərlər.
Bu il sirrlərinizə daha yaxşı sahib çıxmalısınız. 2013-cü ildə ortaya çıxacaq sirrləriniz həyatınızı alt-üst edə bilər.
Amma bizim qənaətlərimiz çinlilərin yanaşmasından köklü şəkildə fərqlənir. Məsələn, əgər yola saldığımız Əjdaha ili böyük müharibələrin qarşısını alırdısa, İlan bu prosesləri əksinə istiqamətləndirir. Çünki tarixi xronologiyaya nəzər saldıqda bu Zodiak ilinin çox qanlara bais olduğunu görərik...

[B]- İlin planeti hansıdır?[/B]
- Həftənin hər bir gününü klassik planetlərdən biri idarə edir və bu baxımdan bazar gününün də himayədarı Günəşdir. Bilməyənlər üçün qeyd edək ki, İlan ilinin ilk günü (10 fevral, 2013) məhz bazara düşdüyündən, yeni ilin planeti Günəş sayılır.
Bazar dahi insanların günüdür. Elm öyrənmək, mətbuatla məşğul olmaq, yüksək təbəqə seçmək, qəliz dərmanlar hazırlayıb onları qəbul etmək, paltar tikmək, səhv və nöqsanları düzəltmək, atların yarışını təşkil etmək, kommersiya işləri ilə məşğul olmaq, gəlir əldə etmək, nəyinsə qurulması üçün uğurlu ərəfədir. Şəxsi və sevgi münasibətləri üçün orta və neytral gündür. Hər hansı cəmiyyətə, partiya və quruma üzv olmaq arzuolunmazdır.

[B]- İlan ilinin uğurlu zamanları hansılardır?[/B]
- İlin uğurlu ayları aprel, avqust; İlin uğursuz ayları fevral, oktyabr; İlin düşərli günü çərşənbə axşamı, bazar; İlin ağır günü cümə, şənbə; İlin düşərli təqvim günləri 1, 4, 5, 7, 9, 11, 22, 30; İlin numeroloji rəqəmi 6; İlin uğurlu saatları 02:00-04:00, 10:00-12:00, 18:00-20:00; İlin uğursuz saatları 06:00-08:00, 14:00-16:00, 22:00-00:00; İlin aparıcı bürcləri Şir, Qoç; İlin aparıcı işarələri İlan, Xoruz, Öküz; İlin rəngi qırmızı, narıncı, qızılı; İlin daş-qaşı brilyant, rubin, ametist, zümrüd; İlin metalı qızıl, polad; İlin çiçəyi xrizantema, yasəmən; İlin talismanı çəkic, qartal; İlin aktiv ölkələri İtaliya, Çexiya, Slovakiya, İngiltərə, Fransa, Danimarka, Kiçik Asiya, Fransız Afrikası.

[B]***[/B]

Astroloq bildirir ki, 2013-cü ilin numeroloji rəqəmi – 6-dır (2+0+1+3=6). Numerologiyada 6 etibarlılıq bildirir. Bu rəqəm inam rəmzidir, barışma və razılıq işarəsidir. "6" həm cüt, həm də tək rəqəmlərə bölünür. Müxtəlif narahatlıqlar, məntiqsizlik, nizamsızlıq, ötərilik "6"-ya xas deyil və heç cür onu xarakterizə etmir. Əksinə, "6" rəqəmi təəccüb, sülh və razılıq, anlama və harmoniya rəqəmidir. "3" rəqəmi nə qədər şıltaq və daimsizdirsə, iki dəfə 3–6 rəqəmi bir o qədər sakit və dincdir. Doğum gününün yuvarlaqlığı 6 (ayın 6-sı, 15-i və 24-ü) olan adamlar olduqca məsuliyyətli olurlar. Amma onlara mütləq məhəbbət, kompaniya və dostlar lazımdır. Onlar evi, cəmiyyəti sevir, musiqi və artistlik qabiliyyətli olur, valideynlərinə sədaqət göstərirlər. Düzdür, arada inadkarlıq göstərsələr də, ailəcanlılıq, alicənablıq, böyüklərin qayğısına qalmaq kimi xüsusiyyətləri də var.

Astroloq bildirir ki, qarşımızda duran ildə astronomik tutulmaların sayı 5 olacaq. Onların sıralanması isə aşağıdakı kimidir:

[B]1.[/B] Yarıkölgəli Ay tutulması (26 aprel, Bakı vaxtilə saat 00:57);
[B]2.[/B] Qövsvari Günəş tutulması (10 may, Bakı vaxtilə saat 05:29);
[B]3.[/B] Yarıkölgəli Ay tutulması (25 may, Bakı vaxtilə saat 09:26);
[B]4.[/B] Yarıkölgəli Ay tutulması (19 oktyabr, Bakı vaxtilə saat 04:38);
[B]5.[/B] Qövsvari Günəş tutulması (3 noyabr, Bakı vaxtilə saat 17:51).
İradə CƏLİL


Teqlər:





Xəbər lenti