Rusiya və ABŞ gimnastları Bakıda qızıl medal qazanıb

Rusiya və ABŞ gimnastları Bakıda qızıl medal qazanıb
  16 Mart 2019    Oxunub:2801
Bakıda kişi və qadın idman gimnastikası üzrə dünya kuboku yarışlarının daha iki qalibi bəlli olub.
Azvision.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən turnirdə kişilərin paralel qollarda yarışında rusiyalı Vladislav Poliaşov 15,133 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Türkiyəli Ferhat Arıcan 15,100 xalla gümüş, Çin idmançısı Hao You 15,066 xalla bürünc medal qazanıblar.

Qadınların dayaqla tullanma yarışlarında ABŞ təmsilçisi Keri Ceyd 14,933 xalla birinci, özbəkistanlı Oksana Çusovitina 14,700 xalla ikinci, Meksika təmsilçisi Aleksa Moreno 14,233 xalla üçüncü pillədə qərarlaşıblar. Azərbaycan gimnastı Marina Nekrasova isə 13,900 xalla altıncı olub.

Martın 17-nə qədər davam edəcək turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Azvision.az


Teqlər: Gimnast  





Xəbər lenti