“Dedi sən azərbaycanlısan, niyə səni qabağa çəkim?”

“Dedi sən azərbaycanlısan, niyə səni qabağa çəkim?”
  08 Mart 2013    Oxunub:3161
“O səs Türkiyə”müsabiqəsinin iştirakçısı Elgün Quliyev: “Türkiyədə bizə ikinci növ insan kimi baxırlar”
Elgün Quliyevi Azərbaycan tamaşaçısı “O səs Türkiyə” müsabiqəsindən tanıdı. Bir çox güclü səs sahibləri arasından seçilərək yarımfinala vəsiqə qazanmış Elgün həm vokal imkanlarını, həm də oxuduğu Azərbaycan mahnılarını tanıtmış oldu. Elgünün Bakıya son səfərində etdiyimiz söhbətə də elə sözügedən yarışma ilə başladıq.

- «O səs Türkiyə» yarışmasında iştirakım daha çox dostlarımın israrları nəticəsində oldu. Bu müsabiqənin yenicə yaradıldığı zamanlarda müraciət etmişdim, amma nədənsə seçimə düşməmişdim. İkinci dəfə dostlarım təklif edəndə qəti şəkildə etiraz etdim ki, gərək olsaydı, elə ilk dəfədən qəbul edərdilər. Amma bu sözümlə razılaşmayan dostlarım məndən xəbərsiz yarışmaya müraciət ünvanlamışdılar. Mən, ancaq yarışmaya haqq qazandığıma dair dəvətnaməni aldığımda bildim və qatıldım. Şərtlərə görə, iki həftə ərzində məşqlər keçirilir və sonra telesəhnəyə çıxırdıq.

- “O səs Türkiyə” müsabiqəsi sənə nə qazandırdı?
- 19 ildir Türkiyədə yaşasam da, sənət camiəsində az-çox tanınsam da, bu yarışma mənə tanınmaq, sənətimi inkişaf etdirmək baxımından daha geniş imkanlar açdı. Ən azından, Azərbaycanda bir gecə içində tanındım. Hətta deyərdim ki, hələlik tək qazancım Türkiyədə və Azərbaycanda tanınmaq oldu. Siz də bilirsiniz ki, mən neçə illərdir ki, dəstəksiz-filansız çalışıram. Mənəvi dəstəyim istər ailəm, istərsə də dostlarım tərəfdən yetəri qədərdir. Amma şou-biznesdə maddi dəstəksiz irəliləmək qeyri-mümkündür. Uzun illərdir ki, özümü yetişdirməyim bir yerdə özünü üzə çıxarmalıydı. Ümumiyyətlə, hesab edirəm ki, insan mütləq bir yerdən başlamalıdır. Görünür mənim üçün də trapmlin “O səs Türkiyə” müsabiqəsi oldu.

- Münsiflər heyətində sənin xüsusi pərəstiş etdiyin müğənni Hülya Avşardır. Hətta bildiyim qədərilə Türkiyəyə gəlişin, orda məskunlaşmağın məhz bu xanıma duyduğun gənclik məhəbbətindən irəli gəlib. Amma müsabiqədə seçim zamanı tərcihin Mustafa Sandal oldu. Səbəb?
- Mustafa Sandalın səmimiyyətinə, həqiqətən də mənimlə çalışmaq istədiyinə inandım. Psixoloq olmağım mənə insanları tanımağımda kömək edir. Bu baxımdan onu seçməyimə peşman deyiləm. Hülya Avşara gəlincə, həqiqətən də istedadlı sənətçidir, dəyərli insandır mənim üçün. Ona xüsusi sevgim, rəğbətim var. Bəlkə də elə bu özəllik onu seçməyimə imkan vermədi. Yəni, sevdiyim bir insanla birgə çalışmaq boşuna zaman kaybıdır. Fərqli duyğular bəslədiyim birini sənət görüşlərini anlamaq çətin olar. Fikrin-zikrin ancaq havalarda olacaq (gülür).

- Repertuarında əsasən klassik bəstəkarların əsərləri yer alır. Müasir bəstəkarlara özün müraciət etmirsən, yoxsa bir başqa səbəbi var?
- Düzdür, repertuarımda Azərbaycan və dünya klassikasındn əsərlər çoxluq təşkil edir. Konsertlərimdə Üzeyir Hacıbəyovdan, Rauf Hacıyevdə, Tofiq Quliyev, Ramiz Mirişlidən oxuyuram. Yəni, repertuarımın 90 faizi Azərbaycan, digər 10 faizi isə türk və xarici mahnılarıdır. Müasir bəstəkarlarla tanışlığım qiyabidir. Çoxusunu ümumiyyətlə tanımıram. Çünki 14 yaşımdan ölkədən çıxmışam, 19 ildir əlaqələrim kəsilib. Amma bu barədə düşünürəm. Ümumiyyətlə, Azərbaycandan olan sənət dostlarım var. Qardaşım Elnur Quliyev də müğənnidir. Həm ondan, həm də yaxın dostum və həmkarım Lalə Məmmədovadan xahiş etmişəm ki, məni, Azərbaycan bəstəkarlarımızla yaxından tanışlığa, onlarla yaradıcılıq əlaqələri qurmağıma yardım etsinlər. Bakıya növbəti gəlişimdə bəstəkarlara müraciət etməyi düşünürəm.

- Bəs Türkiyə bəstəkarları ilə əməkdaşlığın varmı?
- 6 il əvvəl Türkiyə bəstəkarlarının mahnılarından ibarət albom çıxarmışdım. Lakin maliyyə məsələsindən dolayı menecerimlə aramızda anlaşılmazlıq yarandı. Bir çox menecerdən təklif aldığım halda 8 ildir tanıdığım birinə güvənib onunla işləməyə razılaşdım.

- Probleminiz maliyyə səbəbindən yarandı?
- Bəli. Onun düşüncəsinə, niyyətinə və planına görə, mənim səsimdən istifadə edib ancaq özü qazanmalı idi. Mən isə məşhur olandan sonra pul alacaqdım. Xeyriyyə konsertləri adı ilə konsertlərimi təşkil edir, lakin xeyriyyəçilik əvəzinə yaxşı pullar qazanırdı. Məni bu cür yalana, fırıldağa aludə etdiyini konsertlərimin birində, təsadüfən öyrəndim. Mənim hesabıma yaxşı pullar qazandı. Amma tamahkarlığı üzündən məni itirdi.

- Əməkdaşlığınız müqavilə əsasında idisə, şərtləri öncədən danışmalıydınız.
- 5 illik müqavilə bağlanmışdı. Və orda xeyriyyə konsertlərində ödəniş almayacağıma dair maddə vardı. Amma fərqli miqyasda olan xeyriyyə konsertlərinin ardıcıllığı istər-istəməz şübhə yaradırdı. Bu şübhələrim də əsassız olmadı. Hər şeyi araşdıranda məlum oldu ki, xeyriyyədən əsər-əlamət yoxdur, konsertə görə də yüksək məbləğdə pul alıb. Yalanları ortaya çıxan dəqiqədən etibarən onunla bütün əlaqələri kəsdim. Vəkilim müqaviləni ləğv etdirdi, stendlərdəki albomlar da yığışdırıldı. Bu mənim üçün böyük təcrübə oldu. Nədənsə xaricdə insanı tək görəndə düşünürlər ki, istədikləri oyunu edə bilərlər. Sübut elədim ki, başqa ölkədə tək də olsam, haqqımı tələb etməyi bacarıram. Artıq neçə ildir yoluma tək davam edirəm və kifayət qədər də uğurlu gedir işlərim. Əbəs yerə deməyiblər ki, hər ziyanda belə bir xeyir var. Bu uğursuzluq da mənim üçün bir təcrübə oldu.

- Türkiyədə bir qədər geniş olmayan çərçivədə olsa belə, daha çox tanınırsan, nəinki Azərbaycanda. Öz vətənində sənə qarşı bu diqqətisizliyin səbəbi nədir?
- Türkiyədə ayda ən azı 20-30 konsert verməyimə baxmayaraq, öz vətənimdə bircə dəfə də olsun konsertim keçirilməyib. Arzularımdan biri Yaşıl Teatrda konsert proqramı ilə çıxış etməkdir. Amma dediyiniz kimi, Türkiyədə daha yaxşı tanıyırlar. Əfsuslar olsun ki, Azərbaycanda sənət qavrayışı çox fərqlidir. Dəyər sənətçilərə yox, ticarətçilərə verilir. Yəni, sənət adı ilə ticarətlə məşğul olunur. Yalnız bir bazarımız var – toylar. Musiqi müsabiqələrində toylar üçün potensial müğənni yetişdirilir. Həmin müsabiqə də toy qiymətinin yüksək olmasına bir növ rəvac verir. Yəni, tutaq ki, 1000 manata gedirsən toya, musiqi yarışından çıxan gənc müğənni məhz televiziyadan tanındığına görə 5 min manata gedir. Belə olan halda sənətdən söhbət gedə bilməz. Sənət olmadığına görə, sənətçi də yoxdur. Konservatoriyanın istedadlı məzunları üçün isə normal şərait yoxdur. Sənət bazarı olmadığına, mənim kimi toylarda oxumadıqlarına görə tanınmırlar. Nə vaxtsa Azərbaycana qayıtsam belə, toylarda oxumayacağam. Özümü toylarda, kef məclislərində xərcləmək üçün yetişdirməmişəm. Ona görə də mənim kimi sənətçilərə, ümumiyyətlə mədəniyyətə sahib çıxılmır. Azərbaycan mədəniyyəti təkcə müğamdan ibarət deyil. Üzeyir Hacıbəyov şərqlə qərbi birləşdirmək üçün məgər boşuna əziyyət çəkib?!

- Yaradıcılığına dəstək olunacağı təqdirdə Azərbaycanda yaşayıb, işləmək istərdinmi?
- Əlbəttə, həm də sevə-sevə. Həm müğənni, həm də bir psixoloq kimi xalqıma faydalı olmaq istərdim. Kim istəməz öz vətənində sevilməyi, dəyərləndirilməyi? Bu gün mənə orda ehtiyac olmasa belə, Azərbaycanı çox sevirəm. Hər yerdə də fəxrlə azərbaycanlı olduğumu deyirəm. Azərbaycan mahnılarını, Azərbaycan bəstəkarlarını tanıtmaqla ölkəmi təmsil edirəm. Oxuduğum mahnıların böyük əksəriyyəti məlumatsız insanların ölkəmizlə maraqlanmağına səbəb olur, mənə yaxınlaşıb məlumat almağa çalışırdılar.

- Türkiyə müğənnilərinin oxuduğu əksər Azərbaycan mahnıları “anonim” adı ilə təqdim olunur. Başqasının əməyinə hörmətsizlik, müəllif hüquqlarının pozulması halları səncə niyə baş verir?
- Səbəbkar biz özümüzük. Türkiyə insanını daim qardaş bilmişik, hər zaman mərhəmətli və xoşgörülü davranmışıq. Onlardan heç vaxt haqq tələb etməmişik. Nəticəsi də gözə qabağında. Ümumiyyətlə, bu problem, dövlət səviyyəsində araşdırılmalıdır. Azərbaycandakı Müəllif Hüquqları Agentliyi, eləcə də ölkəmizin Türkiyədəki səfirliyinin mədəniyyət üzrə attaşesi də bu işlə maraqlanmalı, vəziyyəti nəzarətə götürməlidirlər. Haqqımızı müdafiə etmək maraqlı deyiliksə, deməli ya buna cavabdeh şəxslər, qurumlar işləmir, ya da bir xalq olaraq mahnı müəllifliyinin həqiqətən də bizə məxsusluğuna dair özümüz şübhələnirik ki, susuruq.

- Bu ölkədə az zaman deyil ki, yaşayırsan. Amma yenə də Türkiyə sənət camiəsində özünə yer edə bilməmisən. Səbəb səndədir, ya mühitdə?
- 19 ildir Türkiyədə yaşayıram və bu millətin psixologiyasına az-çox bələdəm. Çox təəssüf ki, bu gün sənə işi düşdüyü, mənfəət güddüyü müddətcə sən dostsan, qardaşsan, cansan. Elə ki, iş bitdi, yolda görsə, səni tanımayacaq. Soruşanda da deyəcək ki, indiyədək belə bir adam tanımamışam. Təəssüf ki, 90 faizi belədir. Hətta universitetdə oxuduğum zaman müəllimlər açıq şəkildə üzümə deyirdilər ki, sən, bizim tələbələrdən yüksək qiymət ala bilməzsən. Çünki, azərbaycanlısan. Ad çəkməyəcəyəm, hətta məşhur sənətçilərin dilindən eyni sözləri eşitmişəm “sən azərbaycanlısan, niyə səni qabağa çəkim?” deyilib. Bizə ikinci sort insan kimi baxırlar. Üzümüzə gülüb, paxıllığımızı çəkənlər çox olur. Düşünürəm, bu xüsusiyyət özünü tanımaması, inkişaf etdirməməsi ilə əlaqədardır. Yaxşı insanlar da var təbii ki. Amma barmaqla sayılacaq qədər.
Şəxsən mən, öz konsertlərimdə bir çox istedadlı insanı səhnəyə çıxarıb birgə oxumağımıza şərait yaratmışam. Çünki, inanıram ki, hər insanın öz duyğusu, səs rəngi, qabiliyyəti, ifa manerası var. Kiminsə səsi mənimkindən güclüdürsə, niyə ona yardım etməyim? Onsuz da hər kəsin ruzisi Allahdandır. Qismətində irəli getmək varsa, kimsə buna mane ola bilməz.

- Türkiyədə istedadlı insanları dəstəkləyən səsyazma studiyaları, prodakşnlar var, onlara müraciət edə bilərdin.
- Müraciət etmişəm və hər yerdən eyni cavabı almışam. Bizə “qardaş” desələr də özlərindən birini daha çox sevir, onu tanıtmağı, irəli çəkməyi üstün tuturlar. Bu baxımdan biz azərbaycanlılarda əksiklik var. Təəssüf ki, türklər qədər millətpərəst deyilik, millətimizi sevmirik. Başqalarına “gəl-gəl” deyib, özümüzünkülərin ayağından çəkirik. Düzdür, Türkiyənin əksər tanınmış musiqiçiləri tərəfindən əməkdaşlıq təklifləri almışam. Amma böyük əksəriyyəti sözdə, havada qalıb. Oxuduğum mahnıların, səsimin xoş eyforiyasına qapılıb iş görmək arzularını dilə gətirir, vədlər verir, amma sonradan “hələ vaxtım yoxdur”,- deyə hər şey unudurlar.

Sevda Babayeva




Teqlər:  





Xəbər lenti