Məhərrəmlik kimlərə xeyir, kimlərə ziyandır? - MARAQLI

Məhərrəmlik kimlərə xeyir, kimlərə ziyandır? - MARAQLI
  08 Noyabr 2013    Oxunub:8087
40 gün matəm, 40 gün işsizlik

Artıq 2 gündür Hicri təvqimi ilə Məhərrəm ayı başlayıb . Bu ay digər aylardan bir sıra xüsusiyyətlərinə görə xeyli fərqlənir. Bildiyiniz kimi, Məhərrəm ayı şiə təriqətinə mənsub insanlar üçün müqəddəs ay hesab olunur. Onlar bu ayda özlərinəməxsus ayinlər icra edir, gündəlik yaşamlarına müəyyən qadağalar tətbiq edirlər. Məsələn, Məhərrəm ayında spirtli içki içmək, toy etmək , saç kəsmək, musiqiyə qulaq asmaq, əyləncəli məclislərdə iştirak etmək şiə təriqətinə mənsub insanlar üçün günah sayılır.

“Hətta elçi düşmək istəyənlər “Məhərrəmlik” girməmiş xeyir işlərini tez-bazar görürlər ki, bu aya təsadüf etməsin. Məhərrəm ayının gəlişi şadlıq evlərinin toy bazarını demək olar ki, alt-üst edir. Bu ay nə toy edən olur, nə də elçi düşən. Toy alverinin bağlanması ərzaq bazarından tutmuş, gözəllik salonlarına kimi bir sıra obyektlərə öz təsirni göstərir. Bu da öz növbəsində, iqtisadiyyatdan da yan keçmir.

İqtisadçı ekspert Nazim Məmmədov AzVision.az –a açıqlamasında toy sektorunun zəifləməsini iqtisadiyyata mənfi təsir göstərdiyini hesab edir:

“1400 il bundan əvvəl baş vermiş hadisəni bugunki inkişafın modelinə uyğunlaşdırmaq düzgün hal deyil. Bu baxışları dəyişdirmək lazımdır. Bu ayda insanların toy, nişan keçirməməsini doğru hesab etmirəm. İnsanlar öz inancları ilə başqalarına təsir etməməlidirlər.

Hətta insan planlaşdırılması, iqtisadiyyatın proqramlaşdırılması nöqteyi-nəzərdən doğru deyil. İnsanlar çalışırlar ki, “Məhərrəmliy”ə qədər şadlıq evlərində yer tutsunlar, bu, insanların normal planlarına mənfi təsir göstərir. O obyektlərdə, restoranlarda işləyən insanların bir neçə ay ərzində işsiz qalması , praktiki olaraq, yerlərinin dəyişməsi bu kadrların normal seçilməməsinə gətirib çıxardır”.

İqtisadçı bildirib ki, “Məhərrəmlik” ayında toyların olmamasının iqtisadiyyata nə qədər ziyan dəyməsi rəsmən hesablanmasa da, bu rəqəm kifayət qədərdir.

“Belə bir hesabat aparılmır. Amma toy olmursa, bazarda alış-veriş də zəifləyir, toy olmursa ərzaq alveri də dayanır, müxtəlif mebel dükanlarına, qızıl alveri ilə məşğul olanların bazarına təsir edir, onların gəlirləri azalır. Toy sektoru iqtisadiyyatın aparıcı hissəsidir. Amma toy sektorunda qeyri-normallıq var. Həm gəlirlərin hesablanması , həm müğənnilərin vergi verməməsi, həm də şadlıq evlərinin sahiblərinin vergidən yayınması baxımından mənfiliklər var. Ancaq bu sektor kifayət qədər oturuşmuş sektordur. İldə dini nikaha girənlərin sayı 80 min nəfərdir. Əgər bunların 90 faizi şadlıq evlərində toy edirlərsə, bu o deməkdir ki, burada kifayət qədər vergi potensialı var və toy sektorunun iqtisadiyyata dəstəyi var. Ancaq bunun da çox hissəsi “kölgə” iqtisadiyyatıdır, yəni vergidən yayınma”-deyə eks-deputat bildirib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti