“Sistem dəyişməlidir”, Carthago isə delenda est! - VİDEOKÖŞƏ

    “Sistem dəyişməlidir”,    Carthago isə delenda est! -    VİDEOKÖŞƏ
  28 Dekabr 2018    Oxunub:12066
Təsəvvür edin ki, eviniz yaxşı isinmir, siz də usta çağırmısınız. O, işgüzar tövrlə ora-bura baxır, sonda isə ağıllı görkəm alıb, peysərini qaşıya-qaşıya hökm çıxarır:
- Bina sökülməlidir!
- A kişi,- deyirsiniz,- sən izah elə görüm, problem nədədir? “Kombi”nin aparatımı işləmir, yoxsa borulardan sızma var, ya bəlkə radiatorlar tutulub?..
Amma usta çoxbilmiş əda ilə qaşlarıya yuxarıya işarə edərək:
- Yox, - deyir,- bilirsinizmi, ev bir sistemdir. Radiatoru dəyişməklə sistem düzəlməyəcək. Sistemin özü dəyişməlidir! Ona görə də, gərək bina sökülsün, yoxsa mümkün deyil.
Siz belə “usta”ya nə deyərdiniz?
Qədim Romada Mark Katon adlı bir sərkərdə nədən danışırsa-danışsın, çıxışının axırını mütləq bu sözlərlə qurtarırdı: “Carthago delenda est” – yəni, “Karfagen dağıdılmalıdır!” Eynilə, Azərbaycanda da bir dəstə siyasətbaz var ki, bütün söhbətlərinin axırını “Sistem dəyişməlidir” sözlərilə qurtarırlar. Bu, onlar üçün çox uduşlu variantdır: Kənardan baxan savadsız kütlə özlüyündə deyir ki, “Ay da, görürsən, müəllim sistemin hər tərəfini incələyib, bütün detallarını, iş mexanizmini bilir, ona görə də deyir ki, dəyişilməlidir”.



Əslində isə dünyada savadlı siyasətçilər “sistem dəyişilməlidir” kimi ümumi, mücərrəd ifadələrdən çoxdan vaz keçiblər. Amerikada, Avropada heç vaxt heç bir ciddi siyasətçi bu sözü dilinə də gətirməz. Çünki siyasi savadı və iddiası olan insan problemin dəqiq mahiyyətini, konkret səbəbini göstərməli, onu aradan qaldırmaq üçün konkret reseptlər təklif etməlidir. İntellekt və təcrübə bunun üçün lazımdır. Yaxud, əksinə: Bunun üçün intellekt və təcrübə lazımdır. “Sistem dəyişməlidir” demək üçün isə savada, təcrübəyə ehtiyac yoxdur – bunu sizə dağda qoyun otaran istənilən çoban da söyləyə bilər.

XX əsrdə bəşəriyyət üç böyük filosof yetirib: Bertran Rassel, Lüdviq Vitqenşteyn və Karl Popper. Bunlardan sonuncusu 40-cı illərin axırlarında “sosial mühəndislik” anlayışını dövriyyəyə daxil etdi. Bu, idarə edənlərlə (dövlət aparatı) idarə olunanların (xalq) arasındakı problemləri çözməyin yeni variantı idi. Sosial mühəndislik prizmasından baxanda idarəçiliyin klassik mənada obyekti və subyekti olmur. Hər iki tərəf eyni zamanda hər iki rolu oynadığı üçün ikisi də sistemin güclənməsində, daxili potensialının reallaşdırılmasında maraqlıdırlar. Sistemin tərəflərindən birini narazı salan məqamlar isə sosial mühəndislik yolu ilə “təmir edilir”, beləcə, heç bir tərəf onun demontajnda maraqlı olmur.

Kapitalizm dünyasının sosializmə qalib gəlməsinin səbəblərindən birini də məhz burada axtarmaq lazımdır ki, sol tərəfdə Popperin “sosial mühəndislik” ideyası “burjua konsepsiyası” deyilərək, yaxına buraxılmırdı. Ona görə də, kapitalizm sistemi kəm-kəsirlərini düzəldə-düzəldə inkişaf etdiyi halda, sosializm sistemi özü-özünü demontaja məhkum etdi. Halbuki, normalda sistemə daxil olan elementlərin heç biri onun demontajında maraqlı olmamalıdır, çünki bu – yəni sistemin sökülməsi,- hamı üçün ən ağır, ən çətin və əzablı variantdır. Sosial mühəndislik isə sistemin hamıya sərfəli olmasını təmin etməyin yoludur.

Daha bir haşiyə

...Təsəvvür edin ki, ayaq dırnağınızda göbələk var. Gedirsiniz həkimə, o isə analiz götürür, əkir, biçir, gözünü birini yumub, mikroskop altında baxır, sonra “müalicə” variantını təklif edir:
- Ayaq kəsilməlidir!
- Ay həkim! – deyə hövüllənirsiniz,- başına hava gəlib? Ayağı kəsmək nədir? Dırnağı müalicə edin də!
- Yox, əzizim, - həkim müdrik şəkildə izah etməyə başlayır,- bilirsən, ayaq bir sistemdir. Dırnağı müalicə eləməklə deyil ki. O göbələk artıq başqa yerlərə də yayılıb. Biz dırnağı müalicə edəcəyik, bir müddət sonra təzədən qayıdacaq. Ən yaxşısı ayağı dibindən kəsməkdir.
Belə həkimə nə deyərsiniz?


Məsələn, tutaq ki, Azərbaycanın təhsil sistemində problemlər var. Savadlı ekspert göstərməlidir ki, həmin problemlər haradan, sistemin hansı elementindən yaranır. Qanunda hansı çatışmaşlıq var, icra mexanizmində nə düz işləmir? Bax, bunu əsaslandırıb, həlli üçün təklifini verən şəxsə həqiqətən də ciddi yanaşmağa dəyər və lazımdır. “Bütövlükdə təhsil sistemi dəyişməlidir” deyən adam isə ya populistdir, ya avantürsit, ya da sadəcə axmaq. Çünki “təhsil sistemi” – mücərrəd bir anlayışdır. Milli Məclisin Elm və Təhsil Komissiyasının üzvündən tutmuş, ucqar dağ kəndinin müəlliminə qədər bu sistemin çoxlu elementləri var. “Sistem dəyişməlidir” deyəndə bunların hansını, necə və nə ilə dəyişmək nəzərdə tutulur? Lap tutaq ki, dəyişsək, hansı sistemi tətbiq etməliyik? Məsələn, İsveçin öz yerində əla nəticələr verən təhsil sistemini burada tətbiq etsək, effekti olacaqmı?

Sosial mühəndis təfəkkürlü şəxs isə bu problemlə tamam ayrı gözlə baxacaq. O, bilir ki, hansısa hazır sistemi süni şəkildə tətbiq etmək ağılsızlıqdır. Optimal sistem özünün sosial-iqtisadi mühitində tədricən təkamül etməli, problemləri yerləri isə “təmir” olunmalıdır. Ancaq bu halda cəmiyyət günlərin birində sırf özü üçün uyğun, öz mühitində effektiv işləyən sistemə qovuşa bilər. Sosial mühəndis təkamülçüdür, o, ancaq evolyusiya edən sistemlərə inanır. “Sistem dəyişməlidir” isə köhnəlmiş inqilabçı məntiqidir.

Bu mənada Karl Popper əslində Karl Marksın antipodudur. Marks düşünürdü ki, cəmiyyətlər tarixi qanunauyğunluqlarla inkişaf edirlər; "tarixin qanunu" isə budur ki, daim siniflər arasında mübarizə getməli, bu mübarizə də gətirib inqilabi dəyişikliyə çıxarmalıdır.
Amma Popper buna qarşı “cəmiyyətin rasional planlaşdırılması” ideyasını qoyur və göstərirdi ki, hansısa sistemin tam dəyişməsi üçün əvvəla, mütləq diktatura qurmaq lazımdır. Bu isə vəziyyəti olduğundan da daha pis hala gətirə bilər. Halbuki, cəmiyyətin sosial problemlərinin həlli üçün heç də tam yenidənqurma tələb olunmur, buna ayrı-ayrı sosial instututların “təmiri” yolu ilə nail olmaq mümkündür.

Popper sosial mühəndisliyin prinsiplərini belə təsəvvür edirdi:
- Hazırda mövcud olan sosial institutlarla aparılır;
- Onların hansı məqamlarda pis işlədiyi müəyyən edilir və məhz həmin məqamın “təmiri” üçün ünvanlı islahat keçirilir;
- Bu zaman səhvlər də mümkündür;
- Cəmiyyətdə konfliktlərə yol açmadığı üçün çoxluğun marağına uyğundur;
- Bu proses mütləq mərhələli getməlidir.

Müasir dövrdə daha yaxşı dövlətdə və cəmiyyətdə yaşamağın yolu sosial mühəndislikdən keçir. “Sistem dəyişməlidir” söhbəti isə çayxanada nərd və domino ilə əla gedər. Gələn dəfə uduzanda oyun sisteminizə bir yaxşı-yaxşı baxın. Bəlkə, elə sistem dəyişməlidir?!
...Və yeri gəlmişkən, Karfagenin dağıdılmasına da heç bir hərbi və ya siyasi ehtiyac yox idi...



Teqlər: Siyasi-sistem   Təhlil  





Xəbər lenti