“Hava soyuduqca kəskin respirator xəstəliklər artır” - Baş infeksionist

“Hava soyuduqca kəskin respirator xəstəliklər artır” -  Baş infeksionist
  26 Noyabr 2018    Oxunub:5573
Soyuqlar düşdükcə kəskin respirator xəstəliklərin - qrip, paraqrip, adenavirus və digər infeksiyaların çoxalması üçün şərait yaranır. Nəticədə bu dövrdə infeksiyalarla xəstələnənlərin sayı artır.

Bu barədə Azvision.az-a açıqlamasında Respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.
Onun sözlərinə görə, kəskin respirator infeksiyalarla xəstələnmə insanlar arasında çoxalsa da, epidemioloji təhlükəsi yoxdur: “Bu xəstəliklə Klinik Tibbi Mərkəzə istər yüngül, istər ağır formada gələn yoxdur. İnsanlar arasında qrip xəstəliyinin artması müşahidə oluna bilər, amma epidemiyanın ciddi təzahürləri yoxdur. Uşaqlar arasında qızdırma, ishal və qusma halları isə respirator virus infeksiyaları ilə bağlı ola bilər. Bu infeksiyalar uşaqlarda adətən mərkəzi sinir sistemində baş verən əlamətlərlə özünü biruzə verir. Qusma, baş ağrısı, baş gicəllənməsi ola bilər”.

C.İsayev qeyd edib ki, hazırda qrip viruslarına təsir edən preparat yoxdur. “Bizim istifadə etdiyimiz preparatlar simptomatik, patogenetik müalicə vasitələrdir ki, insan orqanizmi qorunsun və bu xəstəlikləri nisbətən yüngül keçirsin. Dəqiq təsir göstərən preparat yoxdur, sadəcə xəstəliyin ağırlaşmasının qarşısının alınması üçün tədbirlər görülməlidir. Bu da insanların özündən asılıdır. İnsanlar temperaturun yüksək dövründə yataq rejimində olmalı və özbaşına dərman qəbul etməməlidir, həkim məsləhəti olmalıdır”.

Baş infeksionist bildirib ki, ildən-ilə virusların yenilənməsi mümkündür. “Ola bilər ki, keçən il başqa ştamp yayılsın, bu il tamamilə başqası olsun. İnsan orqanizminin keçən il həmin ştampa qarşı müqaviməti yaranır və ona yoluxmadan qoruyur. Amma yeni ştampın yayılma ehtimalı hər zaman var. Ştampların yenilənməsi isə əsasən xaricdən gələnlərin hesabına olur”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Virus   Xəstəlik  





Xəbər lenti