Prokurorluq təmsilçiləri Vyanaya gedib

  31 Oktyabr 2013    Oxunub : 3053
Prokurorluq təmsilçiləri Vyanaya gedib
Oktyabrın 27-30-da Avstriyanın Vyana şəhərində Avropa Komissiyası, Avstriyanın Ədliyyə Nazirliyi və Almaniyanın Saksoniya vilayət prokurorluğunun birgə təşkilatçılığı ilə korrupsiya və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə məsələlərinə həsr olunmuş Prokurorların 16-cı Forumu keçirilib.
Forumun sessiyalarında korrupsiya və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahələri üzrə ixtisaslaşmış qurumların rəhbər vəzifəli şəxsləri, beynəlxalq ekspertlər, habelə nüfuzlu elmi işçilər iştirak ediblər. Tədbirdə Azərbaycan Respublikasını Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev və Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Orxan İsayev təmsil edivlər.

Forumun korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr olunmuş ilk sessiyasında çıxış edən Kamran Əliyev ölkəmizdə həyata keçirilən kompleks, ardıcıl və sistem xarakterli qanunvericilik və institusional tədbirlər barəsində geniş məlumat verərək Azərbaycanda korrupsiyaya qarşı səmərəli mübarizənin Prezident cənab İlham Əliyevin güclü siyasi iradəsi əsasında mümkün olduğunu xüsusi vurğulayıb. Bu sahədə cəzaların daha da sərtləşdirildiyini diqqətə çatdıran K.Əliyev preventiv tədbirlərin həyata keçirilməsinə də böyük önəm verildiyini bildirib.

O, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində yaradılmış “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini belə qabaqlayıcı tədbirlərin bariz nümunəsi kimi göstərib. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin müasir tələblərə cavab verən yeni inzibati binasının istifadəyə verilməsini diqqətə çatdıran idarə rəisi, bu istiqamətdə fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədi ilə ardıcıl və kompleks tədbirlərin həyata keçirildiyini və beynəlxalq əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirildiyini bildirib.

Forum iştirakçılarına Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirləri, habelə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyəti barədə göstəriciləri əks etdirən buklet və kitabçalar paylanılıb.

Tədbir çərçivəsində Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbəri Martin Kreutner, Avstriyanın İqtisadi Cinayətkarlığa və Korrupsiyaya qarşı mübarizə üzrə Prokurorluğunun rəhbəri xanım İls-Maria Vrabl-Sanda, habelə bir sıra digər nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilməklə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Teqlər: