Zakir Həsənovdan aprel döyüşləri ilə bağlı önəmli açıqlamalar

Zakir Həsənovdan aprel döyüşləri ilə bağlı önəmli açıqlamalar
  21 İyun 2018    Oxunub:3200
"Ordumuzda mənəvi-psixoloji durum yüksək səviyyədədir. Son illər vətənpərvərlik istiqamətində böyük işlər görülüb və bu, davam etdirilir. Fərqi də görürük".

AzVision.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat konfransında deyib. Nazir diqqətə çatdırıb ki, birinci Qarabağ müharibəsi dövründə döyüşlərdən qaçanlar olurdu.
"Onları axtarıb tapıb, orduya cəlb edirdilər. Vaxtilə bu problem var idi. Aprel döyüşlərini misal çəkmək istəyərdim. Ayın 1-dən 2-nə keçən gecə, öz komanda məntəqəmi Lələtəpə istiqamətindən ayrı yerə dəyişirdim. Bir rayondan keçəndə gördüm ki, xeyli insan toplaşıb. Gecə vaxtı idi və polis onların qarşısını kəsmişdi. Çıxıb insanlara məlumat vermək istədim ki, biz irəliləyirik və narahat olmasınlar. Orada dayanıb, nə baş verdiyini soruşdum. Polis əməkdaşı bildirdi ki, Azərbaycanın müxtəlif bölgələrindən gənclər döyüşmək üçün gəliblər. Burada fərqi görürsünüzmü? Bu gün vətənpərvərlik və inam yüksək səviyyədədir. Dedim,gənclərə elan edin ki, hələki ehtiyac yoxdur. Azərbaycan Ordusu az bir sayı ilə - 18 faizi ilə təmas xəttində olan qüvvələrlə bütün Ermənistan ordusunu darmadağın etdi. Ali Baş Komandana çoxlu xahişlər oldu ki, döyüşlər dayansın. Söz verildi ki, bu məsələni qısa bir müddətdə həll edəcəklər. Biz qarşımızda duran vəzifəni yerinə yetirdik" - deyə Z.Həsənov vurğulayıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Zakir-Həsənov   Nazir  





Xəbər lenti