“Nitşe Azərbaycanda doğulsaydı, Yasamal bazarında araba sürəcəkdi”

“Nitşe Azərbaycanda doğulsaydı, Yasamal bazarında araba sürəcəkdi”
  01 Fevral 2013    Oxunub:4657
“Qadının sevgisini qazanmaq üçün ondan uzaq gəzmək lazımdır”
“Mənim Allaha inamım var, amma etibarım yoxdu”
“Füzulinin qəzəlindən zövq alan ağıllı adama rast gəlməmişəm”

Şair Aqşin Yenisey AzVision.az-a müsahibəsində yeni kitabında gizlənən alt mənaları açıqlayır:
- Yeni kitabın adı “147 dənə sən”dir, eyni adlı şeirin ilk misrası belədir: “Sən heç “Nə üçün qanla başlanır qadın?” romanını oxumusan?” Kitabın üz qapağında isə qadın təsviri var. Bunlar Aqşin Yeniseyin öz seçimləridirmi? Azərbaycan ədəbiyyatında qadını ən yaxşı yazan, qadınların, gənc xanımların sevimlisi, maskulin və cazibədar şair obrazı olmaq necə bir hissdir? Bu sevgini qazanmaq üçün nə etmək lazımdır?

- Sualın son cümləsindən başlayım. Qadının sevgisini qazanmaq üçün ondan uzaq gəzmək lazımdır. Bunu şair kimi demirəm, kişi kimi deyirəm, müəyyən həyat təcrübəsi olan adam kimi deyirəm, hətta evin içində də, bir evdə yaşadığın qadından da özünü müəyyən bir məsafədə saxlamalısan. Yəni kişi özünü qadınla münasibətdə, qadın qarşısında adiləşdirməməlidir.
Amma qaldı ki, kitabın ad seçimi və üz qabığına, mən, əslində, öz kitabıma ad qoymuşdum “Yalqızlığın renessans dövrü”. Amma “Qanun” nəşrlər evinin sahibi Şahbaz bəy müəlliflik hüququnu aldığına görə “Yalqızlığın renessans dövrü” adlı kitabı satışa çıxarıb, müştəri tapmağın çətin olacağını dedi. Yəni bu adı ancaq spesifik oxucular başa düşəcək. Bir naşir kimi bu məsələləri ona həvalə etməyimi xahiş etdi. Mən də başa düşürəm ki, naşirin öz kitab estetikası var. O da kitabı elə görür. Ona görə ixtiyarı ona buraxdım və Şahbaz bəy bu adı seçdi. Çünki biz yazdığımız yazının oxucu sayına görə qonorar alırıq. Biz, tutalım, alman xalqı deyilik ki, öz ziyalımızı, düşüncəsi olan adamı əl içində saxlayaq. Yazılarımın birində də yazmışdım ki, Nitşe kimi xəstə, həm də düşüncəsi bütün Avropa düşüncəsinin əleyhinə olan adam, iyirmi üç yaşında uniersitetdə professor idi, dərs deyirdi, maaş alırdı. Azərbaycanda hansı intellektuala o şərait yaradıla bilər ki, iyirmi üç yaşında professor dərəcəsi alsın, universitetdə dərs desin? Mən düşünürəm ki, istər fəlsəfi, istər poetik yaradıcılıq mənasında rahat düşünməkdən ötrü insanın adi məişət problemləri qaydasında olunmalıdır. Ya da Diogen çəlləyi. Məsələn, Nitşe bugünki Azərbaycanda doğulsaydı, Yasamal bazarında araba sürəcəkdi, onu Abel Məhərrəmov Yasamal bazarıyla qapıqonşu olan BDU-ya buraxmayacaqdı və yaxud o, metroda paltar, karandaş satacaqdı.

- Məndə belə bir sual yarandı. Kitabın adını “Yalqızlığın renessans dövrü” seçmişdin. Niyə? “Yalqızlığın renessans dövrü” kitabdakı şeirlərdən birinin adı idi deyəmi? Yalnız bu səbəbdənmi? Yoxsa, bu kitab yalqızlığın renessans dövrünü yaşayan adamlara müraciət edir deyəmi? Səncə, insan yalqızlığının renessans dövrü nə vaxt başlayır, bu, nə deməkdir, ümumiyyətlə?


- Əslində, bu ad kitabın içindəki bir şeirin adıdır. Amma burada düşüncələrimin və həyat tərzimin gətirib çıxardığı bir nəticə var. İyirmi yaşımda elə düşünürdüm ki, hər şey iyirmi bir yaşımda daha yaxşı olacaq, iyirmi bir yaşımda da elə düşünürdüm ki, iyirmi iki yaşımda bundan daha yaxşı olacaq. Amma otuz beş yaşında o fikrə gəldim ki, həyat heç vaxt yaxşılığa doğru getmir.
Mənim ümid etdiyim o yaxşılıq nisbi anlayışdır. Sən onu özün uydurursan, insan özünə ümid uydurmağa məhkumdu. Bu gün ona görə yaxşıdır ki, sabah səni bir pislik gözləyir, ağır həyat gözləyir. Ona görə özün-özünə ümid verirsən ki, bu gün yaxşıdır, sabah bundan da yaxşı olacaq. Həyat beləcə boşluğa, yoxluğa doğru gedir.
Məsələn, alman şairi Göte 74 yaşında ikən 18 yaşlı bir qıza vurulmuşdu və romantik sevgi şeirləri yazırdı. Belə bir söz də demişdi ki, həyat indi başladı. İnsan ölümə yaxınlaşdıqca yaşamaq eşqi güclənir. Sabah dünənkindən daha pis şeylər verir insana, mənim sabaha inamım yoxdu. Mən elə bilirdim ki, sabahkı dünənkindən yaxşı olacaq.
Bu, təkcə mənim münasibətim deyil həm də, dünya ədəbiyyatının münasibətidir. Məsələn, Qoqol çox şən adam idi. Dünya ədəbiyyatında da Qoqol komediyanın ustadlarından biri kimi qalıb. Amma Qoqol necə öldü? Həkimlər onu vannada döyə-döyə çimizdirirdilər. Yəni Qoqolu lütətcə soyundurub vannada, soyuq suyun altında döyürdülər. Halbuki bu adam ədəbiyyatda komediya janrının nəhənglərindən biridir. O hansı ümidlərlə yaşayırdı, amma tale onun qarşısına hansı ömrü çıxardı? Bu adam əbədi aclıq edib, acqarına dünyayla vidalaşdı, heç nə yeməyib öldü. Qoqolun yaradıcılığında elə bir nikbin ruh var ki, adam heç ağlına da gətirə bilməz, bu cür nikbin ruhlu, bu cür yumor hissi olan bir yazıçını tale hərləyib fırlayıb gətirib vannaya soxa bilər və həkimlər də onu döyə bilərlər soyuq suyun altında.
Düzdü, həyat hələ məni elə bir sərt sınağa çəkməyib. Amma mənim, ümumiyyətlə, həyat haqqında nəzəri gəldiyim qənaət bundan ibarətdir ki, bu gün sabahdan daha yaxşıdır. Çünki bu gün insanın əlindədir, sabah Allahın. Mənim Allaha inamım var, amma etibarım yoxdu.

- “Tarixin acığına sevgi” şerində belə misralar var:
“Tarix şairə bənzər; özü özünü yazar.
Qələmi silahdır, mürəkkəbi qan”.
Şair özünümü yazır? Yoxsa, bu, sadəcə, həmin şerin əhvali-ruhiyyəsi idi?

- Şerə nənəmsayağı baxmağı düzgün qəbul etmirəm. Şeir özü-özlüyündə taleyi olan, doğuluşu, dünyaya gəlişi olan bir şeydir. Şair, sadəcə, onu dünyaya gətirir. Özündən əlavələr eləyə bilər, sözün birini çıxarıb, yerinə başqasını qoya bilər. Amma mətn özü vəhydir, sadəcə, “vəhy” sözünü din gözümüzdən salıb, bütün hallarda yaradıcılıq göylə bağlıdır. Şairin istedadı ondan ibarətdir ki, şeiri göydə saxlamasın, onu yerə endirə bilsin, ayağını yerə bağlaya bilsin. Şeir özü-özlüyündə, onsuz da, var. O şeir minlərlə insana göndərilir. Onu o adam tutur ki, o, doğrudan da, həqiqi şairdir və o şeiri yerə endirə bilir.
Bütün hallarda şair hisslərin emalçısıdır. Misra nədir? – Misra, xammal şəklində olan hissin emal olunmuş variantıdır. Şair o adamdır ki, xammal şəklində olan bu hissdən – qəzəb hissidir, nifrət hissidir, sevgi hissidir – söz yaradır, misra yaradır.
Bu misralarda da onu nəzərdə tutmuşam ki, tarixlə insanın münasibəti həmişə ziddiyyətli olub. İnsan elə bilir ki, tarix yaradır. Halbuki tarixi proses özü insan yaradır. Məsələn, Hitler tarixi yaratmayıb, tarixi proses Hitleri yaradıb. Napoleon tarix yaratmayıb, tarixi gedişat Napaleonu yaradıb, çünki fransız xalqının tarixinin, taleyinin Napaleona ehtiyacı var idi.
Darvin nə deyirdi? İddia edirdi ki, insanın əcdadı meymundur. Darvinə idealist alimlər sual verirdilər ki, əgər insan meymundan yaranıbsa, bəs indi niyə yaranmır? Darvin cavab verirdi ki, dünya tarixinin elə bir dövrü var idi ki, təbii zərurət insana ehtiyac duyurdu və bu proses nəticəsində insan yarandı. İndi artıq insanın yaranmasına ehtiyac yoxdur. Yəni zərurət var idi, insanın yeri boş idi dünyada. Materialistcəsinə desək təbiət, idealistcəsinə desək Allah dünyanın arzusunu yerinə yetirdi, o boşluğu doldurdu, insan yarandı. Mən də belə düşünürəm ki, şair xalqın ruhani, mənəvi tələbatını ödəmək üçün xalqın gözləntisindən yaranan bir məxluqdur.
Dünyada heç bir adam özü-özünü şair eləyə bilmir. Çoxlu kitab oxuya bilərsən, çoxlu şair, şeir oxuya bilərsən, çoxlu rəssamla tanış ola bilərsən, əsərlərini başa düşə, özün üçün izah edə bilərsən, amma şair ola bilməzsən. Şairi o boşluq yaradır.

- Yəni belə çıxır ki, Füzuli də öz dövrünün ədəbi boşluğunu doldurub?
- Yəqin. Amma mən füzulisevərlərin hamısında bir psixi problem görmüşəm həmişə. Mən hələ indiyənədək Füzulinin qəzəlindən zövq alan ağıllı adama rast gəlməmişəm. O adamı bir az danışdırsan görəcəksən ki, bu adam dəlidir, amma öz dəliliyindən xəbəri yoxdur və çalışır ki, onu gizləsin. Bu adamın fikri göydədir, həyatda heç bir uğuru yoxdur.
Mən hələ Füzuli qəzəlini sevən və həyatda uğur qazanmış adam görməmişəm. Yəni bu adamlar ya psixopatdır, dəlidir, ya da sadəcə, Füzulinin adı ilə özünə şöhrət qazanmaq istəyir.
Füzuli imamın qəbrində “nökərlik” edib və bütün düşüncəsi, zehniyyəti bu işlərlə məşğul olub, poeziyası da ancaq bunun üzərindədir – dərd, qəm, Kərbəla müsibətinin ona verdiyi qəm-qüssə. Bu qəm-qüssəni istedadlı şəkildə poeziyaya çevirə bilib.
Məsələn, Füzulinin “Leyli və Məcnun”u dünya ədəbiyyatında yazılmış bir xeyli “Leyli və Məcnun” içərisində ədəbi estetika baxımından ən yaxşısı hesab olunur. Amma insani baxımdan Füzulinin “Leyli və Məcnun”u, belə deyək, insana lazım olmayan “Leyli və Məcnun”dur. Bugünkü dünyada və elə Füzulinin öz dövründə də qadınları Leyli, kişiləri Məcnun eləyib çöllərə salmağı mən başa düşə bilmirəm. Əslində, Füzuli özündən sonrakı nəsillər üçün də ayrılığın bünövrəsini qoyur – qızları İbn Salam alır, özünə arvad eləyir, Məcnunlar da səhrada şirlə-pələnglə yatır.
Əslində, Azərbaycan insanının, oxucusunun psixologiyasındakı ayrılığın genetik kodu oradan gəlir. Məsələn, Şekspirin “Romeo və Culyetta”sında iki zadəgan və düşmən ailədən olan gənclər bir-birini sevirlər, görüşürlər, sevişirlər və sonda görürlər ki, bunlarla mübarizə aparmaq mümkün deyil, özlərini zəhərləyib öldürürlər. Amma, ölüm anında da birlikdədirlər. Amma bizdəki sevgi əfsanəsində ayrılığa məhkumsunuz, həmişə belə olacaq.

- Bir şeirindən bu misraları seçdim:
“İnsanlar susduqca, susdurulduqca,
Televizorlar daha ucadan danışır evlərdə”.
İnsanlar necə susur, susdurulur, səncə?

- Mən bir şeyi müşahidə eləmişəm ki, bəşəriyyət, xüsusilə də dövlətlərin siyasətini idarə edən qüvvələr texniki nailiyyətlərdən həmişə öz xeyirlərinə istifadə edirlər. Məsələn, belə bir fikir var idi ki, təbii sərvətlər tükənə bilər və dünyanı enerji ilə təmin eləmək lazımdır və atom enerjisi kəşf olundu. Böyük siyasi qüvvələr bəşəriyyətin yaşaması üçün əldə olunan bu enerjini bəşəriyyəti məhv eləmək gücündə olan nüvə silahına çevirdilər. Halbuki Eynşeyn kimi, Rezerford kimi alimlər bu ideyanı qarşılarına məqsəd qoymuşdular ki, təbii sərvətlər gec-tez tükənəcək, bəşəriyyət soyuqdan donacaq, enerji ehtiyacı var və neynəmək lazımdır, uranı parçalamaq, enerji əldə etmək. Və parçaladılar, aldılar. Amma dünyada hegemonluğa can atan siyasi qüvvələr o alimlərin çoxunu öldürdü, yerdə qalanlardan öz məqsədləri üçün istifadə etdilər. İşin məqsədi nə idi, nəticəsi nə oldu?!
Popov radionu kəşf etdi ki, səs dalğalarını ötürsün. Televiziya isə bunun daha təkmil forması idi – səs dalğaları ilə birlikdə, həm də görüntü gəlir. Amma, bu gün demokrat, diktator, sosialist, kommunist, ateist və ya idealist olmasından asılı olmayaraq istənilən siyasi qüvvənin ən ciddi aləti televiziyadır. Niyə? – Çünki televiziya vasitəsilə istənilən evə girib-çıxa bilirlər. Yəni televiziya siyasətin əlində bir növ oğurluq vasitəsidir. O, istənilən adamın evində cibgirlik edir, düşüncəsindən nə isə oğurlayır. İnsan televizorun qarşısında artıq acizdir. Dünya teıeviziya vasitəsilə elə bir mərhələyə gəlib çatıb ki, insan artıq dövlətin qarşısında aciz deyil, küçələrə çıxıb etiraz edə, tələblərini səsləndirə bilər, amma, öz yaratdığı texniki vasitənin qarşısında acizdir. İnsan bu gün internet qarşısında acizdir. Və insan bu acizliyini başa düşdüyü üşün, “Ac qulağım, dinc qulağım” prinsipi ilə susmağa üstünlük verir. Mən o şeirdə, o misrada, o acizliyi göstərmək istəmişəm və bunun əleyhinə olduğumu bildirməyə çalışmışam ki, insanlar susduqca, televizorlar daha bərkdən danışır. Yəni dünyada artıq televizorlar danışır, insanların danışmağa gücü və taqəti, bəlkə heç ehtiyacıları qalmayıb.

(Ardı var)

Turanə Rəsulova


Teqlər:  





Xəbər lenti