Nə vaxt öz futbolumuza azarkeşlik edə biləcəyik?

Nə vaxt öz futbolumuza azarkeşlik edə biləcəyik?
  16 Sentyabr 2013    Oxunub:1514
Orxan Sübhan

Başlayacağam milli komandamızın beynəlxalq arenadakı çıxışını digərləri ilə müqayisə etməyə, bəziləri ağız büzəcəklər. Sözün düzünü deyəndə də olursan pis. Ancaq nə qədər ki, dünya çempionatının seçmə qrup mərhələsinin oyunları gündəmi zəbt edib, fikirlərimi bildirsəm, yaxşıdır. Bir azərbaycanlı kimi adam ömrü boyu nə qədər onun-bunun – yəni başqa ölkələrin milli komandalarının qələbəsinə baxıb, heyfislənər?
Qafqazada həm əhalisinə, həm də ərazisinə görə ən böyük ölkə Azərbaycan olsa da, gəl ki, istər qonşu Gürcüstanın, istərsə də düşmən Ermənistanın futbolu həmişə bizim futboldan güclü olub. Nə qədər çətin də olsa, həzm etmək məcburiyyətindəyik. Mən hələ keçmişi qurdalamaq istəmirəm. Hansı ki, vaxtı ilə “Ararat” və Tiflis “Dinamo”-su SSSR-i çempionatlarında at oynadıb. Hər iki komanda çempion olub və kuboku qazanıblarsa, Neftçi yalnız bir dəfə - 1966-cı ildə bürünc mükafatla kifayətlənib.

Müstəqillik qazanandan sonraya baxsaq, yenə də dəyişən ancaq tarixdi. Əslində digər ölkələrlə müqayisədə bizim maliyyə dayaqlarımız daha yaxşıdır. İndinin özündə də həm Gürcüstan, həm də Ermənistan çempionatlarında top qovanlar, ancaq bu idman növünə olan istəyi dəfn etməmək üçün çalışanlardır. Bir az şişirdilmiş də olsa razılaşın ki, hər iki çempionatda futbolçuların qazancları ilə Azərbaycanda eyni işlə məğul olanların məvaciblərini müqayisə etmək ağılsızlıqdı. Kim istəməz ki, onun ölkəsində insanların qazancı çox olsun? Ancaq diqqət yetirəndəki azərbaycanlı futbolçular nəyinki digər ölkələr, həmçinin Odlar Yurdunda digər peşələrdə çalışanlardan dəfələrlə çox pul qazanırlar və göstərdikləri oyunla bunun qarşılığını verə bilmirlər. Bax buna söz tapmaq çox çətindir, özü də həddindən artıq. Düzünə qalsa qazancına qarşılığı barmaqla sayıla biləcək futbolçu verməyə çalışır ki, bu da heç 11 nəfərlik bir komandanı qurmağa kifayət etmir.

Klublarda olduğu kimi milli komandaların müqayisəsində də qonşu ölkələrdən geri qalırıq. İndiyədək nə Ermənistanın, nə də Gürcüstanın milli komandaları hansısa dünya və Avropa çempionatının final mərhələsindəı iştirak etməyiblər. Ancaq azından sonadək mübarizə aparıb, qrup mərhələsində nisbətən yuxarı pillələrdə qərarlaşmağı bacarıblar. Yaxşı, bəs onda biz niyə hər dəfə qrup mərhələsində ən yaxşı halda aşağıdan 2-ci yeri tuturuq?

Başlayaq torpaqlarımızın 20 faizin işğal edən Ermənistan milli komandasının çıxışndan. Markarovun həmvətənləri hələ təzəcə geridə qoyduğumuz “Avro–2012”-nin seçmə qrup mərhələsini 2-ci yerdə başa vurmağa yaxın olsa da, İrlandiya səfərindən sonra arzuları puç oldu. DÇ-2014-ün seçmə mərhələsinə isə razıyam ki, elə də yaxşı başlamadılar. Ardıcıl 4 oyunda məğlubiyyət belə, erməniləri ruhdan salmadı. Hansı ki, Bolqarıstan, Italiya, Çexiyadan sonra İrəvanda gözlənilmədən Maltaya uduzdular. Lakin toparlanmağı bacaran dığalar, ardıcıl 2 səfər görüşündə Danimarka 4-0, Çexiyanı 2-1 hesabı ilə məğlub etdilər. Hətta sentyabrın 10-da İrəvanda Danimarkadan növbəti 3 xalı alsaydılar, play-off mərhələsinə iddia da edə bilərdilər. 8 oyundan sonra ermənilərin aktivində 9 xal var. Hələ qarşıda 2 tur qaldığını və Vardan Minasyanın baş məşqçisi olduğu komandanın 2-ci pillədəki rəqib 4 xal irəli olmasınız nəzərə alsaq, ermənilərin hələ də şansları var ki, gələn il Braziliyaya getmək üçün play-off mərhələsində mübarizə aparsınlar.

İndi də digər qonşumuz Gürcüstan millisinin çıxışı haqqında. Gürsütanlı futbolçuların bəxtinə bu dəfə İ qrupunda daha güclü rəqiblər düşdü. Əgər qrup mərhələsinin qalibi dünya çempionatına birbaşa yollanırsa, 2-ci yerin sahibi play-off-da 2 oyunun nəticəsinə görə final mərhələsinə vəsiqə qaza bilir. Heç şübhəsiz ki, ilk 2 yeri ancaq İspaniya və Fransa kollektivləri tutacaqlar. Bu qrupda nəyəsə ümid etmək özü ağılsızlıqdır. Lakin buna baxmayaraq gürcülər doğma azarkeşlər önündə Belarusu məğlub edib. Ən yaxşı nəticə kimi Tiflisdə Fransa yığması ilə 0-0 hesablı heç-heçəni qeyd etməmək olmur. Bundan başqa yenə doğma publika qarşısında İspaniya ilə görüşün yalnız 86-cı dəqiqəsində buraxılan yeganə qol, qonşularımızın məğlub olması nəticələnib. Eyni zamanda Timuri Ketsbayanın baş məşqçisi olduğu komandanın Finlandiya səfərində 1-1 hesablı heç-heçəyə razılaşmasını da sərfəli nəticələr siyahısına əlavə etmək olar. Gürcüstan milli belə bir qrupda 7 oyuna 1 qələbə, 2 heç-heçə edib ki, hazırda 5 xalı var.

Azərbaycan millisinin çıxışını müzakirə etməyə isə ehtiyac yoxdur. Hər şey göz qabağındadır. 8 oyun 5 heç-heçə. Əslində həm Şimali İrlandiya, həm də İsrail səfərlərində qeydə alınan 1-1 hesablı heç-heçələrə sevinmək borcumuzdur. Ancaq Lüksemburqla hər iki oyunda 1 xal qazanmaq - bax bunu bir azərbaycanlı kimi qəbul etmək çox çətindir. 8 oyun 5 xal və sonuncu yer. Milli komandamızın DÇ-2014-ün seçmə qrup mərhələsində 2 oyunu qalıb ki, hər ikisi Bakıda keçiriləcək. Rəqiblər isə Şimali İrlandiya və Rusiya yığmalarıdır. Ümid edək ki, futbolçularımız bundan sonrakı qarşılaşmalardan birində ilk qələbələrini qazana biləcəklər.


Teqlər:  





Xəbər lenti