Selin bağladığı Bakı-Şamaxı yolu açılıb

Selin bağladığı Bakı-Şamaxı yolu açılıb
  02 İyun 2017    Oxunub:3425
Bakı-Şamaxı avtomobil yolunun 76-cı kilometrliyində, Ceyrankeçməz dərəsində dünən sel sularının yaratdığı problem aradan qaldırılıb.
Bu barədə AzVision.az-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Qurum rəsmisi bildirib ki, sel suları özü ilə gətirdiyi qaya parçaları, lil qatını körpünün üstünə atıb. Nəticədə yol bağlanıb və avtomobillərin hərəkətində problem yaranıb.

"Əməkdaşlarımız tez bir zamanda əraziyə cəlb olundu və problem aradan qaldırıldı. Hazırda həmin yolda hərəkət bərpa olunub. Yaz fəsli və yayın əvvəllərində belə yağışlar müşahidə olunur və bəzi dağlıq, dağətəyi avtomobil yollarında problemlər olurdu. Amma dünən məlum hadisədən sonra ciddi problem yaşanmayıb".

Qeyd edək ki, dünən axşam saatlarında yağan güclü leysan yağışından sonra dağlardan gələn sel suları Qobustan rayonu ərazisindən keçən magistral avtomobil yolunda nəqliyyatın hərəkətini dayandırıb.

Sel suları Bakı-Şamaxı avtomobil yolunun 76-cı kilometrliyində, Ceyrankeçməz dərəsi adlanan əraziyə toplanaraq, orada gölün əmələ gəlməsinə və nəticədə magistral yolun bağlanmasına səbəb olub.Yol bir neçə saat bağlı qaldığı üçün Bakıdan Şamaxı istiqamətinə və əks tərəfə gedən 500-dən çox avtomobil yolda qalıb.


Aytən Zəhra
AzVision.az


Teqlər: Bakı-Şamaxı   Yol  





Xəbər lenti