Xocalı faciəsinin canlı şahidi: `Məni ölmüş bilib ocağın üstünü atdılar` - (VİDEO)

Xocalı faciəsinin canlı şahidi: `Məni ölmüş bilib ocağın üstünü atdılar` - (VİDEO)
  21 Fevral 2017    Oxunub:84941
Hüseynağa Quliyev Xocalı soyqırımının canlı şahididir. Hazırda 51 yaşı olan H.Quliyev Qarabağ döyüşləri zamanı 26 gün erməni əsirliyində qalıb. O, yaşının gənc olmasına baxmayaraq, Xocalı özünümüdafiə taborunun post komandiri olub və düşmənlə qızğın döyüşlərdə iştirak edib.

Xocalıda yaşlı anası, həyat yoldaşı və əkiz oğlanları ilə birlikdə ermənilərə əsir düşən müsahibimiz 25 il keçsə də, yaşadığı, şahidi olduğu tükürpədici faciəni bir an belə unuda bilmədiyini deyir.

-1966-cı ildə Xocalıda anadan olmuşam. Ömrümün 25 ilini bu şəhərdə yaşamışam. Ailənin tək oğlu idim. 1988-ci ildən könüllü olaraq özünü müdafiə taboruna qoşulmuşdum. Çünki hər an kəndlərə girib camaatı qıra bilərdilər. Xocalı təhlükə içində idi. Faciə ərəfəsində ermənilər heç kimdə silah qoymamışdılar, hamısını yığımışdılar. Tək-tük adam gizlədib, evdə silah saxlamışdı.

Mən Tofiq Hüseynovun rəhbərlik etdiyi könüllülərdən ibarət taborda post komandiri təyin olunmuşdum. Aeroportumuzu Əlif Hacıyev qoruyurdu. O, zaman icra başçısı olan Elman Məmmədov (hazırda Milli Məclisin Xocalıdan seçilən deputatıdır-red) xocalıları qorumaq üçün əlindən gələni edirdi. Başqa rayonların icra başçıları sona qədər xalqın yanında qalmamışdı. Elman Məmmədov isə xocalılarla bir yerdə idi. Buna görə də xocalılarda böyük ruh yüksəkliyi var idi. Hamı düşünürdü ki, icra başçısı öz ailəsi ilə buradadır, heç kimi qoyub getmir. O, bizə çox köməkliklər edirdi. Əslində ona Milli qəhrəman adı verilməlidir.



“Dedilər ki, Ağdama keçmək üçün ermənilər xocalılara dəhliz verəcək”

-Anam, həyat yoldaşım və iki oğlum Xocalıda idi. Döyüşçülərə göstəriş verilmişdi ki, heç kim ailəsini Xocalıdan çıxarmasın. Axşam posta idim. Xəbər gəldi ki, 366-cı motoatıcı alay Xocalını mühasirəyə alır. Ordu rus əsgərlərin ibarət olsa da, komandirlər erməni idi.

Könüllülərin hir hissəsini aşağı postda, müəyyən hissəsini yuxaı postda saxladıq. Müxtəlif yaşdan adamlar var idi. Axşam saat 10-a işləmiş güclü atışmalar başladı. Elə vəziyyət yarandı ki, başımızı səngərdən çıxara bilmədik.

İnsan vahiməyə gəlirdi, güllələr yağış kimi yağırdı. Yuxarı posta qalxanda dedilər ki, bütün postlara xəbər verin, hamı öz ailəsini çıxartsın. Artıq faciənin qabağın almaq mümkün deyildi. Posta nə qədər adam çıxmışdısa, hamısı şəhid olmuşdu. Düşmənin texnikasının qabağında dayanmaq mümkün deyildi. Hər yeri dağıdırdılar. Bizim kəndimizdə məhsəti türklərinin şəhərciyi var idi. Yarım saat ərzində oranı yerlə yeksan etdilər.

Ailə, uşaq fərqi yox idi. Hamısını tankla tapdalayırdılar. Tanklara qarşı əli yalın nə edə bilərdik? Məcburən döyüşə- döyüşə dala çəkildik. Qeyri- bərabər güc var idi. Evə çatdım, gördüm ki, heç kim yoxdur. Ailəmi camaatla birgə kəndin aşağı hissəsində məktəbdə tapdım. Xocalılar ora yığılmışdı.



Xəbər gəldi ki, camaatı meşəyə aparmaq lazımdır. Həmin gün Xocalı imtahan verirdi. Qar yağırdı. Hava şaxtalı idi. Bayırda dayanmaq mümkün deyildi. Dedilər ki, ermənilər Əsgəranın üzərindən Ağdama keçmək üçün bizə dəhliz verəcək.

Bildirdim ki, heç vaxt ermənilərin vəd etdikləri yolu getmərəm. Ailəmlə birgə Qarqar çayına doğru getdik. Xocalılardan eləsi oldu ki, ermənilərə inandı.Hardasa mindən çox adam inanıb yuxarı qalxdı. Camaat bizdən yarım saat olardı aralanmışdı ki, güclü atışma səsləri eşidildi. Güclü atışma gedirdi, biz qayıdıb kömək edə bilmədik.

“Dağı necə vurdularsa, dağ ayağımın altından getdi...”

-Ermənilər aman vermirdilər. Hər tərəfdən atəş açırdılar. Düşmən dörd bir tərəfdə pusqu qurmuşdu. Bizi mühasirəyə alıb, dedilər ki, silahlarınızı yerə atıb təslim olun. Ailəmdən aralı düşmüşdüm. Fikirləşdim ki, hərbi formadayam, təslim olmağım, silahı atmağım mümkün deyil.

Qarşımızda kiçik qayada üç erməni dayanmışdı. Yanımda Xocalıdan olan Məhəmməd kişiyə dedim ki, yerindən tərpənmə. Onlar gəlirlər, mən atacağam. Kişi qorxdu, özünü qayadan atamaq istəyəndə ermənilər onu vurdular.

Ermənilər elə bildilər ki, Məhəmməd kişi təkdir. Həmin 3 ermənidən birini vurdum. Dalınca özümü qayadan aşağı atıb dağın döşünə düşdüm. Qaya çox hündür idi. Qarın çox olması həyatımı qurtardı.

Dağın dibinə doğru getdim ki, Məhəmməd kişini də götürüm. Gördüm, dünyasın dəyişib. İstədim geri qayıdım, gördüm, həmin iki erməni orada durub.
Mən dağın döşündən, onlar isə altdan yuxarı atırdılar. Meşəyə girməyə 50-70 metr qalmış, dağı necə vurdularsa, dağ ayağımın altından getdi. Ayılanda gördüm ayağımdan qan axır, ermənilər isə yuxarıya doğru gəlirlər. Hazırlaşırdım ki, onları yayındırıb tez meşəyə girim, ardınca daha bir gurultu səsi gəldi. Bundan sonra heç nə hiss etmədim. Ayılanda gördüm ki, məni girov götürüblər.



“Mənim ölmüş bilib, ocağın üstünə atdılar”

-Ermənilər məni sorğu-sual etdilər. Dedilər, sənin silahın olub, hərbiçisən. Dedim, yox. Fəhlə işlədiyim üçün hərbi forma geyinmişəm. Qaynatam, uşaqlarım, ailəm əsirlikdə idi. Qaynatam gəldi ki, hərbiçi olduğunu etiraf etsən, səni bağışlayıb dəyişəcəklər. Dedim, mənim silahım olmayıb. Mən hərbiçi olmamışam.
Orada dünyanın mütəlif yerlərindən gəlmiş ermənilər var idi. Suriyadan, Livandan olan ermənilər bizim dildə təmiz danışırdılar. Hərbi olduğumu boynuma almadığıma görə, məni necə döymüşdülərsə, özümdən getmişdim.

Səhər durdum ki, əyimdə forma yoxdur, çöldə soyuqdan donuram. Qaynatam dedi ki, formanı biz çıxartdıq, sən yanırdın. Sən demə, məni döyəndən sonra özümdən getmişəm. Ermənilər elə bilib ki, ölmüşəm, məni ocağın üstünə atıblar. Elə vəziyyətdə olmuşam ki, yanmağımdan da xəbərim olmayıb.

Səhər yenə gəlib sorğu-suala tutdular. “Sənin silahın olub?İcra başçısı Elman Məmmədov, Tofiq Hüseynov, Əlif Hacıyev sizinlə birlikdə idi?” bu kimi suallar verirdilər mənə.

Ən çox da Elman müəllimi soruşurdular. Dedim, onları tanımıram. Mən mülki şəxsəm. Dedilər, necə yəni sənin əlində silah olub. Məni sözlə ifadə edə bilməyəcək qədər döydülər. Sonra buzun üstünə uzatdılar. Buz məni kəsirdi, alışıb yanırdım. Məni çölə çıxardıb əlsiz, ayaqsız meyitləri göstərirdilər ki, səni də elə edəcəyik.

Erməni qadınlar gəlib əsirlər arasından özlərinə qurban seçirdilər. Mən elə döyülmüşdüm ki, heç kim məni qurban kimi istəmirdi. Qadınları da özləri kimi vəhşi, nankor idilər. 16 yaşlı qaynımı aparıb öldürdülər. 16 yaşlı uşaq nə bilir ki, müsəlman, erməni nədir?
Edik adlı erməni məni güllələmək istəyirdi. O silahı ağzıma necə vurmuşdu ki, bütün dişlərim qırılıb tökülmüşdü. Başımı kəsmək istəyirdilər. Çox döyüldüyümdən özümdən getmişdim.



“Anam məni morqda tapmışdı”

-Girovluğun 26-cı günündə soruşdular ki, Hüseynağa kimdir? Əlimi qaldırıb deyə bilmədim ki, mənəm. Halım yox idi. Yanımda olanlar məni göstərdilər. Dəyişdirilən zaman çox gedə bilmədim, bir neçə addım getdikdən sonra yerə yıxıldım. Öldüyümü zənn edib, məni Ağdamdakı meyitxanaya apardılar. Anamla dayım məni orada tapdılar. Anam görmüşdü ki, nəfəsim az da olsa gedib- gəlir, ölməmişəm. Məni morqan çıxarıb, Bakıya apardılar.

Həyat yoldaşımı dəyişərkən isə onlara lazım olan erməninin adını yazıb vermişdilər ki, əgər bizimkilər o ermənini verməslər, oğlanlarımı geri qaytarmayacaqlar. Çox şükür ki, uşaqlarımı da geri ala bildik.

Müxbir: Şahanə Rəhimli
Operator: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər:





Xəbər lenti