Azərbaycanda 63 ölkənin vətəndaşı təhsil alır

Azərbaycanda 63 ölkənin vətəndaşı təhsil alır
  24 Yanvar 2017    Oxunub:2606
Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 39,2 faizi təqaüd alır.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, ali təhsil müəssisələrində adlı təqaüd alan tələbələrə 120 manat, magistr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə 105 manat, 71-100 balı olan tələbələrə 85 manat, 51-100 balı olan tələbələrə 55 manat, bakalavr səviyyəsi üzrə isə müvafiq olaraq 95, 80, 50 manat təqaüd müəyyən edilir.2016-cı ildə ölkənin ali təhsil müəssisələrinə 36,1 min nəfər tələbə qəbul olunub və qəbul geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilib.

Bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 61,2 faiz olub ki, onların da 87,9 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür.

Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə birgə 63 xarici ölkənin 4238 nəfər vətəndaşı da təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, Türkmənistan, İraq və Çin Xalq Respublikası vətəndaşları üstünlük təşkil edirlər.

2016/2017-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 2197 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 63 faizi Bakı, 37 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə, Birləşmiş Krallıq, Almaniya, Rusiya və Kanadanın ali təhsil müəssisələrində təhsil alır.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti