Dağlı Cavanşir erməni Levonu necə sındırdı – GİZLİ TARİX

Dağlı Cavanşir erməni Levonu necə sındırdı – GİZLİ TARİX
  09 Yanvar 2017    Oxunub:177388
Bəhram Çələbi
AzVision.az üçün

Bakının qərb ucqarında, şəhərin başı üzərində yerləşən Yasamal qəsəbəsi Stalinin ölümündən sonrakı münbit ab-hava dövründə tikilməyə başlamışdı. Əsasən Barmək mahalının Xızı rayonundan axışıb gələn dağlıların bir gecədə tikdikləri evlərin çoxu mal pəyələrinə bənzəyirdi.

Yasamal və dağlılar


"Qanlı göl"lə Elmlər Akademiyası arasında yerləşən bu sahədə yaşayan camaat yazda-yayda toz-torpaqdan, payızda-qışda lırt palçıqdan zinhara gəlirdi. Yasamal şəhərdən çox Xızının onlarla kəndlərindən birinə bənzəyirdi. Fərq burasında idi ki, kəndlərdəki göy otluqların əvəzinə çala-çuxuru daim milçək qaynaşan su ilə dolu küçələr, sərin hava əvəzinə bürkü... bülbül cəhcəhi əvəzinə isə hünü, ditdili vızıltısı...

Bir gecənin içində iməciliklə tikilən alçaq-ufacıq komaların əksəriyyətinin divarına mala, suvaq əvəzinə mal peyinindən yoğrulan təzəklər yapışdırılırdı. Həyətlərdəki pəyələrdə qoyun-quzu mələşir, üstüaçıq tövlələrdə inəklər böyürürdü. Kasıb ailələrin evlərində yemək bişirmək üçün ocaq qalanar, axşamlar hisli neft lampaları yandırardılar.

Fındığanda hamının hörmət etdiyi, yolunu saxladığı Əmirşah da axına qoşulub Bakıya gəlmiş, Yasamalda qohum-qardaşın köməyi ilə özünə daxma qaraltmışdı. Əmirşah Fındığanda beş cayıldan biri sayılırdı. Toy məclislərində, hüznlərdə, bayramlarda, çətin məqamlarda hamı onu axtarırdı. İşi dara düşənlər Əmirşahın qapısına yüyürərdilər. Təbiətən mərd, əyilməz adam olduğundan, istənilən qapını açıb sözünü deyər, kənd sovetinin sədrinin meşin qapısı arxasında qalan binəvalara havadarlıq etməyə çalışardı.

Aşağı təbəqələrdə səfalət və ehtiyacın, yuxarı eşalondakı mürvət və insaniyyətlikdən çox olduğunu dəfələrlə gördüyündən nə isə qazanmazdan əvvəl paylayardı Əmirşah. Evlənənə qədər iki dəfə milis tərəfindən tutulmuşdu. Bisafçıları cəzalandırdığına görə birinci dəfə 15 sutka, ikincidə isə altı ay oturmuşdu.

...Atası həbsxanada olduğu illərdə dəfələrlə balaca Cavanşir nənəsi ilə hərəyə iki zənbil doldurub ona pay-pürüş aparardılar. Saatlarla qapının qarşısında dayanar, özündən razı kalon işçilərinin nə vaxt onları çağıracaqlarını, zənbilləri bir-bir yoxlayıb min bir minnətdən sonra "keçin içəri, nə vaxt çağırsalar görüşərsiz" deyəcəklərini gözləyirdilər.

Erməni güləşçinin hörməti

Belə günlərin birində onlar keçiddə dayanarkən düşərgənin qarşısında gün işığında parlayan, təp-təzə bir "Volqa" dayandı. Maşından bəstəboy, qulaqları büzüşüb qoz boyda qalmış, şıq geyimli bir kişi düşüb heç kəsə məhəl qoymadan əlindəki iki kağız torba ilə keçidə girdi. Paqonlarında üç xırda ulduz parlayan zabitdən saymazyana əda ilə "Ara, xozeyin yerində?" soruşdu.

- Naçalnik yerində yoxdur, Armais müəllim. Operupalnamoçennıy isə kabinetindədir, - zabit rəis qarşısında hesabat verirmiş kimi dartınaraq əlini gicgahına apardı.

- Nu davay, duy, miqom pozavi eqo, marş..., muxoy! - qozqulaq kişi bir neçə dəfə ovuclarını şappıldatdı və ətrafdakılara məhəl qoymadan, laqeyid tərzdə əlindəki maşın açarlarını atıb-tutmağa başladı.

Cavanşirin yanında dayanıb pərəstiş dolu nəzərlərini qozqulağa zilləyərək pıçıldaşan serjantları dinləyirdi.
Birincisi:
- Azərbaycanda yeganə pəhləvandır ki, dünya çempionu adını daşıyır, - dedi.
İkincisi:
- Xoşbəxt adamdır, yeməyi müftə, içməyi müftə, qostinitsa havayı, yol pulu hökumətdən... İtaliya, Amerika, Finlandiya, Hindistan! Daha haraları gəzməib!?
Birincisi:
- Pul da ki, xirtdəkdən! Üçüncü maşındır ki, dəyişir. Bu maşınlar İrana, importa getməli imiş, birini ayırıb ona veriblər, birini də Banışa...

Güləşçi söhbətin özündən getdiyini hiss edib daha da laqeydləşdi. İndi gözlərini "SSSR oplot mira" şüarına zilləyərək, açarların ucundan sallanan zənciri fırladaraq barmağına dolayırdı.

Baş leytinantla gələn podpolkovnik qızarıb pörtmüşdü:
- O, Armaris müəllim, niyə əvvəldən zəng vurmadınız ki, siz bizləri deyil, biz sizi gözləyək. Dünya birincisini, çempionu qapıda gözlətmək?! Buyurun, gedək kabinetimə, on ildən qalma ... - podpolkovnik sözünü tamamlamadı, əyilib dodaqlarını lap iri qoz kimi yumrulanmış, cadar-cadar qulağa yaxınlaşdırdı, bir neçə söz pıçıldayıb qürurla gülümsündü.
- Na samom dele "Axtamar"!? – Armais Sayadov süni təəccüblə qaşlarını çatıb istehzalı tərzdə: - Yəqin "qrev" gətiriblər, ara, - dedi - Toroplyus, doroqoy moy. Gələn dəfə pırlanıb gələndə yaxşı-yaxşı oturub vurarıq. Bu kulyokları Aşota ötürsünlər.
- Baş üstə! Leytenant, götür torbaları! İkinci baraka apar!... Aşota verginən...
- Aşota ver, amma Çyornıy Vanik üçün gətirmişəm, - Sayadov səsini bir qədər ucaldıb hökmlə dilləndi, - eşitdim ki, karsdan çıxıb...
Podpolkovnik bir qədər pərt halda tapşırıq verdi:
- Apar, amma rəis bilməsin...
- Oldu, yoldaş podpolkovnik!
Leytenant məmnun təbəssümlə torbaları götürüb içəri keçdi.
- Vanik rejimə məhəl qoymadığından, üstəlik xozeyini söydüyündən, beş sutkalıq karserə salınmışdı, - oper günahkarmış kimi baxışlarını aşağı dikərək dilləndi. - Rəis mənə Vaniki etap göndərməyi tapşırıb.
- Danışaram onunla! – Sayadov hirsli halda qolunu oynadaraq dedi. – Ara, mənim qohumumu?..
Erməni çempion xudahafizləşmədən maşınına oturaraq getdi.

...Nənənin zənbillərinin içərisindəkilərin hamısını bir-bir yoxladıqdan sonra iki banka mürəbbəni içəri buraxmadılar. Leytenant dedi ki, onların meyvələrinin içərisində "şey" ola bilər.

Armais Sayadovun kağız torbalarını Vanikə verib qayıdan baş leytenant dünya çempionunun yanında nə qədər müti, əzik, yaltaq görkəmdə idisə, onun gedişindən sonra bir o qədər ciddi və hökümlü görünürdü. Cavanşirə elə gəldi ki, zabit Armais Sayadovun zənbillərini aparmaqla böyük qürur hissi keçirir, eyforiya içindədir.

Güləşçi

...Soltan müəllim ilk dəfə Cavanşiri görəndə təəccüblə əlini uşağın çiyninə qoymuş İkramdan soruşdu:
- Bu sısqanı haradan tapmısan, alə? İki dəfə mostda dayansa, boynunu da, onurğasını da sındırar ki... Qardaşundu?
İkram gülümsünərək:
- Elşənin qərdəşidü, - dedi. - Arıq olmağına baxmayın, qeyiş kimi uşaqdu. Priyomlardan da az-çox öyrətmişüy. İstiyürsüz bir yoxlayun.
Soltan müəllim zarafatınının davamını gətirdi:
- Alə, bunda ət deyilən bir şey yoxdur, sür-sümüklərini sındırarlar, işə düşərük.
- İcazə verin, qoy bacarığını göstərsin. İki həftədir zəli kimi yapışıb xirtdəyimdən "məni də yazdır güləşə" deyib zəlo təpir.



Soltan müəllim döşəyin kənarında most "kaçat" eliyən tökməsək oğlana tərəf qanrılaraq:
- Lyoşa, yoxla görək bu oğlanı seksiyaya götürməyə dəyər, yoxsa yox.
Oğlan kinayə dolu təbəssümlə gülümsəyib bir neçə dəfə dərindən nəfəs alma hərəkətini yerinə yetirdi.
Cavanşir hamam sakvoyajından Elşənin trikosunu götürüb əyninə keçirdi, onun borisovkaları ayağına böyük olduğundan corabla döşək üstünə çıxdı. Lyoşa hələ də dərindən nəfəsalma hərəkətlərini təkrarlayır, rişxənd dolu nəzərlə əynində torba kimi dayanan trikonu dartışdıran Cavanşirə baxırdı.
İlk dəfə yumşaq döşək üzərində dayanmış Cavanşirin isə gözləri dumanlanmışdı. Onun qəlbini acıqlı, amansız bir hiss çuğlamışdı: Bu ədəbaz, özündən razı hərifi qaldırıb yerə çırpmaq. Həyəcandan dişləri bir-birinə dəyir, əzələləri gərilirdi.

- Davay, Cavan..! Sənə dünən öyrətdiyimi... - deyə İkram qışqırdı.
Lyoşa qəddini əyərək asta-asta ona tərəf irəliləyir, həm də yerində rəqs edirmiş kimi atılıb-düşürdü. O, yumşaq qolları ilə Cavanşirin kürəyini qucaqladı və... havada mayallaq vuraraq dizi üstə döşəyə çırpıldı.
- Doqquzuncu fəndi işlət, Cavan, doqquzuncunu! - İkram sevincli təntənə ilə ucadan qışqırdı.
"Bedro" fəndi ilə Lyoşanı döşəyə pərçimləyən Cavanşir rəqibin boynunu qoltuğu ilə sıxaraq kürəklərini yerə vurmağa çalışırdı.
Soltan müəllim hər iki fənddən sonra əl çalaraq:
- Çox gözəl! Əlaçı! Afərin! - dedi. - Tək günləri saat dörddə məşqlərə gələrsən,- Cavanşirin cod saçlarını tumarlayıb: - Bizdə məşqlər yaşa görə deyil, çəkiyə görədir. "Muxaclar" bir az tez başlayırlar. Nənənə deginən səhərlər sənə qüvvətli yeməklər versin. Bir az ətə-cana gəlməyin vacibdir.

Soltan müəllim Əmirşah kişinin məhbəsdə olduğunu bilirdi və Elşənin məşq zamanı əyninə geydiyi güləşçi paltarını da öz puluna alıb yetirməsinə bağışlamışdı.

Levonla ilk üzləşmə

Cavanşir bir güləşçi kimi çox sürətlə inkişaf edirdi. Elə hey güləşmək, məşqçinin idman zalında, İkramın evdə öyrətdiyi fənləri işlətməklə yıxmaq, basmarlamaq və qələbə çalmaq istəyirdi. Məşqlərdən sonra hamı evlərinə dağılışanda da Cavanşir zalı tərk etmir, böyüklərin hərəkətlərini izləyir, onlardan öyrənməyə çalışırdı.

Evə qayıdanda nənəsinin məxsusən onun üçün tikib-düzəltdiyi mütəkkəni götürər, onunla "suples", "bedro" və "vertuşka" fəndlərini yüzlərlə dəfə məşq edər, təkrarlardı.

Hamı kimi Cavanşir də məhəlləsi ilə fəxr edirdi. Dağlı məhəlləsini, Yasamalı həmin dövrdə idmançılar məhəlləsi də adlandırırdılar. Məhəllə uşaqları bir yerə toplaşan kimi Ağasəlim Mircavadovun Bloxindən daha texnar futbolçu olduğundan, Əbdülqəni Nurməmmədovun ittifaq yığmasına çağrıldığından və xüsusən də pəhləvanlar: Oqtay Hüseynov, Mütəllim Heybətovdan söhbətlər açar, bu şəxslərlə eyni məhəllədə yaşadıqlarından qürur hissi keçirərdilər.

Bir il keçmədi ki, Cavanşir yarışlarda qüvvəsini sınamağa başladı. Həddindən artıq arıq olmasına baxmayaraq, qayış kimi elastik, qüvvətli bədəni vardı. Başlıcası isə cəld idi və yarışın böyük-kiçikliyindən asılı olmayaraq rəqiblə üzbəüz dayananda gözləri ildırım çaxır, dodaqları bir-birinə sıxılır, qaşları kaman kimi gərilirdi. Böyük qələbə yanğısı ilə güləşir, elə birinci həmlədəcə rəqibini basmarlayıb, kürəklərini döşəyə sıxmağa çalışırdı.

Məktəblər arasında “Dinamo”da keçirilən yarışda 21 nömrəli məktəbin hətta ibtidai sinif şagirdləri də Cavanşirə azarkeşlik etməyə toplanmışdı. Birinci dəfə idi ki, başqa salonda, öyrəşmədiyi döşək üzərində güləşəcəkdi. Zalda oturanlar, qışqıranlar arasında hətta qızlar da vardı.

Rəqibi haqqında da məşqçi-müəllimi xəbərdarlıq etmişdi. Dinamoçu Levon artıq üç il idi Artyom Teryanın məşqlərində iştirak edir, gələcəyin ən ümidverici pəhləvanı sayılırdı. Lyova milis mayoru paltarında olan dazbaş bir kişinin yanında dayanıb "Sport" şokoladı çeynəyir, hərdənbir başını qaldırıb zabitə nə isə deyərək özündən razı halda gülümsəyirdi.



- Sən ondan güclüsən, çeviksən, ancaq hövsələsizsən, - deyə Soltan müəllim Cavana son məsləhətlərini verdi. - Birinci yarışındır. Çalış, döşəyə çıxanda mandraja düşməyəsən. Levon ötən il Bakı çempionatında finala çıxıb. Stoykası düzgün deyil. Ayaqdan işləmək daha yaxşı olardı. Çalış xal qazan, sakitcəsinə vaxt öldür. Çox canfəşanlıq etsən kontrpriyoma düşə bilərsən...

Budur, Cavanşir və Levon döşəyin ortasında, hakimin yanında dayanıblar. Milis mayoru sağ əlinin yumruğunu bir qədər yuxarı qaldırıb Levona göstərir, - "bərk ol!"
Soltanəli müəllim də az sonra eyni hərəkəti təkrar edir – Cavanşir üçün.

Start fiti eşidiləndə Levon onun ayaqlarına cumsa da, Cavnşir cəld hərəkətlə rəqibin boynundan basaraq, arxasına keçdi, belindən yapışıb parter vəziyyətinə saldı.
Parterdə işləməkdən Cavanşirin zəhləsi gedirdi. O, ayağa qalxdı. Ətrafa toplaşan məhəllə uşaqları: - "Cavan, işlə!" - deyib qışqırırdılar.

Bu dəfə Levon döşəyin ortasında gözləmə mövqeyi tutaraq, şax dayanıb rəqibin hücumunu gözləyirdi. Cavanşir onun irəli uzatdığı qollarının dirsəkdən yuxarı hissəsini qamarlayıb geri əyildi və rəqibini cındır əski kimi döşəyə çırpdı.

"Suples" təmiz alınsa da Levon tələsik körpü vəziyyətinə keçdi, qollarını dağlı balasının məngənə kimi sıxılmış qolları arasından çıxarmağa çalışdı. Bacarmadı. Cavanşir rəqibin çiyinlərini qucaqlayıb bədəninin ağırlığı ilə onun çiyinlərini döşəyə sıxdı. Levon uzandığı yerdən qalxmaq istəmirdi. Arxası üstə uzanaraq ovucları ilə üzünü qapayıb xısın-xısın ağlayır, dodaqaltı nə isə mızıldayırdı.

Həmin gün Cavanşir məhəllə uşaqları ilə "Qanlı göl"ün yanında ilk dəfə "Kəmşirin" çaxırının dadına baxdı. "Lalə" kafesindən sifarişlə lülə kabab, lavaş götürmüşdülər.

Levonla ikinci üzləşmə

Sonrakı bir il də tez gəlib ötüşdü. Cavanşir bu müddət ərzində həm çəkidə, həm də güləş texnikası cəhətdən çox irəli getmişdi. Ən çox işlətdiyi fənd isə "Suples" və "Melnitsa" idi. Bu fəndləri "dağlı balası" vaşaq cəldliyi ilə yerinə yetirirdi. Rezin kimi dartılıb gərilən əzələləri peyda olmuşdu və ona elə gəlirdi ki, hətta dünya çempionatı yarışlarına da yollansa, oradan qızıl medalla qayıdacaq.

Bir gün məşqdən sonra Soltanəli müəllim:
- Cavan, iki həftə sonra paytaxt birinciliyidir. Bir balaca fiziki hazırlığını artırsan, Bakı çempionu olarsan. Moskvaya getmək, əsl ustalarla yarışmaq istəyirsənsə, bu iki həftəni tər tökməlisən. - dedi. - "Məhsul"dan, "İnternat"dan güclü uşaqlar olacaq. Ən başlıcası isə "Dinamo"dan sənin keçmiş rəqibin Levondur, çox yuxarıdan gedir, "mənəm-mənəm" deyir. Atası onunçun fərdi məşqçi tutub, fiziki hazırlığını artırıb. Onun kürəyini xalçaya sıxa bilsən, ittifaq turnirində iştirak edəcəyik. Sənə böyük ümidlərim var, - dedi.



Yarışlar başlanan gün Cavanşir yenə Levonu atası ilə birlikdə gördü. Dazbaşın çiyinlərində indi iki iri ulduzlu paqonlar vardı. Cavanşir məhəllə uşaqları ilə "Dinamo"nun qarşısında söhbət edərkən düz qarşılarında qara rəngli "QAZ-24" dayandı. O vaxtlar "Adidas" idman kostyumları ancaq məhşur idman ustalarında olardı. Levon da "Adidas" geymişdi. Maşından düşən podpolkovnik Cavanşiri görəndə qaşqabağını turşutdu, keçib yük yürindən iri bir idmançı çantası götürdü və Levonla birbaşa yarış zalına yollandı. Başqalarını, hətta hakimləri hələ içəri buraxmırdılar. Podpolkovniklə Levona qadağa qoyulmadı.

Yarışın açılışı zamanı idmançıları təbrik edən Muxtar Dadaşov onu da bildirdi ki, bütün çəki dərəcələrinin qalibləri Moskvaya, Lujnikidə keçiriləcək ümumittifaq turnirinə vəsiqə qazanacaq.

Podpolkovnikin təklifi

Turnirdən öncə güləşçilər adətən tərəzi qarşısında gəzişir, rəqiblərinin dəqiq çəkisini öyrənməyə çalışır, hətta dəftərçələrində qeydlər aparırdılar. Cavanşir tərəziyə çıxanda Levon diqqətlə qapandakı rəqəmi izlədi və təəssüf dolu səslə - "400 qram azdır", - deyrək məşqçisi Teryanla söhbət edən atasının yanına çəkildi.

Cavanşir yarışın birinci günü asanlıqla üç görüşü başa vurub yarımfinala çıxmışdı. Levonun da aktivində üç qələbə vardı. Onlar bu dəfə yarımfinalda üz-üzə gəlməli idilər.

Səhəri gün Cavanşir İkramla su budkasının yanında dayanıb Elşəni gözləyirdilər. Qara “Volqa” düz onların qənşərində dayananda dostlar yarış zalına tərəf addımladılar.

- Səninlə bir-iki kəlmə söhbət eləmək istəyirəm, - deyən podpolkovnik ağır əlini Cavanşirin çiyninə qoyub onu geri fırlatdı. - Gedək maşında oturaq.
- Bir-iki kəlməni elə burada da demək olar, - Cavanşir ikrahla onun qolunu çiynindən itələyib üzünü yenə "Dinamo"ya tərəf çevirdi.
- Görürəm, kasıb oğlansan, sənə iki yüz manat pul vermək istəyirəm,- podpolkovnik əlini cibinə salıb, sınayıcı nəzərlərini Cavanşirin üzünə zillədi, səsini bir qədər də yavaşıdıb: - Vaxt gələr Levon da sənə uduzar... İdmanda belə şeylər olur, oğlum.
- Alə, getginən özüvə başqa oğul axtarginən... - onun sifəti kölgələndi, dili əsəbilikdən pəltək vurdu. - İdmanda belə şeylər olur, məndə olmur.
- Birinci yerə çıxsan sənə quru fəxri fərmandan başqa heç nə verməyəcəklər, - podpolkovnik əl çəkməyib pıçıltı ilə dilləndi. - Beş yüz!... Beş yüz manat verərəm, - oğlanın hirslə başını buladığını görüb, - nə cırtqoz uşaqsan, ara?
- Nəslündü cırtqoz! - az qala hirsindən ağlayacaqmış kimi doluxan Cavanşir: - Nədü, mağmun görmüsən məni? - qışqırdı və qaça-qaça oradan uzaqlaşdı...

Təmiz qələbə

...Döşəyin künclərində dayanmışdılar. Cavanşir dodaqlarını bir-birinə sıxaraq, nifrət dolu nəzərlərlə dizlərini əsməcə tutmuş Levona baxırdı. Podpolkovnikin koppuş, ağ dərili, qırmızısifət oğlu bu baxışlar altında cılızlaşdı.

- Coni, ayaqlarından özünü gözlə, səbrlə güləş, tələsmə, - deyən Soltanəli müəllimin səsini eşidib ona tərəf çevriləndə Teryanla podpolkovnikin məşqçisinə tərəf gəldiyini gördü.

Artıq dörd-beş dəqiqə idi ki, döşək üzərində dayanmışdılar, hakim isə hələ də görünmürdü. Salonda oturan onlarla məhəllə uşağı dayanmadan: "Ca-van-şir! Ca-van-şir!" - deyərək halay çəkir, onu qələbəyə həvəsləndirirdilər. "Dinamo"dan olan bir neçə güləşçi də hərdənbir "Lyo-va! Lyo-va!" deyib boğaz yırtırdı.

Kiçik stolun arxasında əyləşən hakimlər kollegiyası yeddi-səkkiz nəfərlə əhatə olmuşdu. Nə isə möhkəm mübahisə getdiyi bəlli idi. Teryan da onların arasındaydı. O, əl-qolunu ölçə-ölçə gah yanında dayanmış Muxtar Dadaşovun qolunu dümsükləyir, gah da barmağını silkələyə-silkələyə yarış döşəyini göstərirdi.

Nəhayət ara sakitləşdi və hakim döşək üzərinə çıxdı. Çarpışmanın ilk dəqiqəsində Cavanşir iki dəfə fənd işlətmək istəsə də, Levon əks fəndlə onu parter vəziyyətinə saldı. İki xal üstünlüyə malik olan rəqib bu uğuru qoruyub saxlamaq xatirinə döşəkdən qaçır, bununla da Cavanşiri hiddətləndirirdi.

Cavanşir ayaq üstə işləməyə üstünlük verir, rəqibini effektli fəndlə döşəməyə pərçimləmək istəyirdi. Üçüncü dəqiqədə nəhayət ki, dağlı balası podpolkovnikin oğlununun qollarını qoltuğu altında saxlaya bildi. Fəndin gözəl alınması üçün bu ətli, yumşaq qollardan daha möhkəm, daha yuxarıdan yapışmaq lazım idi.

Levon yorulmuşdu və ləhləyə-ləhləyə geri çəkilirdi. Cavanşir ildırım sürəti ilə arxaya qatlandı, sinəsi ilə təkan verib rəqibini başı üzərindən döşəyə çırpdı. "Suples" təmiz alınmışdı. Levonun qolları Cavanşirin qoltuqları arasında, kürəyi isə xalça üzərində idi. Ancaq hakim nədənsə fit vermir, aşağıda çapalayan erməninin körpü vəziyyətinə qalxmasını gözləyirdi. Hiddətindən gözlərinə qan sağımış Cavanşir dişlərini bir-birinə sıxaraq dəyirman daşı buğdanı necə əzirsə, o qaydada Levonu eşirdi.
Hər tərəfdən "dəydi!", "dəydi!" qışqırtıları eşidilirdi.
Nəhayət ki, hakim əlini döşəyə çırpıb, uzun-uzadı fit çaldı.

Başqaları qələbə qazananda süni hərəkətlərlə xalçanın üzərində atlanıb düşür, şit-şit bağırtılar qoparır, özünü məşqçinin qucağına atır. Cavanşir isə şahanə addımlarla gəlib xalçanın ortasında dayandı. Əlini qaldıraraq, qışqıran, halay çəkib "Ca-van-şir" deyən məhəllə uşaqlarını salamladı. O, özü ilə fəxr edirdi.

Final çarpışmasını da Cavanşir asanlıqla uddu.

Turnirin bağlanışında Muxtar Dadaşov dağlı balasına fəxri fərman təqdim edərkən, üzünü Soltanəli müəllimə tutub:
- Cavan bu dəfə lap şir kimi güləşdi. Bu templə davam etsə, iki ildən sonra dünya çempionatına gedə bilər. Amma hələlik qoy Moskvada özünü göstərsin. Bunu da sənə mən hədiyyə edirəm, - deyən Muxtar Dadaşov "Sovetskiy sport" qəzetinə bükdüyü bağlamanı Cavanşirin qoltuğuna soxdu. - Evdə açarsan, - pıçıl-dadı. - Bu, yarımfinal görüşünün hədiyyəsidir. Son qarşılaşmanın, finalın padərkəsini Moskvaya gedərkən alacaqsan.

Cavanşir çox səbrsiz oğlan idi. Muxtar Dadaşovun ona şəxsi hədiyyə verdiyini İkram da, Elşən də görmüşdü. Metroda hər ikisi bir neçə dəfə: "aç bükülünü, görək, qlavnıy sudya sənə nə bağışlayıb?" - deyə dəfələrlə üz vursalar da, Bakı çempionu başını yellətməklə "yox" işarəsi verir, "O boydana kişi xahiş elədi ki, evdə açım. Kişi gərək verdiyi sözə əməl eliyə", - deyirdi.

...Turnirdə iştirak edən uşaqların əksəriyyəti Gürcüstanın istehsal etdiyi güləşçi paltarında xalçaya çıxırdılar. Cavanşir isə hələ də Elşənin köhnə trikosunu geyinirdi.
Hədiyyə güləşçi trikosu idi.


Teqlər:  





Xəbər lenti