Sirli ölümlər: Lənkəranskinin dostları aradan götürülür? (ARAŞDIRMA)

Sirli ölümlər: Lənkəranskinin dostları aradan götürülür?  (ARAŞDIRMA)
  24 Dekabr 2016    Oxunub:160149
Dekabrın 9 -da, saat 5:00 radələrində Ələt-Astara magistralının rayonun Qumbaşı kəndi ərazisindən keçən hissəsində dəhşətli yol qəzası olub. Lənkəran şəhər sakini Mirhüseyn Mirəziz oğlu Ocaqovun idarə etdiyi “Opel-Astra” idarəetməni itirərək, yolun sağ tərəfində dayanmış “Qazel” ilə toqquşub. Daha sonra yolda hərəkətdə olan digər “Ford” markalı minik avtomobili qəzaya uğramış “Opel-Astra”ya çırpılıb.

“Opel-Astra”nın müxtəlif dərəcəli bədən xəsarətləri almış sərnişini, Lənkəran şəhər sakini, 32 yaşlı Anar Telman oğlu Rəhmanov və sürücüsü Mirhüseyn Ocaqov avtomobildən çıxarılaraq, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yola salınıb. Lakin Anar Rəhmanov yarı yolda dünyasını dəyişib. Onun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Mirhüseyn Ocaqovun vəziyyəti isə orta-ağır qiymətləndirilir. İlkin versiya kimi qəzanın yolun sürüşkən olması səbəbindən baş verdiyi bildirilir.

Bu hadisə ilə bağlı AzVision.az -a qəribə məlumatlar daxil olub. Bildirilir ki, qəza zamanı həyatını itirən mərhum Anar Rəhmanov Lənkəranda çox tanınmış, nüfuzlu bir gənc olub. O, bir neçə il həbsxanada məhkum həyatı yaşayıb. Bir müddət öncə isə azalığına qovuşub. O da bildirilir ki, mərhum Anar Rəhmanov bir neçə ay öncə İstanbulda öldürülən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin (Canıyev) yaxın “adamı” olub.



“Son vaxtlar Lənkəranda qəribə hadisələr baş verir. Lənkəranskinin yaxın adamları bir-bir yoxa çıxır, həbs olunur, bəziləri isə qəribə formada ölür. Bəlkə də Lənkəranskinin yaxın ətrafına qarşı kimlərsə əməliyyat keçirir. Anar Rəhmanov da tanınmış, hörməti olan bir gənc idi. Ona “Krıtı Anar” deyirdilər. Onu hər kəs Rövşənin yaxın adamı kimi tanıyırdı. O, təxminən 7-8 il həbdsə yatıb. Bu ilin iyun ayında isə azadlığa buraxılmışdı. Kriminal aləmdə də hörməti vardı. Onun ölümü çox müəmmalı şəkildə baş verdi. Bəlkə də bu, Rövşənin adamlarına qarşı hazırlanmış bir hadisədir”.

Mərhum Anar Rəhmanovun yas məclisində də hadisə ilə bağlı qəribə fikirlər səsləndirilib. Bildirilir ki, A.Rəhimovun olduğu “Opel-Astra”nın sürücüsü hadisədən sonra yoxa çıxıb: “Televiziyada sürücü Mirhüseyn Ocaqovun da ağır vəziyyətdə Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına gətirildiyi qeyd olunur. Halbuki, o, xəstəxanaya aparılmayıb. Hazırda heç kəs sürücünün yerini bilmir”.

Deyildiyinə görə, “Krıtı” Anarın üstündə olan pul, telefonları və bəzi əşyaları yoxa çıxıb. Onu da Rövşənin məzarının yaxınlığında, Kiçik Bazar qəbirstanlığına dəfn ediblər. Dəfndən bir neçə saat sonra qəbrstanlığa yad, əvvələr heç kəsin görmədiyi insanlar gəlib, ziyarət edib, gediblər. Onların “oğru aləmi”nin nümayəndələri olduğu söylənilir.

Lənkəran Şəhər Mərkəzi Xəstəxanasından AzVision.az -a hadisənin baş verdiyini təsdiqləyiblər: “Anar Rəhmanov xəstəxanaya gətirilən zaman artıq keçinmişdi. Morqa göndərdik. Həmin tarixidə xəstəxanamıza, qəbul şöbəsinə və yaxud reanimasiyaya heç kəs gətirilməyib”.



Lənkaran şəhər hüquq-mühafizə orqanları isə AzVision.az -a yalnız qəza faktını təsdiqləməklə kifayətləndilər.

Amma məsələ təkcə bununla bitmir. Dekabrın 21-də axşam saatlarında Lənkəran-Boradigah yolunun Masallının Türkoba kəndindən keçən hissəsində dəhşətli qətl hadisəsi törədilib. Lənkəran rayon sakini, 23 yaşlı Murad Əfqan oğlu Quluzadə 37 yaşlı Rusiya Federasiyası vətəndaşı İsmayılov Fariz Maşallah oğlunun sürdüyü avtomobilə avtomatla 10 dəfədən çox atəş açıb. Fariz İsmayılov hadisə yerindəcə keçinib. Hadisədən sonra M.Quluzadə könüllü şəkildə Lənkəran polis şöbəsinə gələrək, təslim olub və hadisəni törədərkən istifadə etdiyi "UZİ" markalı silahı, 7 ədəd gülləni təhvil verib. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan 25 ədəd giliz də aşkar edilərək, götürülüb.

Daha sonra məlum olub ki, qətlə yetirilmiş Fariz İsmayılov lənkəranlı kriminal avtoritet “Piter Elçin”in qardaşıdır. Bu ilin iyun ayında Sankt-Peterburqun “Sofiya” tərəvəz bazasında “Piter Elçin”in 43 yaşlı qardaşı Maarif İsmayılov da 27 yaşlı azərbaycanlı killer Emil Hüseynov tərəfindən güllələnərək, qətlə yetirilib.



23 dekabrda gecə saat 3 radələrində isə Hollandiyada yerləşən “Staay Food Group Holding” topdansatış tərəvəz bazarında insident baş verib. Silahlı naməlum şəxslər topdansatış meyvə bazasına hücum ediblər. Sözügedən tərəvəz bazasına çeçen əsilli "kriminal avtoritet", kriminal aləmdə Şeyx Həmzət adı ilə tanınan Həmzət Qastəmirov nəzarət edir. Onun Türkiyədə qətlə yetirilən ən azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) ortağı olduğu bildirilir. Lənkəranskinin ölümündən sonra ona məxsus bəzi obyeklərə rəhbərlik edir.

Hücum zamanı "kriminal avtoritet"in əsas cangüdənlərindən biri yaralanıb. Silahlı şəxslər də xəsarət alıblar. Hadisə yerinə gələn Amsterdam polisi "kriminal avtoritet"ə silahlı hücum edən iki nəfəri saxlayıb. Onların 30-35 yaşlarında olan azərbaycanlı və çeçen olduqları bildirilir.

Bu ilin oktyabr ayının ikinci həftəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Seyfəddin Muradovda “Makarov” tipli tapança, 1 ədəd patron darağı və 8 ədəd patron aşkarlanaraq, götürülmüşdü. Mediada Seyfəddin Muradov Lənkəranın “palajeniyasına baxan şəxs” kimi təqdim edilib. Onun da Rövşən Lənkəranskinin (Canıyev) yaxın adamı olduğu bildirilir.



Daha bir həbs xəbəri isə ölkə xaricindən - yəni Rusiyanın Tula şəhərindən gəlib. Belə ki, şəhər polisinin keçirdiyi əməliyyat zamanı 2 “qanuni oğru” saxlanılıb. Saxlanılan şəxslər Lyoşa Tulski və Roman Barindir. Onlar da Rövşən Lənkəranskiyə yaxın şəxslər kimi tanınıblar. L.Tulski R.Lənkəranski tərəfindən Tula bazarına nəzarətçi (“smotryaşiy”) təyin edilibmiş. Onların üzərində 2 ədəd tapança və narkotik vasitə aşkar edilib.

Kriminal aləmdə “Hacı Beyləqanski” kimi tanınan “qanuni oğru” Hacıbaba Talıbxanlı isə bir neçə ay öncə Türkiyədə həbs edilib. Rövşən Canıyevin “sağ əli” sayılan Hacı Beyləqanski Lənkəranskinin qətlində şübhəli bilinərək, Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bir müddət öncə isə azadlığa buraxılıb.

“Rosbalt” agentliyinin bir müddət əvvəl yaydığı məlumata görə isə, Rövşən Lənkəranskinin öldürülməsində məqsəd Moskvada güllələnən “göyərti kralı” Canpolad Şamiloğlunun qisasını almaq olub. Mənbənin məlumatına görə, Rövşən Canıyev İstanbulda öldürüldükdən sonra Rusiya xəfiyyələri qətlin yaxından araşdırılmasına başlayıblar. Məlum olub ki, “göyərti kralı”nın öldürülməsinə iki killer cəlb olunub və həmin şəxslər Lənkaranskinin klanının üzvü olublar.

Bundan başqa, gizli agentlər onu da aydınlaşdırıblar ki, “göyərti kralı” Canpoladın öldürüləməsini Lənkəranski şəxsən tapşırıbmış. Canpolad Şamiloğlu qətlə yetirildikdən sonra onun qohumları və tərəfdarları Rövşən Lənkəranskiyə qarşı “qan intiqamını” elan edərək, barəsində ölüm hökmü çıxarıblar. Hökmün icrası deyəsən, hələ də davam edir.

Hafiz Əhmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti