Azərbaycan ABŞ-a bu silahları satır - FOTOLAR (VİDEOXƏBƏR)

Azərbaycan ABŞ-a bu silahları satır - FOTOLAR (VİDEOXƏBƏR)
  19 Dekabr 2016    Oxunub:58999
Ötən həftə müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə maraqlı açıqlama verib. Nazir bildirib ki, Azərbaycan bir çox ölkələrə, o cümlədən Amerikaya silah satır. Bu xəbər ölkə miqyasında böyük rezonans doğurdu. İnsanları Azərbaycanın ABŞ-a hansı silahları satması maraqlandırır.

Hərbi ekspert Rəşad Süleymanov AzVision.az-a açıqlamasında bildirib ki, Azərbaycan 2013-cü ildən başlayaraq xarici ölkələrə silah və sursatların ixracını həyata keçirir.

Ekspertin sözlərinə görə, xaricə ixrac 2013-cü ildə 123 milyon dollarlıq, sonraki ildə isə təxminən bundan 10 milyon dollar az olub: “2016-cı il üçün ixracat rəqəmləri 120 milyon dollardan çox olub. Azərbaycan Türkiyə, Rusiya, Belarus, Cənubi Koreya, Cənubi-Şərqi Asiyanın bir neçə ölkəsinə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ), Pakistan və Amerika Birləşmiş Ştatlarına (ABŞ) silah ixrac edir”.



R.Süleymanov qeyd edib ki, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və Amerika şirkətləri arasında Azərbaycan istehsalı olan döyüş sursatlarının ixracına dair ilk müqavilə İordaniyada Xüsusi Təyinatlı Qüvvələrin sərgisində imzalanıb: “Sonrakı illərdə kiçik həcmli layihələr əhəmiyyətli bir rəqəmə çevrilib. ABŞ-a ixrac 2013-cü ildən başlanıb. Azərbaycan Amerika Birləşmiş Ştatlarına (ABŞ) əl qumbaraatanları, minaatanlar, minaatanlar üçün döyüş sursatları, bəzi optik cihazların ixracını həyata keçirir. ABŞ şirkətlərindən birinin nümayəndəsi sursatların testlərindən sonra çox məmnun qaldığını bildirmişdi. Qeyd etmişdi ki, Azərbaycanın istehsal etdiyi RPG-7V-2 əl qumbaraatanları öz keyfiyyətinə görə Bolqarıstanın “Arsenal” şirkətinin istehsal etdiyi bu tip silahlardan daha üstündür. Halbuki Bolqarıstan NATO ölkəsidir və onun ixracı daha asan ola bilərdi. Həmin nümayəndə Azərbaycanın istehsal etdiyi əl qumbaraatanın öz imkanlarına və funksiyalarına görə daha mükəmməl olduğunu söylədi. ABŞ həmçinin bəzi ölkələrin təchizatçısı rolunda çıxış edir. Həmin alınan silahların bir hissəsi ABŞ-da qalır, müəyyən hissəsi müttəfiq ölkəyə satılır. İxracat ABŞ-ın adına gerçəkləşdirilir”.

Hərbi ekspert vurğulayıb ki, Azərbaycan qonşu Rusiyaya “Hava-hava” tipli dördüncü nəsil aviasiya raketlərini ixracını həyata keçirir: “Rusiyanın sualtı gəmilərində Azərbaycan istehsalı olan 10-a qədər mühüm cihazdan istifadə edilir. 2016-cı ildə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyi Rusiya kosmik qoşunlarından kosmik gəmilərdə istifadə olunan sərfölçən deyilən avadanlığın ixracına dair sifarişlər alıb. Bu cihaz yanacaq sistemə nəzarət edir”.





Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti