Strateji Xəritədəki Yolu kimlərlə gedəcəyik? – TƏHLİL

Strateji Xəritədəki Yolu kimlərlə gedəcəyik? – TƏHLİL
  12 Dekabr 2016    Oxunub:5829
Azərbaycanın milli iqtisadiyyatının perspektivilə bağlı qəbul edilmiş Strateji Yol Xəritəsinin reallaşdırılması üçün ümumilikdə 27 milyard manat investisiya tələb olunur. Təbii ki, belə böyük iqtisadi planın həyata keçirilməsi, postneft ölkəsinə çevrilmək üçün tələb olunan kapital həm dövlət, həm də xaricidən cəlb olunan investisiyaların hesabına ödəniləcək.

Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası bu mənbələr hesabına maliyyələşdiriləcək:
- dövlət büdcəsi;
- büdcədənkənar fondlar;
- sahibkarlığa Kömək Milli Fondunun vəsaiti;
- yerli büdcələr;
- mülkiyyət formasından asılı olmayaraq yerli idarə, müəssisə və təşkilatların vəsaitləri;
- birbaşa xarici investisiyalar;
- ölkənin bank sisteminin kreditləri və qrantlar;
- beynəlxalq təşkilatların və xarici dövlətlərin kreditləri, texniki və maliyyə yardımı;
- qanunvericiliklə qadağan olunmayan digər mənbələr.


Strateji xətlərdən də aydın görünür ki, bu plan Azərbaycan iqtisadiyyatında, xüsusən də qeyri-neft sektorunun inkişafında dinamika yarada, yeni iqtisadi inkişaf trendində ciddi bazis rolunu oynaya bilər.

Plana görə, Azərbaycanda fiskal dayanıqlılıq təmin ediləcək və monetar siyasət üzən məzənnə rejimi üzərində qurulacaq. Fiskal və monetar siyasətlərin uzlaşdırılması makroiqtisadi sabitliyi təmin edəcək.

Bəs, fiskal dayanıqlığın mahiyyəti nədir?

Beynəlxalq Valyuta Fondunun ekspertlərinin verdiyi tərifə görə, dayanıqlıq - makroiqtisadi siyasətin öz vəziyyətini böhranın təhlükəsindən qorumaq qabiliyyətidir. Rus alimi S.A.Vaslovun fikrincə, “dayanıqlıq” dedikdə hazırkı nəslin ehtiyaclarının ödənilməsinin gələcək nəsillərin ehtiyaclarının ödənilməsinə neqativ təsir göstərməməsi başa düşülür. Əsas məqsəd təbii resurdan əldə edilən gəlirlərin rasional istifadəsi və bu vəsaitlərdən gələcək nəsillərin də yararlanmaq imkanlarının təmin edilməsidir. Bu mənada, ÜDM-in və fiskal sektorun qeyri-təbii resurs (qeyri-neft) sektorlarına bölünməsi zəruridir. Fiskal dayanıqlığın digər fiskal konsepsiyalarla qarşılıqlı əlaqəsi sxemi makrofiskal çərçivənin müəyyənləşdirilməsi, habelə hökumətin uzunmüddətli sosial-iqtisadi hədəflərinin reallaşdırılması baxımından vacibdir.

Strateji Yol Xəritəsi və birbaşa xarici investisiyalar

Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası üçün qeyd olunmuş maliyyə mənbələrindən `birbaşa xarici investisiyalar` bəndinə ayrıca toxunmağa ehtiyac var. Yol Xəritəsinin icrası üçün xarici kapital əhəmiyyətli rola malik ola bilər. Xarici kapitalın bu strateji planda iştirakı Azərbaycan iqtisadiyyatı üçün böyük perspektivlər açacaq. Nəzərə alsaq ki, son illərdə Azərbaycana yatırılan xarici kapital xeyli artıb, o zaman Strateji Yol Xəritəsinin uğurla reallaşması üçün imkanlar yaranır.

2016-cı ilin sentyabr ayına dair rəsmi statistikaya görə, 2015-ci illə müqayisədə ölkə iqtisadiyyatına qoyulan xarici kapitalın həcmində 24,6% artım müşahidə olunub. Ümumiyyətlə isə, 2016-cı ilin yanvar-avqust aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 5 575,1 mln. manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 4 848,7 mln. manatı Birləşmiş Krallığın payına düşür, digər yerlərdə Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.

Son illərdə Azərbaycanın investisiya mühiti ilə, eləcə də imkanları ilə çox yaxından maraqlanan (xüsusən kənd təsərrüfatı) ölkələrdən biri də Niderlanddır. Həmin ölkənin Azərbaycana sərmaye qoymaqda maraqlı olduqları ölkəyə edilən səfərlərdən, dövlət başçısı ilə keçirilən görüşlərdən, həmçinin Hollandiyanın bir neçə səfirinin açıqlamalarından da aydın sezmək olur.

Hollandiyanın Azərbaycandakı səfiri R.Qabrielse (keçmiş səfir) 2016-ci ilin iyun ayında açıqlamasında qeyd etmişdi ki, onun ölkəsi Azərbaycanın qeyri-neft sektoruna maliyyə yatıran 4-cü ən böyük investordur. Niderlandın Azərbaycanda kənd təsərrüfatı, ekologiya və s. sahələrdə fəaliyyət göstərən xeyli sayda şirkəti var və Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində çox maraqlıdır.

Niderlandın yeni səfirinin də açıqlamalarından aydın görünür ki, bu ölkə Azərbaycana yatırdığı kapitalın miqdarını artırmaqda maraqlıdır. Belə ki, Azərbaycana yeni səfir təyin olunmuş səfir Onno Kerversin oktyabr ayında verdiyi müsahibələrinin birində vurğlamışdır: "Biz iqtisadiyyatın şaxələndirilməsində Azərbaycanla birgə işləmək istərdik. Onu dəqiq bilirəm ki, Hollandiya daha sıx iqtisadi əlaqələrin yaradılmasında, ticarət və kommersiya fəaliyyətinin artımında maraqlıdır. Bu məsələləri Bakıdakı fəaliyyətimin önəmli vəzifələri olaraq görürəm".

Bütün bunların fonunda oktyabr ayında Azərbaycan ilə Hollandiya arasında kənd təsərrüfatına dair anlaşma memorandumu imzalanıb və bundan sonra aqrar sektorun inkişafı ilə bağlı müxtəlif birgə iqtisadi layihələr reallaşdırılacaq. Bu razılaşma əsasında həm də Azərbaycana xarici investisiya cəlb olunacaq.

Daha kimlər var?

Azərbaycanla dərman istehsalı sahəsində əməkdaşlığı gücləndirən və bu sahəyə daha çox investisiya yatırmağı planlaşdıran ölkələrdən biri də İrandır.
İran Sosial Müdafiə Təşkilatının dərman istehsalı üzrə şirkətinin (TPCO) Azərbaycanda müəssisəsi açılacağı barədə məlumat hələ oktyabr ayında üzə çıxmışdı.

Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olan ölkərdən digəri Hindistandır. Hindistan xarici işlər nazirinin müavini Sucata Mehta 2016-cı ilin iyul ayında Azərbaycana etdiyi səfər zamanı Hindistan və Rusiya arasında Azərbaycan ərazisindən keçməklə nəqliyyat dəhlizinin açılmasının vacibliyini qeyd etmişdi. Şübhəsiz ki, söhbət "Şimal-Cənub Nəqliyyat Dənhlizindən gedir. Bu beynəlxalq layihədə Azərbaycanın rolu və fəallığı gözönündədir. Bu layihədən də ölkəyə ciddi maliyyə axını baş verəcək.

Pakistan da Azərbaycanın vacib iqtisadi tərəfdaşıdır. Pakistan sərmayeli Azərbaycanda düz 127 şirkəti fəaliyyət göstərir. Pakistanla Azərbaycan arasında imzalanmış sənədlərin 12-si iqtisadi sənəddir. Pirallahı Sənaye Parkında tikilən dərman istehsalı zavoduna Pakistan da kapital yatırmaqda maraqlıdır. Pakistannın ticarət naziri Xürrəm Dastgir Xan Azərbaycana səfəri zamanı bildirmişdir ki, ticarət və investisiya sahəsində əməkdaşlıq, kənd təsərrüfatı avadanlıqlarının istehsalı, əczaçılıq və toxuculuq sahələrində birgə müəssisələrin yaradılması üçün imkanlar var.

Azərbaycanla olan iqtisadi əlaqələrini daha da gücləndirməyə can atan ölkələrdən daqha biri Almaniyadır. Bu ölkənin 2016-cı ilin avqust ayından Azərbaycana akreditə olunmuş səfiri Mixail Kindsqrabın fikirləri diqqət çəkir. O, bildirir ki, Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm ticarət tərəfdaşı olaraq qalır və Almaniya şirkətləri iqtisadiyyatın yenidən canlandırılması üçün Azərbaycanla geniş əməkdaşlığa hazırdır.

Səfir onu da əlavə edir ki, Azərbaycanda planlaşdırılan iqtisadi islahatlara alman şirkətlərinin daha çox cəlb olunması üçün unikal bir potensialın olduğunu hesab edirəm. Almaniya xüsusən istehsal və emal müəssisələri daxil olmaqla, dünyada özünün kiçik və orta şirkətləri ilə çox məşhurdur. Bu şirkətlər Azərbaycanı iqtisadiyyatın diversifikasiyası siyasəti istiqamətində dəstəkləməkdə vacib rol oynaya bilərlər.

Ümumiyyətlə, Almaniya Federal İqtisadi Məsələlər və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru Ekard Franzın başçılıq etdiyi Ticarət və İnvestisiya üzrə Yüksək Səviyyəli İşçi Qrupunun Azərbaycana səfəri artıq alman kapitalının Azərbaycana artan marağından xəbər verir.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti